1.1. Bu qaydaların tələbləri Azərbaycan Respublikasının ərazisində yerləşən magistral neft kəmərlərinin obyektlərində (beynəlxalq sazişlərlə müəyyən olunmuş obyektlər istisna olunmaqla) neft nəqli ilə bağlı fəaliyyət göstərən hüquqi şəxslər üçün məcburidir.
1.2. Bu Qaydaların şamil edildiyi magistral boru kəmərlərinə aşağıdakılar daxildir:
- lupinq və qollardan ibarət kəmər (mədəndən çıxan və hazır məhsulu uzaq məsafəyə ötürən), bağlayıcı armaturlar, təbii və süni maneələrdən keçən, neftvurma stansiyalarına qoşulan qovşaq vasitələri, neftin nəql edilməsi üçün nəzərdə tutulan kompleksli avadanlıqlarla təchiz edilən yeraltı, torpaqüstü və yerüstü xətti hissə, metanolu daxil edən qurğularla birlikdə boru kəmərləri;
- kəmərin elektrokimyəvi korroziyadan mühafizə qurğusu, texnoloji rabitə xətləri və qurğuları, kəmərin telemexaniki vasitələri;
- kəmərin istismarına, elektrokimyəvi mühafizə və elektrik qüvvəsi ilə təchiz edilmə qurğusuna, bağlayıcı armaturların uzaqdan idarə edilməsinə nəzərdə tutulan elektrik ötürücü xətləri;
- kəmərin korroziyaya qarşı mühafizə qurğuları, yanğından mühafizə ləvazimatları;
- neftin, neft məhsullarının qəza baş verən zaman buraxılması üçün yeraltı anbarlar;
- kəmərin istismarının xətti xidməti üçün bina və avadanlıqlar;
- kəmərin trassası boyu və ona yaxın sahədə yerləşmiş daimi yollar, vertolyot meydançası, kəmərin yerləşdiyi yeri göstərən xüsusi işarələr və siqnallar;
- baş və ötürücü doldurma və vurma nasos stansiyaları;
- neft və neft məhsullarının qızdırılma məntəqəsi;
- xəbərdaredici və göstərici işarələr (nişanlar).
1.3. Bu qaydalara, eləcə də əməyin təhlükəsizliyi haqqında sahə təlimatlarına əsasən, hər bir müəssisədə öz iş profilinə uyğun vəzifə və istehsalat təlimatları tərtib edilməlidir. Bu təlimatlar dövdağtexnəzarət Komitəsi ilə razılaşdırılmalı və müəssisənin baş mühəndisi və həmkarlar ittifaqı sədri tərəfindən təsdiq edilmişdir.
1.4. Obyektin (sahə, sex) rəhbəri Magistral neft kəmərinin istismarının texniki təhlükəsizlik qaydalarının və əməyin təhlükəsizliyi üzrə təlimatların hazırlanmasına və işləyənlərin bu təlimatlarla təmin olunmasına, onun işçilər tərəfindən mənimsənilməsinə və əmək mühafizəsinin Vahid İdarəetmə sisteminin tələblərinə uyğun biliklərin yoxlanılmasına məsuliyyət daşıyır.
1.5. Magistral neft boru kəmərləri obyektlərində işləmək üçün yaşı 18-dən az olmayan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sərəncamına əsasən tibbi müayinədən keçmiş, bu işləri yerinə yetirmək üçün sağlam və əmək mühafizəsinin Vahid İdarəetmə sisteminin tələblərinə uyğun təhlükəsizlik qaydaları öyrədilmiş şəxslərə icazə verilir.
1.6. Magistral neft kəmərlərinin təhlükəsiz istismarı və baş verə biləcək qəzaların qarşısının alınması və aradan qaldırılması üzrə təlimatlar 2 ildə bir dəfədən gec olmayaraq yenidən nəzərdən keçirilməli və təsdiq olunmalıdır.
1.7. Magistral neft kəmərlərinin, çənlər parkının, nasos stansiyalarının və s. tikilməsi təmir edilməsi, genişləndirilməsi, avadanlıqların quraşdırılması və istismarı ilə məşğul olan rəhbər və mühəndis texniki işçilər, eyni zamanda Magistral neft kəmərlərini istismar edən idarələr üçün kadrlar hazırlayan kurs və tədris kombinatları müəllimləri, sifarişlə tikilən Magistral neft kəmərləri və avadanlıqları işinə nəzarət edən şəxslər işə başlamazdan əvvəl xüsusi məşğələ keçməlidirlər və “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik qaydaları”nı və onların yerinə yetirdikləri iş həcmində “Tikinti normaları və qaydaları”nın (TN və Q) lazımi fəsillərini bildikləri barədə imtahan verməlidirlər.
Həmin biliklərin təkrar yoxlanılması ildə bir dəfədən az olmayaraq aparılmalıdır.
1.8. Rəhbər və mühəndis - texniki işçilərin “Magistral neft kəmərlərinin istismarında təhlükəsizlik qaydaları”nı necə bildiklərinin yoxlanılması, Azərbaycan Respublikası Dövdağtexnəzarət Komitəsinin təsdiq etdiyi “Rəhbər və mühəndis-texniki işçilərin təhlükəsizlik texnikası üzrə qaydalar, normalar və təlimatlar üzrə biliklərinin yoxlanılması qaydası haqqında bir tipli göstəriş”ə əsasən aparılmalıdır. Biliklərin yoxlanılması Azərbaycan Respublikası Dövdağtexnəzarət Komitəsi nümayəndəsinin iştirakı ilə təşkil olunmuş komissiyalar tərəfindən aparılır. Dövdağtexnəzarət Komitəsinin nümayəndəsinə yoxlamanın keçirilməsi günü və yeri barədə 5 gün əvvəl xəbərdarlıq edilməlidir.
1.9. Magistral neft kəmərləri obyektlərinin, avadanlıqların və ayrı-ayrı texnoloji kəmərlərin layihələndirilməsi, quraşdırılması, sazlanması, əsaslı təmiri, genişləndirilməsi, texniki cəhətdən yeniləşdirilməsi, istismara qəbulu və istismarı üzrə daxili texniki şərtlər və təlimatlar bu Qaydaların tələblərinə uyğun olmalıdır.
1.10. Magistral neft kəmərlərinin, çənlər parkının, nasos stansiyalarının və s. tikilməsi, təmir edilməsi, genişləndirilməsi, avadanlıqların quraşdırılması, texniki cəhətdən yeniləşdirilməsi, layihələndirilməsi bir qayda olaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslər tərəfindən qüvvədə olan normativ sənədlərin və bu qaydaların tələblərinə uyğun olaraq həyata keçirilir.
Layihə, onun verilmiş şərtlərə və qüvvədə olan normativ sənədlərin tələblərinə uyğunluğu magistral neft kəmərlərini istismar edən idarə tərəfindən müəyyən edildikdən və Dövdağtexnəzarət Komitəsi ilə razılaşdırıldıqdan sonra təsdiq edilir. Razılaşdırılmış və təsdiq olunmuş layihələr 24 ay müddətində qüvvədə olur. Bu müddət ərzində işə başlanmayıbsa, layihələr yenidən razılaşdırılmalıdır.
1.11. Magistral neft kəmərinin tikintisi, genişləndirilməsi, quraşdırılması, əsaslı təmiri və texniki cəhətdən yeniləşdirilməsi üzrə işə başlamazdan əvvəl Dövdağtexnəzarət Komitəsində texniki nəzarət üçün qeydiyyata alınmalıdır.
1.12. Təhlükə potensiallı obyekti istismar edən hüquqi və fiziki şəxslər texniki təhlükəsizliyin vəziyyəti barədə məlumat təqdim etməlidirlər.
1.13. “Magistral Neft Kəmərlərinin İstismarında texniki təhlükəsizlik qaydaları” Azərbaycan Respublikası Prezidentinin “Nəqliyyat haqqında Azərbaycan Respublikası Qanununun” tətbiq edilməsi barədə 27 iyul 1999-cu il tarixli 165 nömrəli Fərmanına, “Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikası Qanununun” tətbiq edilməsi barədə 29 fevral 2000-ci il tarixli 357 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 avqust 1999-cu il tarixli 146 nömrəli və 14 fevral 2000-ci tarixli sərəncamlarına, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq işlənmişdir.
1.14. Bu qaydaları pozan şəxslər qüvvədə olan qanunvericiliyə uyğun olaraq inzibati və cinayət məsuliyyəti daşıyırlar.
1.15. Ölkələrarası, ölkədaxili, şəhərlərarası neft, qaz elektrik, rabitə kəmər və xətlərinin mühafizə zolaqları ilə birlikdə zonaları bu xətlər və kəmərlər boyu hər iki tərəfə müvafiq texniki normativlər müəyyənləşdirilir.
1.16. Əsas anlayışlar.
Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
- obyektlərin texniki təhlükəsizliyi (bundan sonra - texniki təhlükəsizlik) - vətəndaşların və cəmiyyətin vacib həyatı maraqlarının təhlükə potensiallı obyektlərdə baş verə biləcək qəzalardan mühafizəsinin vəziyyəti;
- texniki nəzarət - istehsal obyektlərində işlərin aparılması qaydasını müəyyənləşdirən texniki-normativ sənədlərin və təhlükə potensiallı obyektlərdə fəaliyyət üçün verilmiş xüsusi razılığın tələblərinə əməl olunmasına nəzarət;
- qəza - təhlükə potensiallı obyektlərdə istifadə olunan tikililərin və ya texniki qurğuların uçulması, nəzarət edilə bilməyən partlayış və ya təhlükəli maddənin ətraf mühitə yayılması;
- hadisə - təhlükə potensiallı obyektlərdə tətbiq texniki qurğuların dayanması yaxud nasazlığı, texnoloji rejim proseslərindən kənara çıxma, eləcə də istehsal obyektlərində işlərin aparılması qaydalarının aparılmasını müəyyənləşdirən normativ-texniki sənədlərin tələblərinin pozulması;
- təhlükəsizlik texnikası - avtomatik nəzarət və tənzimləyici cihazlar, qoruyucu qurğular, müşahidə, xəbərvermə, rabitə vasitələri və təhlükəsizliyi təmin edən digər texniki tədbirlər kompleksi;
- uyğunluq sertifikatı - avadanlığın, maşın və mexanizmlərin, dövlət standartına və yaxud digər texniki normativ sənədlərin təhlükəsizilk tələblərinə uyğun gəlməsini müəyyən edən rəsmi şəhadətnamə.
1.17. Əhali və ətraf mühit üçün təhlükə yaradan (Əlavə 1-də göstərilir) partlayış-yanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir.
1.18. Təhlükə potensiallı obyektlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
1.19. Təhlükə potensiallı obyektlər Dövdağtexnəzarət Komitəsi tərəfindən müəyyən edilmiş qaydada dövlət reyestrində qeydiyyatdan keçirilir.
1.20. Texniki təhlükəsizlik tələbləri bu Qaydalarla, Azərbaycan Respublikasının digər normativ-hüquqi aktları ilə, habelə texniki - normativ sənədlərlə müəyyənləşdirilən, mövcud qaydada qəbul olunan və texniki təhlükəsizliyi təmin edən şərtlərdən, qadağalardan, məhdudiyyətlərdən və yerinə yetirilməsi məcburi olan digər tələblərdən ibarətdir.
1.20.1. Magistral neft kəmərlərinin obyektlərini istismar edən hüquqi və fiziki şəxslər:
- bu qaydaların, digər qanunların və normativ hüquqi aktların, eləcə də texniki normativ sənədlərin tələblərinə əməl etməlidir;
- obyektlərdə işçi heyətini komplektləşdirərkən onların texniki təhlükəsizlik və ixtisaslaşma tələblərinə, habelə qanunla müəyyənləşdirilmiş digər tələblərə uyğunluğunu və tibbi cəhətdən yararlılığını təmin etməlidir;
- obyektdə normativ hüquqi aktlara və işlərin aparılması qaydalarını müəyyənləşdirən normativ texniki sənədlərə malik olmalıdır;
- binaların texniki təhlükəsizlik ekspertizasından keçirilməsini təmin etməli, eləcə də obyektdə istifadə olunan tikili, avadanlıq və texniki qurğuların diaqnostikasını, sınağını və ümumi yoxlamasını keçirməlidir;
- obyektlərin mühafizəsini təşkil etməli və təhlükəli maddələrin saxlanmasına dair texniki təhlükəsizilik tələblərinə riayət etməlidir;
- texniki təhlükəsizlik bəyannaməsi hazırlamalı, obyektlərin istismarı zamanı dəymiş zərərə görə məsuliyyətin məcburi sığortalanması barədə müqavilə bağlanmalıdır;
- partlayıcı və reaktiv maddələrin, partlayıcı materialların və ionlaşdırıcı şüa mənbələrinin uçotunun aparılmasının, onların texniki normativ sənədlərin tələblərinə uyğun qaydada saxlanılmasını, işlədilməsini və təhlükəsiz istifadə olunmasını təmin etməlidir;
- müvafiq icra hakimiyyəti orqanlarının təlimat, sərəncam və göstərişlərinə əməl etməlidir.
1.20.2. Magistral neft kəmərləri obyektlərində işləyənlərin vəzifələri aşağıdakılardır:
- təhlükə potensiallı obyektləri işlərin aparılması, habelə qəza və hadisə şəraitində fəaliyyət qaydalarını müəyyənləşdirən texniki normativ sənədlərin tələblərinə əməl etməli;
- ildə bir dəfədən az olmamaq şərti ilə tibbi müayinədən və attestasiyadan keçmək;
- təhlükə potensiallı obyektdə baş verən qəza və hadisə zamanı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada işi dayandırmalı, qəza və ya hadisə barədə dərhal rəhbərliyə, yaxud digər vəzifəli şəxsə məlumat vermək.
1.20.3. Magistral neft kəmərlərində işləyən hüquqi və fiziki şəxslərin qəzaların lokallaşdırılması və nəticələrinin ləğv edilməsinə yönəlmiş fəaliyyətinə tələblər:
- sistemli tədbirlər hazırlayır və həyata keçirir;
- işçi heyətinin qəza və hadisələrə hazırlığını vaxtaşırı təkmilləşdirir, onları attestasiyadan keçirir;
- baş verə biləcək qəzaları qabaqcadan müəyyənləşdirmək və qarşısını almaq məqsədilə sistemli nəzarət təşkil edir;
- qəza və hadisə baş verdikdə istismarı dərhal dayandırır;
- peşəkar qəza-xilasetmə xidmətləri, yaxud peşəkar qəza-xilasetmə hissələri ilə müqavilələr bağlayır;
- qəzaların lokallaşdırılması və nəticələrinin ləğv edilməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq maliyyə vəsaitinin və maddi-texniki vəsaitlərin ehtiyatını yaradır;
- bu qaydalardan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından, habelə qəza şəraitində fəaliyyət qaydalarını müəyyənləşdirən texniki-normativ sənədlərdən irəli gələn digər vəzifələri yerinə yetirir.
1.21. Texniki təhlükəsizilik tələbləri dövlət standartlarına, əməyin mühafizəsi qaydalarına, habelə ekoloji və yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, sənaye və tikinti, sanitar-epidemioloji, əhalinin və ərazinin fövqəladə hallardan müdafiəsi normalarına uyğun olmalıdır.
1.22. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai iaşə və digər istehsal və xidmətlər obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır.
1.23. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır.
1.24. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərindəki hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
1.25. Təsərrüfat dövriyyəsindən çıxarılan torpaq sahələri xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq müəssisələrə verilir və ya ehtiyat fondu torpaqlarına aid edilir.
1.26. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir.
1.27. Magistral neft kəmərlərinə məxsus obyektlər əsasən təsdiq olunmuş rayon planlaşma layihəsində və yaşayış məntəqələrinin baş planlarında nəzərdə tutulmuş ərazilərdə Dövlət Tikinti və Arxitektura Komitəsi, Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Dövlət Torpaq Komitəsi və mənafeyinə toxunulan digər təşkilatlarla razılaşdırılmaqla yerləşdirilməlidir.
1.28. Magistral neft kəmərlərinə məxsus obyektləri yerləşdirərkən onların arasındakı tələb olunan sanitar və yanğından mühafizə məqsədilə verilən məsafələr normadan artıq olmamalı və kommunikasiya xətləri maksimum qısa olmalıdır.
1.29. Magistral neft kəmərlərinin obyektlərində texnoloji proseslərlə əlaqədar olaraq ətraf mühitə ziyan verdiyi üçün yaşayış və ictimai binalardan sanitar-mühafizə zonası ilə ayrılmalıdır. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
1.30. Torpaqların vəziyyətinə zərərli təsir göstərə bilən təzə tikililər, qurğular və yenidən qurulan obyektlər yerləşdirilərkən, layihələşdirilərkən, tikilərkən və istismara verilərkən, habelə yeni texnologiyalar tətbiq edilərkən magistral kəmərləri istismar edən hüquqi şəxs tərəfindən torpaqların mühafizəsi sahəsində tədbirlər nəzərdə tutulmalı və həyata keçirilməlidir.
1.31. Magistral neft kəmərlərində tikinti, yenidənqurma, genişləndirmə, texniki cəhətdən yeniləşdirmə və əsaslı təmir işləri aparılarkən magistral neft kəmərləri müəssisələrində texniki nəzarət həyata keçirilməlidir.
1.32. Magistral neft kəmərlərində tikinti quraşdırma işlərinin keyfiyyətinə texniki nəzarət etmək üçün müəssisələrdə Əmr ilə “Magistral neft kəmərlərinin istismarının texniki təhlükəsizlik qaydaları”, TN və Q və digər normativ-rəhbər sənədlər əsasında imtahan vermiş mühəndis-texniki işçi təyin olunur.
1.33. Texniki nəzarət edən şəxslər “Magistral neft kəmərlərinin istismarına texniki təhlükəsizlik qaydaları”nın, Tikinti Normaları və Qaydalarının müvafiq bölmələrini, Azərbaycan Respublikası Dövdağtexnəzarət Komitəsinin təlimat və göstəricilərini, digər normativ sənədləri əldə rəhbər tuturlar.
1.34. Texniki nəzarət edən şəxslər aşağıdakıları bilməlidirlər:
1.34.1. Magistral neft kəmərləri obyektlərindəki qurğuların layihə sənədlərini öyrənmək, materialın, avadanlığın və s. “Magistral neft kəmərlərinin istismarının texniki təhlükəsizlik qaydaları”na uyğun gəlməsinə xüsusi diqqət yetirmək.
1.34.2. Layihələri müvafiq təşkilatlarla razılaşdırılmasını və müddətini yoxlamaq.
1.34.3. Tikinti quraşdırma təşkilatlarının tikinti zamanı “Magistral neft kəmərlərinin istismarının texniki təhlükəsizlik qaydaları”nın və Tikinti Normaları və Qaydalarının tələblərinə riayət etmələrinə daima nəzarət etməlidir ki, bunlarda tikinti quraşdırma təşkilatları tərəfindən hər bir obyekt üçün tutulmuş işlərin uçotu jurnalında qeyd etməklə təsdiq olunmalıdır.
1.34.4. Magistral neft kəmərlərinin tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən yerləşdirilməsi və əsaslı təmir zamanı layihədən kənara çıxmağa və “Magistral neft kəmərlərinin istismarının texniki təhlükəsizlik qaydaları”nın və TN və Q-nın pozulmasına yol verməmək.
Belə pozuntular aşkar olunarkən, müəssisə rəhbərlərini və ya Azərbaycan Respublikası dövdağtexnəzarət Komitəsini vaxtında xəbərdar etmək.
1.34.5. Tikinti zamanı layihədən kənara çıxmağa və ya ona dəyişiklik etməyə yalnız layihə təşkilatı və sifarişçisi ilə razılaşdırıldıqdın sonra yol verilir, “Magistral neft kəmərlərinin istismarının texniki təhlükəsizlik qaydaları”ndan kənara çıxmalar isə Azərbaycan Respublikası Dövdağtexnəzarət Komitəsi ilə razılaşdırılmalıdır.
1.35. Yeraltı neft kəmərlərinin tikintisində texniki nəzarətçi bilməlidir:
1.35.1. Gələcək neft kəmərlərinin trassasının nişanlanmasına nəzarət etmək və onu qəbul etmək.
1.35.2. Xəndəklərin qazılmasını, dərinliyini, “yastıqların” yerləşdirilməsini yoxlamaq.
1.35.3. Boruların, qaynaq və izolyasiya işləri üçün və tikintidə tətbiq olunan digər materialların saxlanmasına və həmçinin onların keyfiyyətinə və normativ sənədlərin tələblərinə uyğun gəlməsinə nəzarət etmək.
1.35.4. Qaynaq işlərinin hər bir əməliyyatına nəzarət etmək;
- tətbiq olunan materialların keyfiyyətini və onların sertifikatının olmasını yoxlamaq;
- qaynaqçıların ixtisas dərəcəsini və bunu təsdiq edən sənədlərin olmasını yoxlamaq;
- qaynaq-quraşdırma işlərinin (boruların mərkəzləşdirilməsi, aralarındakı məsafənin düzgün saxlanılması, boruların kənarlarının qaynaq üçün düzgün hazırlanması və s.) keyfiyyətini yoxlamaq;
- qaynaq birləşmələrinin keyfiyyətini (eni, hündürlüyü, kəsiklərin olmaması və s.) müayinə etmək;
- mexaniki sınaqlar üçün yoxlama birləşmələri seçmək və sınaqların nəticələrinə nəzarət etmək;
- qaynaq işlərinin düzgün sənədləşdirilməsinə (qaynaq işləri jurnalı, laboratoriyanın rəyi, qaynaq birləşmələrinin sxemi) nəzarət etmək.
1.35.5. İzolyasiya işlərinin hər bir əməliyyatına nəzarət etmək;
- borunun tənzimlənməsini yoxlamaq;
- mastika və astarın hazırlanma prosesinə nəzarət etmək;
- mastika və astarın laboratoriya sınaqlarının nəticəsinə nəzarət etmək;
- izolyasiya örtüyünün çəkilmə texnologiyasına nəzarət etmək;
- örtüyün keyfiyyətini müayinə etmək;
- örtüyün qalınlığına, yapışqanlığına, bütövlüyünə, borunun torpaqla təmasda olmasına nəzarət etmək;
- izolyasiya işlərinin düzgün sənədləşdirilməsinə (izolyasiya işləri jurnalı, laboratoriyanın rəyi və s.) nəzarət etmək.
1.35.6. Neft kəmərlərinin düzgün yerləşdirilməsini, mailliyini, dibinin doldurulmasını, döyəclənməsini, basdırılmasını yoxlamaq.
1.35.7. Neft kəmərlərinin üfürülməsində, təmizlənməsində davamlılıq və hermetiklik sınaqlarında iştirak etmək.
1.35.8. Qaynaq birləşmələrinin sxemlərini, birləşmələrin və qurğuların bənd edilməsini yoxlamaq və natura ilə müqayisə etmək.
1.35.9. Aktların tərtib edilməsini yoxlamaq və imzalamaq.
1.36. Neftvurma stansiyasında (NVS) və keçidlərdə neft kəmərləri quraşdırılarkən texniki nəzarətçi yoxlamağa borcludur:
-neft kəmərlərinin digər kommunikasiyalara nisbətən (su və qaz kəmərləri, kabel, elektrik xətləri və s.) yerləşdirilməsi və ona qədər olan məsafəni;
- lazımi yerlərdə qılafların olmasını, onların içində neft kəmərlərinin mərkəzləşdirilməsi və rənglənməsini;
- neft kəmərlərinin bərkidilməsini;
- bağlayıcı armaturanın keyfiyyətini və düzgün quraşdırılmasını;
- borunun təmizlənməsini;
- neft kəmərlərinin üfürülməsini, davamlılıq və hermetiklik sınaqlarını.
Aktların tərtib edilməsini yoxlamalı və imzalamalıdır.
1.37. Avadanlıq quraşdırılarkən texniki nəzarətçi aşağıdakıları yoxlamağa borcludur:
- avadanlığın zavodda hazırlanmasını və pasportunu;
- binanın texniki şərtlərə uyğunluğunu (hündürlüyü, həcmi, qapısı, ventilyasiyası və s.);
- avadanlığın qapı və pəncərəyə nisbətən yerləşdirilməsini;
- avadanlığın texniki vəziyyətini komplektliliyini.
1.38. Texniki nəzarətçinin hüquqları:
- layihə və qüvvədə olan normativ sənədlərə riayət olunması iş icraçılarına “nöqsan xəbərdarlığı” yazmaq və pozuntuların dərhal aradan qaldırılmasını tələb etmək;
- layihədən kənara çıxma, quraşdırmanın keyfiyyəti qeyri-qənaətbəxş olduğu və s. hallarda qəbul aktlarını imzalamamaq;
- normativ sənədlərin, iş texnologiyasının və s. kobud şəkildə pozulduğu hallarda idarə rəhbərliyi və ya dövdağtexnəzarət Komitəsi vasitəsilə işin icrasının dayandırılmasını tələb etmək;
- obyektlərin istismara yekun qəbul komissiyasının işində iştirak etmək.
1.39. Texniki nəzarətçi aşağıdakılar üçün məsuliyyət daşıyır:
- hal-hazırkı qayda əsasında öz borclarının yerinə yetirilməsinə;
- texniki nəzarət etdiyi sahələrdə işlərin keyfiyyətinə;
- qəbul etdiyi obyektlərdə yol verilmiş pozuntular haqqında rəhbərliyi vaxtında xəbərdar etməyə;
- sənədlərin və hesabatların vaxtında və düzgün tərtib edilməsinə.
1.40. Texniki şərtlərə əsasən yeni tikilən, əsaslı təmir olunan, genişləndirilən və texniki cəhətdən yeniləşdirilən magistral kəmərlər istifadəyə verilməzdən əvvəl möhkəmliyə və kipliyə qarşı sınanmalıdır.
1.41. Magistral kəmərlərin sınaqdan keçirilməsi tikinti-quraşdırma idarəsi və təşkil olunmuş komissiyanın rəhbərliyi altında aparılır. Komissiyanın tərkibinə baş podratçı, sifarişçi və quraşdırma təşkilatının, həmçinin Dövdağtexnəzarət Komitəsinin nümayəndəsi daxil edilir.
1.42. Sınaq komissiyası baş podratçı və sifarişçi təşkilatların birgə əmri ilə təyin edilir.
1.43. Magistral kəmərlərin sınaqdan keçirilməsinə aid təlimat dövdağtexnəzarət Komitəsinin yerli təşkilatı ilə razılaşdırılır.
1.44. Sınaq komissiyasının bütün üzvləri və mühəndis-texniki işçilər boru kəmərlərinin sınağı barədə təhlükəsizlik texnikası təlimatı ilə tanış olmalıdırlar.
1.45. Boru kəmərlərinin sınağı haqda bütün göstəricilər sınaq komissiyasının sədri tərəfindən verilməlidir.
1.46. Sınağın ardıcıllığı xüsusi hazırlanmış təlimat üzrə aparılır. Təlimatda təhlükəsizlik texnikası, yanğından mühafizə metodları göstərilməlidir.
1.47. Boru kəmərləri möhkəmliyə və hermetikliyə yoxlanıldıqda mühafizə zonası saxlanılmalıdır. Mühafizə zonası boru kəmərlərinin diametrindən asılıdır.
1.48. Boru kəmərləri hava və su ilə təmizlənən zaman diametrlərdən asılı olmayaraq qoruyucu zona hər tərəfə 25 metr olmalıdır. Porşenin çıxma istiqamətində isə 100 metrdən az olmamalıdır.
1.49. Boruların hidravlik sınağı zamanı mühafizə zonası hər tərəfə 50 m olmalıdır.
1.50. Boru kəmərləri yer səthində quraşdırıldıqda müşahidə zonası 2 dəfə artırılmalıdır.
1.51. İşçilər, mexanizmlər və avadanlıqlar mühafizə zonasından kənarda olmalıdır.
1.52. Müşahidə zonasının ləğvi yalnız komissiya sədrinin göstərişi ilə edilməlidir.
1.53. Magitral və texnoloji boru kəmərlərinin sınağına başlanmasına icazə bütün boru kəmərləri boyu möhkəm, etibarlı rabitə yaradıldığı halda verilə bilər.
1.54. Boru kəmərlərinin müşahidə zonasından kənarda yerləşmiş bağlayıcı kranlar, siyirtmələr arasında telefon və radio əlaqələri yaradılmalı və onlara xidmət edən işçilər boruların sınaq təlimatları ilə tanış olmalıdırlar.
1.55. Əlaqə postlarındakı növbətçilərin iş yerlərini icazəsiz tərk etmələri qadağandır.
1.56. Boru kəmərlərinin yoxlanmasında istifadə edilən aqreqatlara və kompressor stansiyalarına yerləşdirilmiş boru kəmərləri 1, 25 işçi təzyiqi ilə yoxlanmalıdır.
1.57. Boru kəmərləri avtomobil və dəmir yolları ilə kəsişərsə və yaxud onların yaxınlığından keçərsə, komissiya həmin təşkilat nümayəndələrinə qabaqcadan xəbər verməli və eləcə də onları təşkilati təhlükəsizlik tədbirləri ilə tanış etməlidir.
1.58. Boru kəmərləri avtomobil yollarının və yaşayış yerlərinin yaxınlığından keçərsə mühafizə zonasının kənarlarında da mühafizə postu qoyulmalı və xəbərdaredici nişanlarla təchiz edilməlidir.
1.59. Magistral və texnoloji boru kəmərlərinin sınağına başlanmazdan əvvəl komissiyanın qeyd etdiyi nöqtələrə qəza-təmir, rabitə və növbətçi postları yerləşdirilməlidir. Yalnız bütün bu tədbirlərin həyata keçirildiyini dəqiqləşdirdikdən sonra komissiyanın sədri sınaq işinin aparılmasına göstəriş verməlidir.
1.60. Sınaq keçirilən boru kəmərləri aidiyyəti olmayan digər borulardan mövcud üsullarla təcrid edilməlidir. Sınağın parametrlərinin ölçülməsi mühafizə zonasından kənar məsafədə aparılmalıdır.
1.61. Boru kəmərlərini hava ilə sınaqdan keçirdikdə sınaq təzyiqi 30 kPa/0, 3kqs/kv.sm qədər və 2 Mpa/ 20 kqs/ kv.sm-dən artıq olmamaq şərti ilə tədricən qaldırılır. Bundan sonra hava verilməsi dayandırılır və boru kəmərlərinin sınağının birinci yoxlanmasına icazə verilir.
1.62. Boru kəmərlərinə baxış keçirib bütün nöqsanlar aradan qaldırıldıqdan sonra sınaq təzyiqinə qədər havanın verilməsi davam etdirilir. Boru kəməri boyunca yoxlamanın ikinci pilləsi aparılır.
1.63. Boru kəmərlərində yoxlama təzyiqi işçi təzyiqə endirildikdən sonra trass xətti boyu yoxlamanın aparılmasına icazə verilir.
1.64. Boru kəmərlərinin möhkəmliyə, hermetikliyə yoxlanması o vaxt başa çatmış hesab edilir ki, sınaq vaxtı təzyiq dəyişməz qalsın işçi rejimdə axma, yaşarma nəzərə çatmasın.
1.65. Sınaq vaxtı magistral və texnoloji boru kəmərlərində nasazlıqlar müəyyən edildikdə sınaq dayandırılmalı və bütün nasazlıqlar aradan qaldırılmalıdır.
1.66. Təmir işləri qurtardıqdan sonra sınaq təkrar olunmalıdır.
1.67. Bəyannamənin strukturu.
1.67.1. Bəyannamə aşağıdakı struktur elementlərindən ibarətdir:
b) bəyannaməni işləyib hazırlamış təşkilat (hüquqi və ya fiziki şəxs) haqqında məlumatlar;
ç) 1-ci bölmə “Ümumi məlumatlar”;
d) 2-ci bölmə “Təhlükəsizliyin təmin edilməsinin nəticələri”;
e) 3-cü bölmə “Texniki təhlükəsizlik tələblərinin təmin edilməsi”;
ə) 4-cü bölmə “Nəticələr”;
f) 5-ci bölmə “Situasiya planı”.
1.67.1.1. Bəyannaməyə aşağıdakı əlavələr daxil edilir:
a) “Hesabat-izahat vərəqi”;
1.68. Bəyannamənin struktur elementlərinə, bəyannaməyə əlavələrə və məlumatların tərkibinə dair tələblər.
1.68.1. Bəyannamənin titul vərəqi.
1.68.1.1. Titul vərəqi bəyannamənin birinci səhifəsi olub, sənədin işlənməsi və axtarışı üçün zəruri məlumatların mənbəyidir.
1.68.1.2. Titul vərəqində aşağıdakı məlumatlar göstərilir:
a) təhlükə potensiallı obyekti istismar edən təşkilatın rəhbəri və ya layihənin sifarişçisi tərəfindən bəyannamənin təsdiq edildiyini göstərən qrif;
b) haqqında bəyannamə verilən obyektin daxil olduğu təşkilat (hüquqi və ya fiziki şəxs) tərəfindən müəyyən edilən qeydiyyat nömrəsi;
c) dövdağtexnəzarət Komitəsi tərəfindən müəyyən edilmiş qeydiyyat nömrəsi;
ç) haqqında bəyannamə verilən konkret obyektin (bir obyekt haqqında bəyannamə verildikdə) və ya obyektlərin (bir neçə obyekt haqqında bəyannamə verildikdə) adı (adları) göstərilməklə bəyannamənin və təşkilatın adları;
d) haqqında bəyannamə verilən təhlükə potensiallı obyektlərin dövlət reyesrindəki qeydiyyat nömrəsi;
e) bəyannaməni işləyib hazırlamış təşkilatın (hüquqi və fiziki şəxsin) olduğu yer və bəyannamənin təsdiq edildiyi il.
1.68.2. Bəyannaməni işləyib hazırlamış təşkilat haqqında məlumatlar.
1.68.2.1. Bəyannaməni işləyib hazırlamış təşkilat haqqında aşağıdakı məlumatlar göstərilir:
a) bəyannaməni və ona əlavələri işləyib hazırlamış təşkilatın adı, poçt ünvanı, telefon və faks nömrələri;
b) bəyannamənin işlənib hazırlanmasında iştirak etmiş şəxslərin adı, atasının adı, soyadı, vəzifələri və iş yerləri göstərilməklə icraçıların siyahısı.
1.68.3.1. Mündəricatda bəyannamənin bütün bölmələrinin adları və həmin elementlərin başlandığı səhifələrin nömrələri göstərilir.
1.68.4. 1-ci bölmə- “Ümumi məlumatlar”.
1.68.4.1. “Ümumi məlumatlar” adlanan 1-ci bölmədə aşağıdakı məlumatlar göstərilməlidir:
a) təşkilatın rekvizitləri;
b) bəyannamə verilməsinin əsaslandırılması;
c) təşkilatın olduğu yer barədə məlumatlar;
ç) işçilər və əhali barədə məlumatlar;
d) sığorta məlumatları (fəaliyyətdə olan obyektlər barədə verilən bəyannamələr üçün).
1.68.4.2. Haqqında bəyannamə verilən obyektin daxil olduğu təşkilatın aşağıdakı rekvizitləri göstərilməlidir:
a) təşkilatın tam və qısaldılmış adı;
b) hüquqi şəxsin, yuxarı orqanın, nazirliyin, konsernin, şirkətin, idarənin (əgər onlar varsa), fiziki şəxsin ünvanı, telefon, faks nömrələri göstərilməklə adları;
c) təşkilatın rəhbərlərinin soyadları, adları və atalarının adları və vəzifələri;
ç) təşkilatın poçt ünvanı, telefon, faks və teletayp nömrələri;
d) təşkilatın haqqında bəyannamə verilən obyektlə əlaqədar əsas fəaliyyət istiqamətlərinin qısa siyahısı.
1.68.4.3. Bəyannamə verilməsinin əsaslandırılması üçün aşağıdakı məlumatlar göstərilməlidir:
a) təhlükə potensiallı obyektin haqqında bəyannamə verilməli obyektlər qisminə aid edilməsi üçün əsas olmuş təhlükəli maddələrin miqdar göstəriciləri barədə məlumatlar;
b) bəyannamənin işlənib hazırlanması ilə əlaqədar qərar qəbul edilməsi üçün əsas olmuş normativ hüquqi sənədlərin siyahısı.
1.68.4.4. Təşkilatın olduğu yer barədə aşağıdakı məlumatlar göstərilməlidir:
a) haqqında bəyannamə verilən obyektin yerləşdiyi ərazinin xarakteristikası;
b) haqqında bəyannamə verilən obyektin ərazisinin ölçüləri və hüdudları, sanitar müdafiə və (və ya) qoruyucu zonaları barədə məlumatlar.
1.68.4.5. İşçilər və əhali barədə aşağıdakı məlumatlar göstərilməlidir:
a) haqqında bəyannamə verilən obyektin işçilərinin ümumi sayı və ya ən böyük iş növbəsində işləyənlərin sayı;
b) yaxınlıqda yerləşən və maksimal hipotetik qəzanın təsir dairəsinə düşə biləcək iri təşkilatların işçilərinin və ya yaşayış məntəqələrinin sakinlərinin sayı göstərilməklə həmin təşkilatların və ya yaşayış məntəqələrinin siyahısı.
1.68.4.6. Sığorta məlumatları yalnız fəaliyyətdə olan obyektlər barədə göstərilməli və aşağıdakılardan ibarət olmalıdır:
a) sığortaçı təşkilatın adı və ünvanı, onun sığorta lisenziyaları barədə məlumatlar;
b) sığorta məbləğlərinin həcmi göstərilməklə sığorta müqavilələrinin siyahısı.
1.68.5. 2-ci bölmə - “Təhlükəsizliyin təhlil edilməsi nəticələri”.
1.68.5.1. “Təhlükəsizliyin təhlil edilməsi nəticələri” adlanan 2-ci bölmədə aşağıdakı məlumatlar göstərilməlidir:
a) təhlükəli maddələr barədə;
b) texnologiyalar barədə;
c) riskin təhlilinin əsas nəticələri barədə.
1.68.5.1.1. Təhlükəli maddələr barədə məlumatlar haqqında bəyannamə verilən obyektin identifikasiyası zamanı nəzərə alınan təhlükəli maddələr üçün göstərilməli və aşağıdakı məlumatlardan ibarət olmalıdır:
- təhlükəli maddənin adı;
- təhlükəli maddənin təhlükəlilik dərəcəsi və onun insan orqanizminə təsirinin xarakteri.
1.68.5.1.2. Texnologiyalar barədə aşağıdakı məlumatlar:
- əsas texnoloji axınların sxemi;
- təhlükəli maddələrin paylanması sxemi;
1. Əsas texnoloji axınların sxemi və təhlükəli maddələrin adları göstərilməklə, həmin maddələrin haqqında bəyannamə verilən obyektin texnoloji sistemində yerdəyişmə istiqamətlərini əks etdirən blok-sxem şəklində;
2. Təhlükəli maddələrin paylanması barədə məlumatlar texniki qurğularda-aparatlarda (tutumlarda), boru kəmərlərində mövcud olan təhlükəli maddələrin ümumi miqdarı və hər tutum vahidində və ya ən böyük tutumlu boru kəmərində təhlükəli maddələrin maksimum miqdarı barədə məlumatdan ibarət olmalıdır. Bu məlumatlar haqqında bəyannamə verilən obyektin bütün tərkib hissələri üçün maksimal reqlament üzrə təhlükəli maddənin qiymətləndirilməsi əsasında göstərilməlidir.
1.68.5.1.3. Qəza riskinin təhlilinin əsas nəticələri aşağıdakı məlumatlardan ibarətdir:
- qəzanın baş verməsi və onun yayılması riskinin təhlilinin və qəza riskinin qiymətləndirilməsinin nəticələrindən;
- qəzanın baş verməsi və onun yayılması riskinin təhlilinin nəticələri aşağıdakı məlumatlardan ibarətdir:
a) qəzanın baş verməsi və onun yayılmasına şərait yaradan əsas amillərin və ehtimal edilən səbəblərin siyahısı;
b) ən iri və ən çox ehtimal edilən qəzaların ssenarilərinin təsviri;
- qəza riskinin qiymətləndirilməsi nəticələri aşağıdakılardan ibarətdir:
a) qəza riskinin qiymətləndirilməsi üçün tətbiq edilən modellərin və hesablama üsullarının siyahısı;
b) qəzada iştirak edən təhlükəli maddələrin miqdarı;
c) zərərli amillərin təsir zonalarının mümkün ölçüləri;
ç) zərərçəkənlərin mümkün siyahısı;
d) qəzanın vura biləcəyi zərərin həcmi;
e) qəza nəticəsində işçilərə və əhaliyə dəyə biləcək ziyanın və ətraf mühitə vurula biləcək zərərin həcmi.
1.68.6. 3-cü bölmə - “Texniki təhlükəsizlik tələblərinin təmin edilməsi”.
1.68.6.1. “Texniki təhlükəsizlik tələblərinin təmin edilməsi” adlanan 3-cü bölmədə aşağıdakı məlumatlar göstərilməlidir:
- haqqında bəyannamə verilən obyektin istismarının texniki təhlükəsizlik tələblərinin təmin edilməsi;
- qəzanı lokallaşdırmağa və onun nəticələrini aradan qaldırmağa hazırlıqla bağlı olan tədbirlərin texniki təhlükəsizlik tələblərinin təmin edilməsi;
- Dövdağtexnəzarət Komitəsinin sərəncam və göstərişlərinin yerinə yetirilməsi (fəaliyyəti olan obyektlər üçün);
- obyektin istismarı ilə bağlı fəaliyyət növləri üçün qüvvədə olan və (və ya) zəruri olan lisenziyaların siyahısı;
- işçilərin texniki təhlükəsizlik sahəsində biliklərinin və onların işə buraxılması qaydasının müntəzəm yoxlanılması göstərilməklə işçilərin peşə hazırlığı və qəzadan müdafiə olunma hazırlığı;
- istehsalat texniki təhlükəsizlik tələblərinə riayət edilməsinə nəzarət sistemi;
- qəzalar haqqında məlumatın toplanması və təhlil edilməsi sistemi;
- ekspertizanı keçirmiş (fəaliyyətdə olan obyektlər üçün) ekspert təşkilatının və ekspertiza obyektinin adını göstərməklə, aparılmış texniki təhlükəsizlik ekspertizalarının siyahısı;
- fəaliyyətdə olan obyektin istismar şəraitinin norma və qaydaların tələblərinə uyğun olması barədə (həmin şəraitin uyğun olduğu normativlər göstərilməklə);
- haqqında bəyannamə verilən obyektdə qəzanın lokallaşdırılması və onun nəticələrinin aradan qaldırılması tədbirləri;
- qəza əleyhinə qüvvələrin, qəzadan xilasetmə sisteminin və texniki təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar digər xidmətlərin tərkibi;
- haqqında bəyannamə verilən obyektdə qəzaların lokallaşdırılması və onların nəticələrinin aradan qaldırılması üçün nəzərdə tutulan maliyyə və material ehtiyatları;
- haqqında bəyannamə verilən obyektlərdə qəza baş verdiyi halda bu barədə məlumatlandırma sxemi və görülməli tədbirlərin icra qaydası göstərilməklə qəza haqqında məlumatlandırma sistemi.
1.68.7. 4-cü bölmə-”Nəticələr”.
1.68.7.1. “Nəticələr” adlanan bölmədə aşağıdakı məlumatlar göstərilməlidir:
a) haqqında bəyannamə verilən obyektin ən təhlükəli tərkib hissələri, risk göstəricilərinə təsir edən ən mühüm amillər və təhlükəsizlik səviyyəsinin ümumiləşdirilmiş qiyməti;
b) planda nəzərdə tutulan və qəza riskinin azaldılmasına yönəldilmiş tədbirlərin siyahısı.
1.68.8. 5-ci bölmə - “Situasiya planı”.
1.68.8.1. “Situasiya planı” adlanan 5-ci bölmə haqqında bəyannamə verilən obyektdə ən çox ehtimal edilən (tipik) qəza ssenariləri üçün, ən təhlükəli nəticələr verə biləcək maksimum zədələnmə zonalarının qrafik təsvirindən ibarət olmalıdır.
1.68.8.2. “Situasiya planı”nda kiçildilmiş miqyasda aşağıdakılar göstərilməlidir:
a) haqqında bəyannamə verilən obyektin sənaye meydançasının (ərazisinin) və sanitar- müdafiə zonasının sərhədi;
b) müəssisələr, yaşayış məntəqələri və insanların kütləvi şəkildə toplaşdığı yerlər;
c) qəzaların məhvedici amillərinin təsir zonaları.
1.68.9. “Hesabat-izahat vərəqi” adlanan struktura aşağıdakı elementlər daxildir:
b) icraçıların siyahısı;
ç) 1-ci bölmə-”Təşkilat haqqında məlumatlar”;
d) 2-ci bölmə-”Təhlükəsizliyin təhlili”;
e) 3-cü bölmə-”Nəticələr və təkliflər”;
ə) 4-cü bölmə-”Situasiya planları”;