Qanunvericilik › “Malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 03.08.2012) › Tam mətn

“Malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 03.08.2012)

“Malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 03.08.2012) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.1.18-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 3 avqust 2012-ci il

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 164-cü maddəsinə əsasən hazırlanmışdır və malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müəyyən edir.

1.2. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar yerləşdirilir.

1.3. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilən xarici mallar daxili mallar gömrük statusunu alır.

1.4. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilən mallar geri aparılma öhdəliyi götürülmədən, Azərbaycan Respublikasının ərazisində qalır.

1.5. Xarici malların bu Qaydaların 1.3-cü bəndinə əsasən sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında gömrük rəsmiləşdirilməsi yerinə yetirildikdən sonra mallar gömrük nəzarətindən çıxarılaraq barəsində səlahiyyəti olan şəxslərə və ya onların nümayəndələrinə verilir. Həmin şəxslər qanunvericiliyə uyğun olaraq, malların üzərində sərəncam verməkdə sərbəstdirlər.

2.1. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında malların yerləşdirilməsi şərtləri aşağıdakılardır:

2.1.1. qanunvericiliklə müəyyən edilmiş gömrük ödənişlərinin ödənilməsi;

2.1.2. ticarət siyasəti tədbirlərinin tətbiqi;

2.1.3. malların idxalı ilə bağlı qanunvericiliklə müəyyən edilmiş tələblərin yerinə yetirilməsi və müəyyən edilmiş digər prosedurların tamamlanması (dövlət sərhədindən keçirilməsi, müəyyən edilmiş marşrutlar üzrə vaxtında təyinat gömrük orqanına çatdırılması, malların təyinat orqanına təqdim edilməsi, nəqliyyat vasitələri üzərində qoyulmuş gömrük təminatlarının pozulmaması, malların rəsmiləşdirilməsi ilə bağlı müvafiq sənədlərin gömrük rəsmiləşdirilməsini aparacaq gömrük orqanına təqdim olunması).

2.2. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi nəzərdə tutulan malların gömrük rəsmiləşdirilməsi zamanı alınan gömrük ödənişləri Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarına əsasən həyata keçirilir.

2.3. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş mallar üçün 14 (on dörd) gündən 60 (altmış) günədək gömrük borcunun ödənilməsinə möhlətin verilməsi Gömrük Məcəlləsinin 246-cı maddəsinə əsasən həyata keçirilir.

2.4. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş malların gömrük rəsmiləşdirilməsi zamanı ticarət siyasəti tədbirlərinə əməl olunması yoxlanılır.

2.5. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilən malların gömrük rəsmiləşdirilməsinə dair sənədlər Gömrük Məcəlləsinin 150.3-cü və 150.4-cü maddələrinin tələblərinə uyğun müəyyən edilir.

3.1. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi mallar barəsində səlahiyyəti olan şəxs və ya onun nümayəndəsi tərəfindən gömrük orqanına müraciəti (kağız üzərində yazılı və ya elektron formada) əsasında həyata keçirilir. Malların gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannaməni (kağız üzərində yazılı və ya elektron formada) və ya bu Qaydaların 2.5-ci bəndinə əsasən sənədləri təqdim etdiyi vaxtdan başlanır, zəruri gömrük əməliyyatları yerinə yetirildikdən, Gömrük Məcəlləsində nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra başa çatır.

4.1. Gömrük orqanları tərəfindən gömrük bəyannaməsində göstərilən məlumatların, bəyan olunan malların yoxlanılması, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün tələb olunan sənədlərin təqdim edilməsi, icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş qanunvericilik aktlarına riayət olunması, gömrük rüsumlarının, müvafiq vergilərin və digər gömrük ödənişlərinin alınması, mallardan gömrük ekspertizası üçün prob və nümunələrin götürülməsi və digər hərəkətlər Gömrük Məcəlləsinin müvafiq maddələrinə uyğun qaydada həyata keçirilir.

5.1. Bəyannaməçi, mallar barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri tərəfindən Gömrük Məcəlləsinin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericilikdə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlanıldıqdan dərhal sonra gömrük orqanları sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş malların buraxılışını həyata keçirir. Eyni gömrük bəyannaməsinin əhatə etdiyi bütün mallar gömrük orqanları tərəfindən eyni vaxtda buraxılır.

5.2. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş malların gömrük rəsmiləşdirilməsi zamanı tərtib edilmiş gömrük bəyannaməsində məlumatların düzgün olmadığı müəyyən edildikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edir. Həmin tələb yerinə yetirildikdən və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra buraxılış həyata keçirilir.

5.3. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş mallar gömrük bəyannaməsini təsdiq etmiş gömrük orqanına deyil, digər gömrük orqanına təqdim edildikdə, aidiyyəti gömrük orqanları həmin malların buraxılışı üçün zəruri olan məlumatları öz aralarında mübadilə etməlidirlər.

6.1. Müvafiq normativ hüquqi aktların tələblərinə əsasən, gömrük ərazisinə gətirilməsi qadağan olunmuş malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsinə yol verilmir.

6.2. İdxalı müvafiq dövlət orqanlarının icazə sənədləri alınmaqla aparılan malların gömrük rəsmiləşdirilməsi həmin icazə sənədləri təqdim olunmaqla həyata keçirilir.

6.3. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş malların gömrük rəsmiləşdirilməsinin operativliyini və şəffaflığını artırmaq məqsədi ilə müraciət edən şəxslərin qəbul edilməsi ardıcıllığının müəyyən olunması üçün gömrük orqanlarında elektron idarəetmə sistemindən (“elektron növbə”) istifadə edilir.

1. 01 may 2015-ci il tarixli 164 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 650)

2. 12 mart 2024-cü il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 mart 2024-cü il, “Xalq” qəzeti, 16 mart 2024-cü il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 314)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver