Qanunvericilik › Kredit büroları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. Məlumat təchizatçıları

Kredit büroları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

12.1. Kredit təşkilatları kredit tarixçələrini təşkil edən məlumatı fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim etməlidirlər.

* (12.1-ci maddəyə Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 413-VIIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik 2026-cı il dekabr 25-dən qüvvəyə minir.)

12.2. Kredit tarixçələrini təşkil edən məlumatı kredit bürolarına aşağıdakılar təqdim edə bilərlər:

12.2.1. sığortaçılar, təkrarsığortaçılar, lizinq müqaviləsinin subyekti olan lizinq verən və faktorinq müqaviləsinin subyekti olan faktorlar;

* (12.2.1-ci maddəyə Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 413-VIIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik 2026-cı il dekabr 25-dən qüvvəyə minir.)

12.2.2. Mərkəzi Bank (“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü, 54.3-cü və 54.3-1-ci maddələrində nəzərdə tutulmuş hallarda);

12.2.3. nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;

12.2.4. mobil telefon operatorları;

12.2.5. kommunal xidmətləri (soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatı) göstərən müəssisələr;

12.2.6. kredit bürosunu fərdi məlumatlarla təchiz edən digər subyektlər (o cümlədən pozitiv məlumat verərkən bu Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş məlumat təchizatçıları).

12.3. Aşağıdakılar kredit tarixçələrini təşkil edən neqativ məlumatı bu Qanunun 17.5-ci maddəsində müəyyən edilmiş qaydada təqdim edirlər:

12.3.1. müvafiq icra hakimiyyəti orqanı, məhkəmələr (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarının icrası üzrə tədbirləri özləri keçirdikdə), notariuslar və məcburi icra orqanları;

12.3.2. Mərkəzi Bank və Azərbaycan Respublikasının Audiovizual Şurası (baxdıqları inzibati xətalar haqqında işlər üzrə bu Qanunun 16.1.10-cu və 16.1.11-ci maddələrində nəzərdə tutulmuş məlumatlar barədə).

12.4. Məlumat təchizatçıları aşağıdakı vəzifələri daşıyırlar:

12.4.1. barəsində neqativ və pozitiv məlumatlar təqdim ediləcək kredit tarixçəsi subyektinin razılığını almaq (bu Qanunun 12.2.4-cü və 12.2.5-ci maddələrində nəzərdə tutulmuş məlumat təchizatçıları tərəfindən və bu Qanunun 23.2-ci maddəsində nəzərdə tutulmuş halda məlumatların, 12.3-cü maddəsində nəzərdə tutulmuş məlumat təchizatçıları tərəfindən neqativ məlumatların təqdim edilmə halları istisna olmaqla), onların saxlanmasını təmin etmək və uçotunu aparmaq;

12.4.2. kredit tarixçəsinin subyekti haqqında düzgün məlumat təqdim etmək;

12.4.3. kredit tarixçəsinin subyektinə məlumatın təqdim ediləcəyi kredit bürosu haqqında məlumatı (adı, ünvanı və digər zəruri rekvizitləri) vermək (bu Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş məlumat təchizatçıları istisna olmaqla);

12.4.4. kredit tarixçəsinin subyektinə kredit tarixçələri ilə bağlı hüquqları barədə məlumatı yazılı şəkildə təqdim etmək (bu Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş məlumat təchizatçıları istisna olmaqla);

12.4.5. təqdim edilmiş məlumatın kredit bürosunun və kredit tarixçəsi subyektinin tələbi ilə dürüstlüyünü yoxlamaq və müvafiq düzəlişlər etmək;

12.4.6. bu Qanunun 12.4.1-ci maddəsinə uyğun olaraq kredit tarixçəsi subyektinin razılığının alınması faktını kredit bürosu üçün bu Qanunun 15.7-ci maddəsində müəyyən edilmiş qaydada təsdiq etmək;

12.4.7. bu Qanunun 17.3-cü maddəsində nəzərdə tutulmuş halda müvafiq məlumatı vaxtında kredit bürosuna təqdim etmək.

12.5. Bu Qanunun 12.1-ci və 12.2-ci (12.2.4-cü və 12.2.5-ci maddələri istisna olmaqla) maddələrində nəzərdə tutulmuş məlumat təchizatçıları kredit tarixçəsinin subyekti barədə neqativ və pozitiv məlumatları onun razılığını almaqla (bu Qanunun 23.2-ci maddəsində nəzərdə tutulmuş halda istisna olmaqla) kredit bürosuna təqdim edirlər. Bu Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş məlumat təchizatçıları kredit tarixçəsinin subyekti barədə neqativ məlumatları onun razılığını almadan EHİS-də yerləşdirirlər. Kredit bürosu neqativ məlumatı qəbul etməyə borcludur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver