Qanunvericilik › Maliyyə icarəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 18

Maddə 18. Tənzimlənmə və nəzarət

Maliyyə icarəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

18.1. Mərkəzi Bank maliyyə icarəsi fəaliyyətinin tənzimlənməsi və nəzarəti ilə bağlı aşağıdakı səlahiyyətləri həyata keçirir:

18.1.1. bu Qanuna uyğun olaraq normativ xarakterli aktları qəbul edir;

18.1.2. reyestri aparır, icarəyə verənləri reyestrə daxil edir və reyestrdən çıxarır;

18.1.3. icarəyə verənin fəaliyyətinə dair hesabatlar alır;

18.1.4. icarəyə verənin fəaliyyətinin monitorinqini həyata keçirir;

18.1.5. icarəyə verənin maliyyə icarəsi fəaliyyətini yoxlayır;

18.1.6. maliyyə icarəsi fəaliyyəti ilə bağlı daxil olan şikayətlərə baxır.

18.2. Mərkəzi Bank nəzarət tədbirləri çərçivəsində icarəyə verənin idarə edilməsinə, maliyyə icarəsi fəaliyyətinə aid istənilən məsələ barəsində, o cümlədən bağladığı maliyyə icarəsi müqavilələri barədə icarəyə verəndən və onun əməkdaşlarından, habelə aidiyyəti şəxslərindən müvafiq sənədləri, izahat və məlumatları almaq hüququna malikdir.

18.3. Maliyyə icarəsi fəaliyyətinə dair hesabatların (maliyyə hesabatları istisna olmaqla) forması, məzmunu və təqdim edilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir.

18.4. Mərkəzi Bank maliyyə icarəsi fəaliyyəti üzrə riskləri azaltmaq, maliyyə icarəsi subyektlərinin hüquq və mənafelərini qorumaq məqsədilə bu Qanunda nəzərdə tutulan normativ tələblərdən başqa, maliyyə icarəsi sahəsində beynəlxalq təcrübədə qəbul olunmuş digər normativləri və tələbləri müəyyən etmək hüququna malikdir.

18.5. Mərkəzi Bank tərəfindən maliyyə icarəsi fəaliyyətinin monitorinqi və yoxlanılması, habelə nəzarətlə bağlı digər məsələlər bu Qanun və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

18.6. İcarəyə verənlər tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində nəzərdə tutulan qaydada həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver