Qanunvericilik › Məcburi Arbitraj haqqında Əsasnamə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 25.03.1999) › Tam mətn

Məcburi Arbitraj haqqında Əsasnamə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 25.03.1999)

Məcburi Arbitraj haqqında Əsasnamə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 25.03.1999) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1.Hazırkı Əsasnamə Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında ”Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanına və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 281-ci maddəsinə əsasən təsdiq edilir.

1.2.Tətillərin qanunvericiliyə uyğun olaraq qadağan edildiyi sahələrdə (xəstəxana bölməsi, elektrik enerjisi təchizatı, su təchizatı, telefon rabitəsi, hava və dəmiryol nəqliyyatını idarəetmə xidməti, yanğından mühafizə xidməti) yaranmış kollektiv əmək mübahisəsini tərəflər barışdırıcı üsullarla həll edə bilmədikdə Məcburi Arbitraj tətbiq edilir.

1.3.Məcburi Arbitraj Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nəzirliyinin nəzdində yaradılır və bu Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.

1.4.Məcburi Arbitrajda kollektiv əmək mübahisəsinə baxılması üçün mübahisə edən tərəflərdən birinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyinə rəsmi müraciət etməsi kifayətdir.

2.1. Kollektiv əmək mübahisəsinə baxan Məcburi Arbitrajın tərkibi mübahisə edən tərəflərlə razılaşdırılmaqla beş nəfərdən (sədr və arbitrlərdən) az olmayaraq tək sayda Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən təsdiq edilir.

Məcburi arbitrajın sədri açıq səsvermə yolu ilə onun tərkibinə daxil olan arbitrlərdən səs çoxluğu ilə seçilir.

2.2. Məcburi Arbitrajın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində daimi fəaliyyət göstərən katibliyi vardır.

Katibliyin tərkibi hüquqşünasdan və əmək məsələləri üzrə mütəxəssislərdən ibarətdir. Katibliyə katib və digər işçilər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat işçilərindən təyin edilir.

Katibliyi tərkibinə daxil edilən şəxslər əsas iş yerləri üzrə vəzifə borclarının yerinə yetirilməsindən azad edilmir və kollektiv əmək mübahisəsinə baxılan dövrdə vəzifə maaşlarının 25 faizi məbləğində əlavə haqq alırlar.

2.3. Katiblik yaranmış kollektiv əmək mübahisəsi ilə əlaqədar aşağıdakı təşkilati-hüquqi işlərin yerinə yetirilməsini təmin edir:

- Məcburi Arbitrajın tərkibinin müəyyənləşdirilməsi və mübahisə edən tərəflərlə razılaşdırılması;

- Məcburi Arbitrajın keçirilmə vaxtının müəyyənləşdirilməsi və tərəflərə elan edilməsi;

- Məcburi Arbitrajın iclaslarının keçirilməsinin təşkili, iclasların protokollaşdırılması, iş prosesində müvafiq sənədlərin çoxaldılaraq arbitrlərə tanışlıq üçün çatdırılması;

- Məcburi Arbitrajın qərarının tərəflərə çatdırılması.

2.4. Katiblik hazırkı əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üzrə fəaliyyətində əmək və əhalinin sosial müdafiəsi nazirinə tabedir və fəaliyyəti ilə əlaqədar nazirliyin maddi-texniki imkanlarından istifadə etmək və müvafiq strukturlarının mütəxəssisləri ilə məsləhətləşmələr aparmaq hüququna malikdir.

2.5. Katiblik on iş günündən gec olmayaraq, nazirliyə baxılmaq üçün daxil olmuş kollektiv əmək mübahisəsilə tanış olur, Məcburi Arbitrajın tərkibini kollektiv əmək mübahisəsinin tərəfləri ilə razılaşdıraraq müəyyən edir və təsdiq edilmək üçün əmək və əhalinin sosial müdafiəsi nazirinə təqdim edir. Bunun üçün katiblik hazırkı Əsasnaməyə uyğun olaraq hər iki tərəflə Məcburi Arbitrajın say tərkibini razılaşdırır və tərəflərin hər birindən Arbitrajın ümumi say tərkibindən çox olmayan bərabər sayda namizədləri qəbul edir və həmin namizədləri hər iki tərəflə razılaşdırır. Daha sonra isə püşkatma yolu ilə Məcburi Arbitrajın tərkibini tərəflərin iştirakı ilə müəyyənləşdirir və nəticələri rəsmiləşdirərək tərəflərin səlahiyyətli nümayəndələrinə imzalatdırır.

