Qanunvericilik › Məcburi dövlət sosial sığorta ödəmələri üzrə borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Tam mətn

Məcburi dövlət sosial sığorta ödəmələri üzrə borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Məcburi dövlət sosial sığorta ödəmələri üzrə borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Məcburi dövlət sosial sığorta ödəmələri üzrə borcların tənzimlənməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Dövlət mülkiyyətində olan və səsvermənin nəzarət zərfi dövlətə məxsus olan müəssisə və təşkilatların, eləcə də qanunvericiliyə müvafiq qaydada özəlləşdirmək üçün müvafiq icra hakimiyyəti orqanının sərəncamına verilmiş və 2000-ci il yanvarın 1-dək özəlləşdirilmiş müəssisə və təşkilatların məcburi dövlət sosial sığorta ödəmələri üzrə 2000-ci il 1 yanvar tarixə olan borclarının:

2001-ci il yanvarın 1-dək 50 faizi ödənildikdə, borcların qalan 50 faizi və onlara tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış peniya) tam məbləğdə ləğv edilir;

2001-ci il iyulun 1-dək 70 faizi ödənildikdə, borcların qalan 30 faizi və onlara tətbiq olunmuş maliyyə sanksiyaları (hesablanmış peniya) tam məbləğdə ləğv edilir;

2002-ci il yanvarın 1-dək 80 faizi ödənildikdə, borcların qalan 20 faizi və onlara tətbiq olunmuş maliyyə sanksiyaları (hesablanmış peniya) tam məbləğdə ləğv edilir.

2. Kolxozların, sovxozların, təsərrüfatlararası kənd təsərrüfatı müəssisələrinin və kənd təsərrüfatı məhsullarının istehsalı ilə, o cümlədən quşçuluqla məşğul olan digər hüquqi və fiziki şəxslərin (emal müəssisələrindən başqa) 2000-ci il 1 yanvar tarixə ödənilməmiş məcburi dövlət sosial sığorta ödəmələri üzrə borcları və bu borclara tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış peniya) tam məbləğdə ləğv edilir.

3. Dövlət büdcəsindən maliyyələşən təşkilatların və müəssisələrin 2000-ci il 1 yanvar tarixə məcburi dövlət sosial sığorta ödəmələri üzrə borcları və bu borclara tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış peniya) tam məbləğdə ləğv edilir.

4. “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilmiş dövlət müəssisələrinin özəlləşənə qədər olan məcburi dövlət sosial sığorta ödəmələri üzrə borclarının 2000-ci il yanvarın 1-nə qədər ödənilməmiş hissəsi və onlara tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış peniya) tam məbləğdə ləğv edilir.

5. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

Bakı şəhəri, 16 may 2000-ci il № 881-IQ

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver