2.0. Bu Qanımda istifadə olunan əsas anlayışlar aşağıdakılardır:
2.0.1. lotereya - lotereya təşkilatçısı tərəfindən lotereya biletlərinin yayılması, lotereya iştirakçıları arasında uduş fondunun (virtual lotereya istisna olmaqla) oynanılması və uduşlu lotereya biletlərinin sahiblərinə uduşların verilməsi (ödənilməsi) yolu ilə keçirilən kütləvi oyun;
2.0.2. stimullaşdırıcı lotereya - malın (işin, xidmətin) satışını stimullaşdırmaq məqsədilə həmin malı (işi, xidməti) almış şəxslər arasında keçirilən lotereya;
2.0.3. tirajlı lotereya - uduş fondu əvvəlcədən təyin edilmiş vaxtda oynanılan lotereyanın keçirilməsi forması;
2.0.4. ani lotereya - uduşu lotereyanın iştirakçısı tərəfindən lotereyada iştirak hüququnu təsbit edən lotereya bileti əldə etdikdən dərhal sonra digər lotereya iştirakçılarından asılı olmadan müəyyən olunan lotereyanın keçirilməsi forması;
2.0.5. məqsədli lotereya – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə mədəniyyət, sosial, səhiyyə, idman, təhsil və digər dövlət əhəmiyyətli layihələrin maliyyələşdirilməsi məqsədilə keçirilən lotereya forması;
2.0.6. uduş fondu – virtual lotereya istisna olmaqla, lotereyanın şərtlərinə uyğun lotereya təşkilatçısının uduş fonduna qoyduğu və geri götürə bildiyi əlavə vəsait də daxil olmaqla, lotereyada oynanılan və uduş şəklində ödənilməsi nəzərdə tutulan pul vəsaitlərinin və ya verilməsi nəzərdə tutulan digər əmlakın (əşyanın) və ya göstərilməsi nəzərdə tutulan xidmətlərin (işlərin) məcmusu (dəyəri);
2.0.7. uduş fondunun oynanılması - lotereyanın şərtlərinə uyğun, lotereya biletinin uduşlu olub-olmamasının təsadüf prinsipi əsasında müəyyənləşdirildiyi və uduş fondunun müəyyən hissəsinə mülkiyyət hüququnun yarandığı proses;
2.0.8. uduş – lotereyanın şərtlərinə əsasən uduşlu hesab edilən lotereya biletinin sahibinə ödənilməli olan pul vəsaiti və ya verilməli olan digər əmlak (əşya) və ya göstərilməli olan xidmətlər (işlər);
2.0.9. lotereya bileti - lotereyada iştirak hüququ verən, uduşlu olduğu halda uduş fondunun müəyyən hissəsinə və (və ya) uduşa mülkiyyət hüququnu təsdiq edən sənəd, ona bərabər tutulan digər məlumat daşıyıcısı və ya elektron kod;
2.0.10. lotereya təşkilatçısı - öz adından və ya digər şəxsin tapşırığı ilə lotereyanı təşkil edən və keçirən hüquqi şəxs;
2.0.11. lotereya iştirakçısı - 18 yaşına çatmış, könüllü şəkildə lotereyada iştirak edən lotereya biletinin sahibi;
2.0.12. stimullaşdırıcı lotereyanın obyekti - satışı stimullaşdırıcı lotereya ilə müşayiət olunan mal (iş, xidmət);
2.0.13. tiraj komissiyası - tirajlı lotereyada uduş fondunun oynanılmasının lotereyanın şərtlərinə uyğun keçirilməsinə nəzarət edən və onun nəticələrini rəsmiləşdirən fiziki şəxslər qrupu;
2.0.14. lotereyanın şərtləri - lotereya təşkilatçısı tərəfindən tərtib edilmiş, lotereyanın təşkili və keçirilməsi ilə bağlı məlumatlan əks etdirən sənəd;
2.0.15. səlahiyyətli orqan – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);
2.0.16. elektron lotereya – lotereya iştirakçıları arasında uduş fondunun lotereya terminalları və ya virtual mühit vasitəsilə oynanılması həyata keçirilən lotereya;
2.0.16-1. virtual lotereya – uduşlu lotereya biletlərinin sahiblərinə uduşların təqdim edilməsi ilə müşayiət olunan və (və ya) mərc imkanları yaradan, kompüter alqoritmləri vasitəsilə keçmişdə baş vermiş real idman və digər yarışlar sırasından seçilmiş yarışlar əsasında və (və ya) kompüter alqoritmləri vasitəsilə simulyasiya edilən və ya yaradılan lotereya forması;
2.0.17. vətəndaş qüsursuzluğu – mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və xüsusilə ağır cinayətlərə görə məhkumluğun olmaması, müvafiq vəzifəni tutmasına və ya peşə fəaliyyəti ilə məşğul olmağına məhkəmə qərarı ilə qoyulmuş qadağanın olmaması;
2.0.18. virtual mühit – lotereya təşkilatçısının lotereyaların oynanılması üçün yaratdığı telekommunikasiya şəbəkələri, informasiya sistemləri və şəbəkələri, informasiya-telekommunikasiya şəbəkələri, o cümlədən internet şəbəkəsi, mobil rabitə şəbəkələri, sosial media platformaları, digər elektron rabitə vasitələri, internet və mobil telekommunikasiya tətbiqləri, habelə digər texnologiyalara əsaslanan platformalar;
2.0.19. lotereya terminalları – özünəxidmət terminalları, avtomatlaşdırılmış köşklər və lotereya oynanılmasına və (və ya) satışına imkan yaradan istənilən digər texnoloji vasitələr;
2.0.20. lotereya biletlərinin satıcısı – lotereya təşkilatçısı ilə bağlanmış müqaviləyə əsasən fəaliyyət göstərən və lotereya biletlərinin satışını bilavasitə, lotereya terminalları və ya virtul mühit vasitəsilə həyata keçirən şəxs.