2.6. Məcburi Arbitrajın tərkibi daimi deyildir və hər bir kollektiv əmək mübahisəsi üçün fərdi olaraq yaradılır. Məcburi Arbitrajın tərkibi icra hakimiyyəti orqanlarının, konsernlərin, şirkətlərin, həmkarlar ittifaqları təşkilatlarının, işə götürənlər birliklərinin, elmi təşkilatların, özəl qurumların, assosiasiyaların və s. müəssisə və təşkilatların nümayəndələrindən təşkil oluna bilər.

2.7. Məcburi Arbitrajın tərkibi təsdiq edildikdən sonra üç iş günü ərzində katiblik tərəfindən Məcburi Arbitrajın keçirilmə vaxtı və yeri mübahisə edən tərəflərə və arbitrlərə elan edilir və kollektiv əmək mübahisəsinin materialları çoxaldılaraq hər bir arbitrə tanışlıq üçün verilir.

2.8. Kollektiv əmək mübahisəsinə Məcburi Arbitrajda baxılarkən mübahisə edən tərəflərin hər birindən iki nümayəndənin iştirakına icazə verilir. Tərəflərin nümayəndələri Məcburi Arbitrajda çıxış etmək və təmsil etdikləri tərəfi müdafiə etmək hüququna malikdirlər.

2.9. Katibliyin işçiləri kollektiv əmək mübahisəsinə baxılarkən müzakirələrdə yalnız iştirak etmək və katibliyə aid edilən işləri yerinə yetirmək hüququna malikdirlər. Katibliyin işçiləri və tərəflərin nümayəndələri Arbitrajın qərarının səsverməsində səs hüququna malik deyillər.

2.10. Məcburi Arbitrajın bir və ya iki arbitrinin kollektiv əmək mübahisəsinə baxılarkən arbitrajda iştirak etməməsi onun keçirilməməsinə əsas vermir, lakin bu halda iştirak edən arbitrlərin tək sayda olması tərəflərin razılığı ilə təmin edilməlidir.

2.11. Məcburi Arbitrajın iclasları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiya zalında keçirilir.

Məcburi Arbitrajın kollektiv əmək mübahisəsi üzrə qərarı arbitrlərin səs çoxluğu ilə qəbul edilir. Qəbul edilmiş qərar arbitrajda iştirak edən arbitrlər tərəfindən mütləq imzalanır.

2.12. Məcburi Arbitraj kollektiv əmək mübahisəsi üzrə qərarın kollektiv əmək mübahisəsinə Məcburi Arbitrajda baxılmağa başlandığı gündən bir aydan gec olmayaraq verməlidir. Kollektiv əmək mübahisəsinin tərəfləri Məcburi Arbitrajın çıxardığı qərarı yerinə yetirməyə borcludurlar.

3.1. Məcburi Arbitrajın arbitrlərinə aşağıdakı tələblər qoyulur.

- Azərbaycan Respublikasının vətəndaşı olmaq;

- dövlət əleyhinə siyasi fəaliyyətinə və maddi məsuliyyətə məhkum olunmamaq (bəraət verilən hallar istisna edilməklə);

- icra hakimiyyəti orqanlarında, həmkarlar ittifaqı təşkilatlarında yüksək rəhbər vəzifədə olmamaq;

- hüquq, iqtisadiyyat və ya humanitar sahələr üzrə ali təhsilə və ya ali texniki təhsilə və bu sahələr üzrə ən azı beş il iş stajına malik, mübahisənin nəticələrində marağı olmayan yüksək ixtisaslı mütəxəssis olmaq.

3.2. Məcburi Arbitrajın arbitrlərinin kollektiv əmək mübahisəsinə baxılarkən mübahisə edən tərəflərdən müvafiq sənədlər tələb etmək hüququ vardır.

3.3. Məcburi Arbitrajın hər bir arbitrinin irəli sürdüyü təklifi səsə qoymaq hüququ vardır.

3.4. İşəgötürənlər Məcburi Arbitraja arbitr seçilmiş işçiləri kollektiv əmək mübahisəsinə baxılan günlərdə vəzifə borclarının icrasından azad etməlidirlər.

3.5. Məcburi Arbitrajın arbitrlərinin arbitrajda iştirak etdikləri müddətdə iş yerlərində orta aylıq əmək haqqı saxlanılır.

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin tövsiyəsi ilə Məcburi Arbitrajda fəal iştirak etmiş arbitrlər iş yerlərindən bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik mükafatlandırıla bilərlər.

1. 14 iyul 1999-cu il tarixli 15-4 nömrəli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Azərbaycan Respublikası Nazirliklərinin, Dövlət Komitələrinin və başqa Mərkəzi İcra Hakimiyyəti orqanlarının Normativ-Hüquqi Aktlarının Bülleteni, 1999-cu il, № 12)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver