Qanunvericilik › Lotereyalar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4

Maddə 4. Lotereyanın şərtləri

Lotereyalar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

4.1. Lotereyanın şərtlərində aşağıdakılar göstərilir:

4.1.1. lotereya təşkilatçısı haqqında məlumat;

4.1.2. lotereyanın adı və forması;

4.1.3. lotereyanın keçirilməsi müddəti;

4.1.4. lotereyanın keçirildiyi ərazi;

4.1.5. lotereya biletinin sənəd, ona bərabər tutulan məlumat daşıyıcıları və ya elektron kod formasında olması və onların əldə edilməsi qaydaları haqqında məlumat;

4.1.6. lotereyanın uduş fondu haqqında (əgər tətbiq olunursa);

4.1.7. lotereyanın oynanılması və uduşun müəyyən edilməsi qaydaları haqqında məlumat;

4.1.8. uduşlu lotereya biletlərinin lotereya təşkilatçısı tərəfindən qəbulu (elektron biletlər üzrə təsdiqi) və uduşların verilməsi (ödənilməsi) müddəti və qaydası haqqında məlumat.

4.1.9. bu Qanunun 4.3-cü maddəsi ilə müəyyən edilmiş hallarda qeyri-pul uduşlarının pul dəyəri haqqında məlumat;

4.1.10. lotereya təşkilatçısı tərəfindən uduş fonduna əlavə vəsaitin qoyulmasının və həmin vəsaitin udulmamış hissəsinin geri götürülməsinin mümkün olub-olmaması haqqında məlumat.

4.1-1. Lotereya təşkilatçısı qanunla qadağan edilməyən digər məlumatları lotereyanın şərtlərinə daxil edə bilər.

4.2. Tirajlı lotereyanın (stimullaşdırıcı lotereyalar istisna olmaqla) şərtlərində lotereyanın uduş fondunun məbləğinin satılmış lotereya biletlərinin miqdarından asılı olaraq müəyyən edilməsi və ya uduş fondunun təsbit edilmiş məbləği göstərilməlidir. Uduş fondunun məbləği satılmış lotereya biletlərinin miqdarından asılı olaraq müəyyənləşdirildikdə, uduş fondunun satılmış lotereya biletlərinin ümumi məbləğinə faiz nisbətinin aşağı həddi göstərilməlidir. Lotereyanın şərtlərində lotereyanın uduş fondunun ümumi məbləği göstərildiyi halda, hər uduşun adı, miqdarı və dəyəri (qiyməti) göstərilməlidir.

4.3. Lotereyanın şərtlərində nəzərdə tutulduğu halda lotereya iştirakçısının tələbi ilə qeyri-pul uduşlarının əvəzinə onların pul ekvivalentinin ödənilməsinə yol verilir.

4.4. Tirajlı lotereyanın təşkilatçısı uduş fonduna daxil edilmiş malların, stimullaşdırıcı lotereyanın təşkilatçısı isə lotereya obyektinin keyfiyyətinə görə cavabdehdir.

4.5. Stimullaşdırıcı lotereyada iştirak etmək üçün lotereya obyektinin qiymətindən əlavə haqqın alınmasına yol verilmir. Stimullaşdırıcı lotereyalar yalnız tirajlı formada keçirilir.

4.6. Məqsədli lotereyanın şərtlərində lotereyanın keçirilməsi barədə səlahiyyətli orqanın qərarı və maliyyələşdirilən dövlət əhəmiyyətli layihə haqqında məlumat verilməlidir.

4.7. Lotereya təşkilatçısı lotereyanın şərtlərini media ilə lotereya biletlərinin satışına başlamazdan əvvəl elan etməlidir.

4.8. Lotereyanın şərtlərinə əlavə və dəyişikliklərin edilməsinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada səlahiyyətli orqanın icazəsi ilə yol verilir.

4.9. Lotereyanın şərtlərində dəyişiklik edilməsi üçün lotereya təşkilatçısı dəyişilmiş şərtlərlə keçiriləcək ilk oyun tarixinə azı 7 (yeddi) iş günü qalmış səlahiyyətli orqana müraciət edir. Lotereyanın şərtlərində dəyişiklik edilməsi ilə bağlı müraciət səlahiyyətli orqana daxil olduğu gün qeydiyyata alınır və həmin tarixdən etibarən 3 (üç) iş günündən gec olmayaraq, səlahiyyətli orqan dəyişikliklər edilməsinə icazənin verilməsi və ya bundan imtina edilməsi barədə qərar qəbul edir. Lotereyanın şərtlərində dəyişiklik edilməsinə razılıq verilməsi və ya bundan imtina edilməsi barədə qərar lotereya təşkilatçısına təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

4.10. Lotereyanın şərtlərinə lotereya iştirakçılarının hüquqlarını məhdudlaşdıran, lotereyanın formasının dəyişilməsinə təsir göstərən, uduş fondunun tərkibini dəyişən və ya onun həcmini azaldan əlavə və dəyişikliklər edilə bilməz.

4.11. Lotereya təşkilatçısı lotereyanın şərtlərinə edilmiş əlavələr və (və ya) dəyişikliklər haqqında məlumatı lotereyanın oynanılması tarixinə azı 3 (üç) iş günü qalmış media ilə elan etməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver