“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.1.17-ci və 48.3.6-cı maddələrinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti
1. “Maliyyə xidmətlərinin (məhsullarının) test məqsədli alışı Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq departamentinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
1.1. Bu Qayda “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 48.3.6-cı maddəsinə uyğun olaraq hazırlanmışdır.
1.2. Bu Qayda istehlakçıların və investorların hüquqlarının qorunması məqsədilə banklar, bank olmayan kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya şirkətləri və qiymətli kağızlar bazarında digər lisenziyalaşdırılan şəxslər, investisiya fondları, investisiya fondunun idarəçiləri, ödəniş təşkilatları, elektron pul təşkilatları, ödəniş sistemləri operatorları, kredit büroları və maliyyə bazarlarını tənzimləyən qanunlarla Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra - Mərkəzi Bank) nəzarət etdiyi subyektlər kimi müəyyən edilən digər şəxslər (bundan sonra - nəzarət subyekti) tərəfindən maliyyə xidmətlərinin (məhsullarının) test məqsədli alışının təşkili qaydasını müəyyən edir.
2.1. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. test məqsədli alış – nəzarət subyektinin təklif etdiyi maliyyə xidmətləri (məhsulları) və müştərilərlə bazar davranışları haqqında məlumatların toplanması, müştərilərə xidmət səviyyəsinin qiymətləndirilməsi, habelə fəaliyyətinin maliyyə bazarlarını tənzimləyən hüquqi aktlara uyğunluğunun müəyyən edilməsi üzrə Mərkəzi Bank tərəfindən həyata keçirilən nəzarət tədbiri;
2.1.2. test məqsədli alışı həyata keçirən şəxs – nəzarət subyektinin təklif etdiyi xidməti (məhsulu) test məqsədli alan və ya almaq üçün müraciət edən Mərkəzi Bankın əməkdaşı və ya Mərkəzi Bank tərəfindən cəlb edilmiş üçüncü şəxs.
3.1. Test məqsədli alış nəzarət subyektinin fəaliyyətinə nəzarət, o cümlədən Mərkəzi Bankın tətbiq etdiyi digər nəzarət tədbirlərini tamamlamaq məqsədilə həyata keçirilir. Test məqsədli alış həmçinin maliyyə xidmətlərinin göstərilməsi ilə bağlı Mərkəzi Banka daxil olan şikayətlərin və ya bu sahədə yol verilən pozuntular, çatışmazlıqlar barədə mediada yayımlanmış məlumatların araşdırılması, habelə maliyyə xidmətləri (məhsulları) üzrə qanunvericilikdə dəyişiklik edilməsi zərurətinin öyrənilməsi məqsədilə aparıla bilər.
3.2. Test məqsədli alış həyata keçirilməzdən əvvəl Mərkəzi Bankın səlahiyyətli şəxsi (şəxsləri) tərəfindən test məqsədli alışın əhatə etdiyi xidmət (məhsul) və nəzarət subyekti müəyyən edilir, test məqsədli alışın həyata keçirilməsi prosesini əks etdirən ssenari hazırlanır.
3.3. Test məqsədli alış gizli müşahidələr, telefon zəngləri, poçt və elektron poçt vasitəsilə, xidmətin (məhsulun) təqdim edildiyi yerlərə, rəsmi internet səhifəsinə və rəqəmsal platformalara daxil olmaqla həyata keçirilir.
3.4. Test məqsədli alış nəzarət subyektinin iş vaxtı hesab edilən gün və saatlarda, onlayn xidmətlər üzrə isə real vaxt rejimində həyata keçirilir.
3.5. Test məqsədli alış nəzarət subyektinə elan edilmədən, bir və ya bir neçə şəxs tərəfindən həyata keçirilir.
3.6. Test məqsədli alışın həyata keçirilməsinə alışın əhatə etdiyi xidmətin (məhsulun) hədəf qrupuna (müştəri profilinə) uyğun üçüncü şəxslər cəlb oluna bilər və bu halda Mərkəzi Bankla həmin şəxslər arasında bağlanan müqavilələrdə məxfiliklə bağlı müddəalar əks olunur.
3.7. Test məqsədli alış nəzarət subyektinin və onun əməkdaşlarının reputasiyasına, habelə nəzarət subyektinin cari fəaliyyətinə maneə yaradacaq hərəkətlərə yol verilmədən aparılır.
4.1. Test məqsədli alışın nəticəsində nəzarət subyektinin fəaliyyətində pozuntu və ya çatışmazlıq aşkar edilərsə, Mərkəzi Bank tərəfindən nəzarət subyektinə test məqsədli alışın həyata keçirildiyi gündən 7 (yeddi) iş günü ərzində bu barədə elektron üsulla və ya alınmasını təsdiq edən poçt vasitəsilə bildiriş göndərilir. Bildirişdə test məqsədli alışın keçirilmə yeri, vaxtı, maliyyə xidmətinin (məhsulunun) növü, aşkar edilmiş nöqsanlar və çatışmazlıqlar göstərilir.
4.2. Bildirişi alan nəzarət subyekti 3 (üç) iş günü ərzində bildirişdə göstərilən hallara dair izahatını (etirazını) Mərkəzi Banka təqdim edir. Nəzarət subyektinin verdiyi izahat (etiraz) əsaslı hesab edilmədikdə, Mərkəzi Bank tərəfindən test məqsədli alış zamanı aşkar olunmuş pozuntuların (çatışmazlıqların) xarakterindən asılı olaraq nəzarət subyektinə icrası məcburi göstərişlər verilir və ya maliyyə bazarlarını tənzimləyən qanunlarda nəzərdə tutulmuş digər nəzarət tədbirləri həyata keçirilir.