Qanunvericilik › Maliyyə icarəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 16

Maddə 16. İcarəyə verənin reyestrə daxil edilməsi

Maliyyə icarəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

16.1. Mərkəzi Bank tərəfindən aparılan reyestr ictimaiyyət üçün açıqdır. Reyestrə icarəyə verənlərin adları, hüquqi ünvanı, filialları, idarəetmə funksiyalarını həyata keçirən şəxslərin adları, reyestrə daxiledilmə nömrəsi və tarixi, maliyyə icarəsi fəaliyyətinin məhdudlaşdırılması, dayandırılması, habelə reyestrdən çıxarılmış icarəyə verənlər haqqında məlumatlar daxil edilir.

16.2. Bu Qanunun 16.15-ci maddəsinin tələbləri nəzərə alınmaqla, hüquqi şəxs reyestrə daxil edilmək üçün ərizə ilə birlikdə Mərkəzi Banka aşağıdakı sənədləri və məlumatları təqdim etməlidir:

16.2.1. hüquqi şəxsin nizamnaməsinin, habelə dövlət qeydiyyatı haqqında şəhadətnamənin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq təsdiqlənmiş surəti;

16.2.2. nizamnamə kapitalının miqdarı, hər bir iştirakçının payı (səhmi) və payın (səhmin) əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi haqqında sənədlər və məlumatlar;

16.2.3. hüquqi şəxsin idarəetmə funksiyalarını yerinə yetirən şəxslərin (müşahidə (direktorlar) şurasının (olduqda) və icra orqanının üzvləri) siyahısı və onların vətəndaş qüsursuzluğuna dair məlumat, həmin şəxslər əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onların cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış;

16.2.4. Mərkəzi Bankın müəyyən etdiyi formada iştirakçılar arasında münasibətlər və benefisiar mülkiyyətçilər, o cümlədən benefisiar mülkiyyətçilərin bu Qanunla müəyyən edilmiş vətəndaş qüsursuzluğu haqqında məlumat, benefisiar mülkiyyətçi əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış;

16.2.5. hüquqi şəxsin mühüm iştirak payının sahibləri barədə məlumat (adları, ünvanları, nizamnamə kapitalında iştirak payları, fəaliyyətləri (məşğuliyyətləri), payların əldə edilməsinə yönəldilən vəsaitlərin mənbəyi), onların (mühüm iştirak payının sahibi hüquqi şəxs olduqda, onun icra orqanının rəhbərinin) vətəndaş qüsursuzluğuna dair məlumat, bu şəxslər əcnəbi olduqda isə rezidenti olduqları ölkənin müvafiq dövlət orqanları tərəfindən onların cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış;

16.2.6. hüquqi şəxsin mühüm iştirak payının sahibi xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxs olduqda bunu təsdiq edən sənəd, özünün və digər idarəçilərin (olduğu təqdirdə) xarici hüquqi təsisat təsisçisinin, xarici hüquqi təsisat benefisiarının (benefisiarlar qrupunun), xarici hüquqi təsisat təminatçısının (olduğu təqdirdə), habelə xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən digər şəxsin soyadını, adını, atasının adını (olduğu təqdirdə), doğum tarixini, fərdi identifikasiya nömrəsini və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsini, vətəndaşlığını, daimi yaşayış yerini (bu şəxslər hüquqi şəxs olduqda onların adı və eyniləşdirmə nömrəsini) təsdiq edən sənədlərin və xarici hüquqi təsisatın təsis sənədinin normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş surəti, həmin şəxslər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduqları şəxslər olduqda bu barədə məlumat;

16.2.7. bu Qanunun 15.8-ci maddəsində nəzərdə tutulan daxili qaydalar.

16.3. Bu Qanunun 16.15-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xarici hüquqi şəxsin yerli filialının reyestrə daxil edilməsi üçün həmin xarici hüquqi şəxs aşağıdakı sənədləri və məlumatları Mərkəzi Banka təqdim etməlidir:

16.3.1. xarici hüquqi şəxsin nizamnaməsinin, habelə bu Qanunun 16.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təsdiq olunan filialın təsis sənədlərinin surəti;

16.3.2. filiala ayrılmış vəsaitin Mərkəzi Bank tərəfindən müəyyən edilmiş minimum miqdardan az olmamasını təsdiqləyən sənəd;

16.3.3. filial rəhbərinin vətəndaş qüsursuzluğuna dair məlumat, həmin şəxs əcnəbi olduqda rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış;

16.3.4. xarici hüquqi şəxsin mühüm iştirak payına malik olan şəxslərinin payı göstərilməklə siyahısı;

16.3.5. xarici hüquqi şəxsin maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmasını təsdiq edən sənəd;

16.3.6. xarici hüquqi şəxsin beynəlxalq maliyyə bazarlarında fəaliyyəti barədə məlumat;

16.3.7. son maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı və auditor rəyi;

16.3.8. bu Qanunun 15.8-ci maddəsində nəzərdə tutulan daxili qaydalar.

16.4. Əcnəbilər və xarici hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə başqa hal nəzərdə tutulmadıqda normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada leqallaşdırılır və Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq olunur.

16.5. Təqdim edilən sənədlərdəki məlumatların yoxlanılması məqsədilə Mərkəzi Bank müstəqil və etibarlı mənbələrdən, habelə aidiyyəti dövlət orqanlarından (qurumlarından) məlumatlar əldə edə bilər. Dövlət orqanları (qurumları) Mərkəzi Bankın sorğu etdiyi məlumatı 7 (yeddi) iş günü müddətində verməlidirlər. Dövlət orqanları (qurumları) sorğu edilən məlumatların dövlət sirri istisna olmaqla, kommersiya sirri, vergi sirri və ya qanunla mühafizə olunan digər konfidensial məlumatlara aid olmasına istinad etməklə həmin məlumatların verilməsindən imtina edə bilməzlər.

16.6. Mərkəzi Bank ərizə ilə birlikdə təqdim olunan sənədlərə daxil olduğu gündən 60 (altmış) gün müddətində baxmalıdır.

16.7. Mərkəzi Bank baxılmaq üçün təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar etdikdə, bu barədə ərizənin daxil olduğu tarixdən 15 (on beş) iş günü müddətində müraciət edənə yazılı bildiriş təqdim etməlidir.

16.8. Müraciət edən çatışmazlıqları yazılı bildiriş aldığı tarixdən ən geci 15 (on beş) iş günü müddətində aradan qaldırmalıdır. Mərkəzi Bank tərəfindən yazılı bildirişin təqdim edilməsi bu Qanunun 16.6-cı maddəsində müraciətə baxılması üçün müəyyən edilmiş müddətin axımını dayandırır və dayandırılmış müddət müraciətə baxılması müddətinə daxil edilmir. Müraciət edən tərəfindən çatışmazlıqların aradan qaldırılması barədə Mərkəzi Banka yazılı məlumat daxil olduqdan sonra müddətin axımı bərpa olunur.

16.9. Bu Qanunun 16.10-cu maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, müraciət edən şəxsin reyestrə daxil edilməsi barədə qərar qəbul edildikdə Mərkəzi Bank tərəfindən müraciət edənə 2 (iki) iş günü müddətində dövlət rüsumunun ödənilməsi haqqında məlumat verilir. Dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd Mərkəzi Banka təqdim edildikdən sonra 2 (iki) iş günündən gec olmayaraq müraciət edən şəxs reyestrə daxil edilir və bu barədə 2 (iki) iş günü müddətində ona yazılı məlumat verilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd 5 (beş) iş günü müddətində təqdim edilmədikdə reyestrə daxil edilmə barədə qərar Mərkəzi Bank tərəfindən ləğv edilir və bu barədə 2 (iki) iş günü müddətində müraciət edənə yazılı məlumat verilir. Mərkəzi Bank tərəfindən müraciət edən şəxsin reyestrə daxil edildiyi gündən etibarən 5 (beş) iş günü müddətində bu barədə vergi orqanına məlumat verilir.

16.10. Aşağıdakı hallarda Mərkəzi Bank müraciət edən şəxsi reyestrə daxil etməkdən imtina edir:

16.10.1. müraciət edən ona yazılı bildirişdə qeyd olunmuş çatışmazlıqları bu Qanunun 16.8-ci maddəsi ilə müəyyən olunan müddətdə aradan qaldırmadıqda;

16.10.2. təqdim edilmiş sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar aşkar edildikdə;

16.10.3. təqdim edilmiş sənədlərdə bu Qanunun tələbləri ilə uyğunsuzluq aşkar edildikdə;

16.10.4. ödənilmiş nizamnamə kapitalının məbləği və ya xarici hüquqi şəxsin yerli filialına ayrılmış vəsait Mərkəzi Bankın müəyyən etdiyi tələblərə cavab vermədikdə;

16.10.5. idarəetmə funksiyalarını yerinə yetirən şəxslər, xarici hüquqi şəxsin yerli filialının rəhbəri, mühüm iştirak payı sahibləri (mühüm iştirak payının sahibi hüquqi şəxs olduqda, onun icra orqanının rəhbəri) və ya benefisiar mülkiyyətçilər vətəndaş qüsursuzluğu tələblərinə cavab vermədikdə;

16.10.6. mühüm iştirak pay sahiblərinin və ya benefisiar mülkiyyətçilərin icarəyə verənə təsirinin onun etibarlı və prudensial idarə edilməsi üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar mövcud olduqda və ya müraciət edənin nizamnamə kapitalının mənbəyi məlum olmadıqda;

16.10.7. xarici hüquqi şəxsin maliyyə vəziyyəti xarici hüquqi şəxsin yerli filialının təhlükəsiz fəaliyyəti baxımından qeyri-qənaətbəxş olduqda.

16.11. Mərkəzi Bank müraciət edən şəxsin reyestrə daxil edilməsindən imtina etdikdə, bu barədə əsaslandırılmış qərarın qəbul olunduğu gündən 2 (iki) iş günü müddətində müraciət edənə və vergi orqanına yazılı məlumat verilir. İmtina barədə qərardan məhkəməyə şikayət verilə bilər.

16.12. İmtina barədə qərar qəbul edildiyi halda və ya bu Qanunun 16.9-cu maddəsinə əsasən reyestrə daxil edilmə barədə qərar ləğv edildiyi halda müraciət edən reyestrə daxil edilmək üçün təkrar ərizə ilə 6 (altı) aydan tez olmayaraq Mərkəzi Banka müraciət edə bilər. Bu halda müraciətə bu Qanunun 16.2-ci maddəsinə uyğun olaraq yeni müraciət kimi baxılır.

16.13. İcarəyə verənin adı, ünvanı, idarəetmə funksiyalarını yerinə yetirən şəxsləri, o cümlədən maliyyə icarəsi fəaliyyətini həyata keçirən filialın rəhbəri, mühüm iştirak payının sahibləri və ya benefisiar mülkiyyətçiləri dəyişdikdə icarəyə verən bu barədə 5 (beş) iş günü müddətində Mərkəzi Banka yazılı məlumat verməlidir. Məlumata dəyişikliyi təsdiq edən sənədlər, dəyişikliklər idarəetmə funksiyalarını yerinə yetirən şəxslərə, mühüm iştirak payının sahiblərinə və benefisiar mülkiyyətçilərə aid olduqda, həmçinin bu Qanunun 16.2.3 –16.2.6-cı,16.3.3-cü və 16.3.4-cü maddələrində nəzərdə tutulmuş sənədlər və məlumatlar əlavə edilir.

16.14. İcarəyə verənin (xarici hüquqi şəxsin yerli filialı istisna olmaqla) filialının açılması barədə qərarın qəbul edildiyi tarixdən azı 5 (beş) iş günü müddətində icarəyə verən Mərkəzi Banka bu barədə yazılı bildiriş təqdim edir. Bildirişdə filialın adı, ünvanı göstərilir və bildirişə filial rəhbərinin bu Qanunun 16.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada vətəndaş qüsursuzluğuna dair məlumat əlavə olunur. Mərkəzi Bank tərəfindən 10 (on) iş günü müddətində bildirişə dair münasibət bildirilmədikdə icarəyə verənin filialı maliyyə icarəsi fəaliyyətinə başlaya bilər.

16.15. Bu fəsildə nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar müraciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.

16.16. Bu Qanunun məqsədləri üçün vətəndaş qüsursuzluğu tələbi müəyyən olunmuş şəxslərin məhkumluğu Mərkəzi Bankın sorğusu ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi arayış əsasında müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver