“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli, 156 nömrəli Fərmanının 1.13-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİ-ZADƏ
Bakı şəhəri, 12 may 2010-cu il
1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır və dövlət təhsil standartları əsasında ali təhsilin magistratura səviyyəsində təhsilin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydalarını tənzimləyir.
1.2. Magistratura təhsili Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ali təhsilin magistratura səviyyəsi üzrə müəyyən edilmiş ixtisasların təsnifatına uyğun olaraq mütəxəssis hazırlığının ixtisaslaşmalar (sahələr, fənlər, dillər, dil və ədəbiyyat, regionlar, ölkələr, nəqliyyat növləri) üzrə həyata keçirilməsini təmin edir. Hər bir ixtisas üzrə ixtisaslaşmalar ixtisasın təhsil proqramı ilə müəyyən olunur.
1.3. Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikanın bütün ali təhsil müəssisələrinə şamil edilməklə, magistratura səviyyəsində təhsilin məzmununa, ixtisasların ayrı-ayrı ixtisaslaşmaları üzrə müvafiq təhsil proqramlarına, eləcə də təhsilalanların hazırlıq səviyyəsinə qoyulan tələbləri müəyyənləşdirir.
1.4. Bu Qaydalar mütəxəssis hazırlığının səviyyəsinə ümumi tələblər qoymaqla, ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsinə, məsuliyyətin, eləcə də kadr hazırlığının səmərəliliyinin artırılmasına, tədris-metodiki təminatın yaxşılaşdırılmasına, təhsilalanların attestasiyasının şəffaflığına, təhsilin keyfiyyət səviyyəsinin ölkədə qəbul olunan təhsil və peşə standartları əsasında beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılması şərtilə, respublikanın ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasına və ölkəmizdə verilmiş təhsil sənədlərinin beynəlxalq təhsil məkanında tanınmasına şərait yaradır.
1.5. Magistratura səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) və qiyabi təhsilalma formaları müəyyən edilir.
1.6. Magistratura səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 1,5-2 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən altı ay artıqdır). Bu müddət ayrı-ayrı ixtisaslaşmaların təhsil proqramları ilə müəyyənləşdirilir. Magistratura səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir.
1.7. Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, respublikanın bütün ali təhsil müəssisələrində magistratura təhsili ödənişli əsasla və dövlət sifarişi əsasında həyata keçirilə bilər.
Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin Azərbaycan Respublikasının ali təhsil müəssisələrində ali təhsilin magistratura səviyyəsində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə onların təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.8-1-ci və 14.8-2-ci maddələri ilə tənzimlənir.
1.8. Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək olan respublikanın bütün ali təhsil müəssisələrində magistratura Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı əsasında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən yaradılır.
1.9. Magistratura səviyyəsində ixtisaslaşmalar üzrə mütəxəssis hazırlığı bakalavriat səviyyəsi üzrə buraxılışı olan ali təhsil müəssisələrində (ali təhsilin magistratura səviyyəsi üzrə müəyyən edilmiş ixtisasların təsnifatında nəzərdə tutulduğu hallarda xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) həyata keçirilir.
1.10. Magistraturaya müvafiq ixtisaslar üzrə qəbul olunacaq tələbələrin sayı mövcud maddi-texniki baza və elmi-pedaqoji potensial nəzərə alınmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.
1.11. Magistraturaya tələbə qəbulu Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
1.12. Xarici ölkələrin vətəndaşlarının magistraturaya qəbulu müvafiq qanunvericilik aktları ilə tənzimlənir.
2.1. Magistratura — ali təhsilin ikinci səviyyəsinin tələblərinə uyğun olaraq, yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin hazırlığını təmin edən təhsil prosesidir.
2.2. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində magistratura təhsili ixtisasın ayrı-ayrı ixtisaslaşmaları üzrə təhsil proqramı, ona müvafiq hazırlanmış tədris planı, fənlər üzrə işçi proqramlar (sillabuslar) və digər normativ sənədlər (qiymətləndirmə qaydaları, fərdi tədris planları, dərs cədvəlləri, imtahan cədvəlləri, dərslərin reqlamentləri, təcrübənin keçirilməsi qaydaları və s.) əsasında həyata keçirilir.
2.3. Magistr təhsilinin məzmunu tədris prosesinin və elmi tədqiqat işlərinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini, ixtisasın ixtisaslaşmaları üzrə təhsil proqramında qoyulan tələbləri əhatə edir.
Tədris prosesinin və elmi tədqiqat işlərinin planlaşdırılması, təşkili tədris planı (nümunəvi işçi və fərdi) və fənn proqramları və ona müvafiq hazırlanmış fənlər üzrə işçi proqramları əsasında həyata keçirilir. Bu planların forma və strukturu ali təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir.
Təhsil proqramlarında göstərilən fənlər üzrə proqramlar ali təhsil müəssisələri tərəfindən hazırlanır, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilir, tədris planlarına təhsil müəssisələri tərəfindən daxil edilən seçmə fənlər üzrə proqramlar isə təhsil müəssisələri tərəfindən təsdiq edilir. Fənlər üzrə işçi proqramları (sillabuslar) isə ali təhsil müəssisəsi tərəfindən hazırlanır və təsdiq edilir.
İşçi tədris proqramı (sillabus) — fənnin müvafiq proqramı əsasında hazırlanan və özündə tədris olunan fənnin təsvirini, onun hədəf və məqsədini, qısa məzmununu, dərslərin müddətini və növlərini, tələbənin müstəqil işi üçün tapşırıqları, onların yerinə yetirilməsi müddətini, məsləhət saatlarını, müəllim haqqında məlumatı, müəllimin tələblərini, qiymətləndirmə meyarlarını, aralıq qiymətləndirilmə cədvəlini, istifadə olunan ədəbiyyatın siyahısını əks etdirən sənəddir.
2.4. Magistratura səviyyəsində təhsilin məzmunu bir-biri ilə əlaqəli nəzəri təlimdən, pedaqoji və peşəkar hazırlıqdan, eləcə də elmi tədqiqat işlərindən ibarətdir.
Magistrin nəzəri təlimi və pedaqoji hazırlığı humanitar, ixtisas və ixtisaslaşma fənlərinin mühazirə, məşğələ, seminar, məsləhət, sərbəst iş, pedaqoji təcrübə və s. formada öyrənməsi ilə təmin olunur.
Magistrin elmi tədqiqat sahəsində hazırlığı konkret tədqiqat fəaliyyətinin tələblərinə uyğun olaraq, müasir üsullarla araşdırmaların aparılması və dissertasiya işinin hazırlanması ilə təmin olunur.
2.5. İxtisasın ayrı-ayrı ixtisaslaşmaları üzrə təhsil proqramının strukturu tədris (humanitar və ümumi hazırlıq, eləcə də ixtisaslaşma fənləri) və elmi tədqiqat hissəsindən ibarətdir.
2.6. Magistratura səviyyəsində tədrisin təşkili ali təhsil pilləsinin dövlət standartının tələblərinə uyğun Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydalar əsasında kredit sistemi (Avropa ölkələrində tətbiq olunan AKTS — Avropa Kredit Transfer Sistemi) ilə həyata keçirilir.
2.7. Tələbələrin fənlər üzrə attestasiyası (biliyinin qiymətləndirilməsi) Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş qaydada çoxballı (100 ballı) sistemlə həyata keçirilir.
2.8. Tədris ili, bir qayda olaraq, iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər.
2.9. Əyani formanın təhsil müddətində nəzəri tədrisə — 45, elmi tədqiqat və elmi-pedaqoji təcrübələrə — 8, imtahan sessiyalarına isə 15 həftə ayrılır. Bu zaman auditoriya saatları 12-16 həftədir.
Dissertasiya işinin hazırlanması və müdafiəsinə 12, tətillərə isə 14 həftə ayrılır.
2.10. Tələbənin auditoriya və auditoriyadankənar (bütün tədris, elmi tədqiqat və elmi-pedaqoji) həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman dərslər 12-16 saat təşkil edir.
Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 120-160 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti 15 sentyabr tarixindən başlanır və tədris planına müvafiq olaraq yekunlaşır.
2.11. Bir akademik saat — 45 dəqiqəyə bərabərdir. Bütün növ dərslər üçün 2 akademik saat müəyyənləşdirilir. Akademik saatlararası fasilə 5 dəqiqədən az olmamalıdır.
2.12. Magistratura üzrə aparılan elmi tədqiqat işləri axtarış və tətbiqi xarakterli işlər olmalıdır.
2.13. Magistrantlara elmi rəhbərlik, bir qayda olaraq, həmin təhsil müəssisəsində çalışan professor-müəllim heyətinin elmi adı və ya elmi dərəcəsi olan nümayəndələri və ya həmin şərtləri ödəyən digər müəssisə və təşkilatlarda çalışan şəxslər tərəfindən həyata keçirilir. Bir nəfərə 5-dən çox magistranta rəhbərlik etməyə icazə verilmir. Magistrantın elmi tədqiqatının yönümü müxtəlif elmlərin qovuşmasından ibarət olduğu halda, ona elmi rəhbərlə yanaşı, elmi məsləhətçi də təyin oluna bilər.
3.1. Ali təhsilin magistratura səviyyəsində təhsilin yekun mərhələsi magistrlik dissertasiyasının müdafiəsidir (ixtisasdan asılı olaraq buraxılış imtahanı da ola bilər).
3.2. Magistratura səviyyəsini bitirən şəxslərə "magistr" ali elmi-ixtisas dərəcəsi verilir. “Magistr” dərəcəsi magistrlik dissertasiyalarının müdafiəsi üçün ali təhsil müəssisəsi tərəfindən yaradılmış ixtisaslaşdırılmış şuraların qərarı əsasında verilir. Bu təhsil səviyyəsini bitirən şəxslər təhsillərini doktoranturada davam etdirə bilərlər.
3.3. İxtisaslaşdırılmış şuraların yaradılması və onun işinin təşkili qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müvafiq qaydalarla müəyyən olunur.
4.1. Tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr yekun attestasiyaya buraxılırlar.
4.2. Yekun attestasiya magistrlik dissertasiyasının müdafiəsi və ixtisas fənləri üzrə imtahanlardan ibarətdir. Magistrlik dissertasiyasının müdafiəsi ixtisaslaşdırılmış şuraların iclaslarında aparılır.
4.3. Magistrlik dissertasiyasının məzmununa, yazılmasına, təqdim edilməsinə və müdafiəsinə qoyulan tələblər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir.
4.4. Ali təhsil müəssisələrində magistratura səviyyəsinin təhsil proqramı üzrə tədris planını tam yerinə yetirmiş və magistr ali elmi-ixtisas dərəcəsi almış şəxslərə müəyyən olunmuş formada dövlət nümunəli diplom verilir.
4.5. Magistratura səviyyəsini bu və ya digər səbəbdən başa vurmayan şəxslərə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada arayış verilir. Arayışın forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
1. 18 aprel 2014-cü il tarixli 106 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 aprel 2014-cü il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 450)
2. 19 aprel 2016-cı il tarixli 165 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 may 2016-cı il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 820)
3. 13 iyun 2016-cı il tarixli 224 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 iyun 2016-cı il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1201)
4. 23 dekabr 2016-cı il tarixli 523 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 dekabr 2016-cı il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2239)
5. 16 fevral 2017-ci il tarixli 54 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 17 fevral 2017-ci il, № 36, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 307)
6. 8 noyabr 2018-ci il tarixli 481 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2431)
7. 7 dekabr 2019-cu il tarixli 467 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 dekabr 2019-cu il, № 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 2051)
8. 4 mart 2020-ci il tarixli 79 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 mart 2020-ci il, № 53, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 340)
9. 18 may 2020-ci il tarixli 179 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 may 2020-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 650) (Bu Qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir.)
10. 22 fevral 2021-ci il tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 fevral 2021-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 205)
11. 5 iyun 2021-ci il tarixli 158 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 iyun 2021-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, IV kitab, maddə 664) (Bu Qərar 2021-ci il oktyabrın 1-dək qüvvədədir.)
12. 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552)
13. 19 aprel 2023-cü il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 aprel 2023-cü il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 596)
14. 9 mart 2024-cü il tarixli 130 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 mart 2024-cü il, “Azərbaycan” qəzeti, 13 mart 2024-cü il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 307)
15. 5 sentyabr 2024-cü il tarixli 395 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 6 sentyabr 2024-cü il, “Xalq” qəzeti, 12 sentyabr 2024-cü il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1058)
16. 2 dekabr 2024-cü il tarixli 505 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 dekabr 2024-cü il, “Xalq” qəzeti, 5 dekabr 2024-cü il, № 268, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 12, I kitab, maddə 1310)
17. 8 sentyabr 2026-cı il tarixli 272 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 sentyabr 2026-cı il, “Xalq” qəzeti, 12 sentyabr 2026-cı il, № 166)