Kütləvi informasiya vasitələri məhsullarının illik satışından redaksiyaların əldə etdikləri mənfəətdən ödədikləri verginin (reklam gəlirləri istisna olmaqla) miqdarının müəyyənləşdirilməsi və üç il ərzində bu vəsaitin hər il dövlət büdcəsindən redaksiyalara ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli, 542 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Kütləvi informasiya vasitələri məhsullarının illik satışından redaksiyaların əldə etdikləri mənfəətdən ödədikləri verginin (reklam gəlirləri istisna olmaqla) miqdarının müəyyənləşdirilməsi və üç il ərzində bu vəsaitin hər il dövlət büdcəsindən redaksiyalara ödənilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 9 avqust 2002-ci il № 127
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2002-ci il 9 avqust tarixli, 127 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR
Kütləvi informasiya vasitələri məhsullarının illik satışından redaksiyaların əldə etdikləri mənfəətdən ödədikləri verginin (reklam gəlirləri istisna olmaqla) miqdarının müəyyənləşdirilməsi və üç il ərzində bu vəsaitin hər il dövlət büdcəsindən redaksiyalara ödənilməsi QAYDALARI
1. Bu Qaydalar "Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli, 542 nömrəli Fərmanının icrası məqsədi ilə hazırlanmışdır və kütləvi informasiya vasitələri məhsullarının illik satışından redaksiyaların əldə etdikləri mənfəətdən (reklam gəlirləri istisna olmaqla) ödədikləri verginin miqdarının müəyyənləşdirilməsi və üç il ərzində bu vəsaitin hər il dövlət büdcəsindən redaksiylara ödənilməsi mexanizmini müəyyən edir.
2. Kütləvi informasiya vasitələri məhsullarının illik satışından redaksiyaların əldə etdikləri mənfəətdən (reklam gəlirləri istisna olmaqla) ödədikləri vergi dedikdə yalnız 2001-ci il üçün redaksiyaların bu fəaliyyətdən əldə etdikləri mənfəətdən (reklam gəlirləri istisna olmaqla) ödədikləri vergi başa düşülür.
3. Redaksiyalar kütləvi informasiya vasitələri məhsullarının illik satışından əldə etdikləri mənfəətdən (reklam gəlirləri istisna olmaqla) ödədikləri verginin qaytarılması üçün 2002-ci il sentyabr ayının 15-dək müvafiq vergi orqanlarına ərizə ilə müraciət etməlidirlər. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), bank rekvizitləri, 2001-ci il üçün kütləvi informasiya vasitələri məhsullarının illik satışından redaksiyaların əldə etdikləri mənfəətdən (reklam gəlirləri istisna olmaqla) ödədikləri verginin məbləği və ödəmə tarixləri göstərilməlidir.
4. Vergi orqanları redaksiyaların müraciətləri əsasında onlar tərəfindən kütləvi informasiya vasitələri məhsullarının illik satışından əldə etdikləri mənfəətdən (reklam gəlirləri istisna olmaqla) ödədikləri verginin məbləğini vergi yoxlaması keçirməklə dəqiqləşdirirlər.
5. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yerli vergi orqanlarından alınmış məlumatlar əsasında bu Qaydalara əlavə olunmuş formada redaksiyalar tərəfindən kütləvi informasiya vasitələri məhsullarının illik satışından redaksiyaların əldə etdikləri mənfəətdən (reklam gəlirləri istisna olmaqla) ödədikləri verginin məbləğini ümumiləşdirərək, 20 gün müddətində müvafiq məmulatları Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.
6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi alınmış məmulatlar əsasında növbəti üç ilə dövlət büdcəsinin xərclərində, hər il üzrə bərabər məbləğlər olmaqla, qeyd olunan redaksiyalara vəsaitin qaytarılmasını nəzərdə tutur.
7. Redaksiya vəsaitlərinin qaytarılması dövlət büdcəsinin icrası zamanı təmin olunur.
Kütləvi informasiya vasitələri məhsullarının 2001-ci il üçün satışından əldə olunmuş mənfəətdən
ödənilmiş mənfəət vergisinin redaksiyalara qaytarılması barədə hesabat forması
İşlər müdiri A.Hacıyev