“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 614 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara, məcburi köçkünlərə, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda olan qocalara, uşaqlara, aztəminatlı və ailə başçısını itirmiş şəxslərə, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlara, İİV-lə yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və Azərbaycan Respublikası tərəfindən qaçqın statusu verilmiş şəxslərə tibbi və sağlamlıq imkanları məhdud uşaqlara defektoloji yardımın (xidmətin) göstərilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 7 mart 2005-ci il
1. Bu Qayda “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 614 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanmışdır və məcburi köçkünlərə, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda olan qocalara, uşaqlara, aztəminatlı və ailə başçısını itirmiş şəxslərə, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlara, İİV-lə yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və Azərbaycan Respublikası tərəfindən qaçqın statusu verilmiş şəxslərə tibbi və sağlamlıq imkanları məhdud uşaqlara defektoloji yardımın (xidmətin) göstərilməsi qaydasını tənzimləyir.
2. Məcburi köçkünlər, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda olan qocalar, uşaqlar, aztəminatlı və ailə başçısını itirmiş şəxslər, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlar, İİV-lə yaşayan Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və Azərbaycan Respublikası tərəfindən qaçqın statusu verilmiş şəxslər tibbi və sağlamlıq imkanları məhdud uşaqlar defektoloji yardımla (xidmətlə) Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına ərazi dövlət tibb müəssisələrində təmin olunurlar.
3. Pulsuz tibbi və defektoloji yardımla (xidmətlə) təmin olunmaq üçün bu Qaydada göstərilən şəxslər ərazi dövlət tibb müəssisəsinə müraciət edib, müvafiq hüquqlarını təsdiq edən əsas sənədləri ( məcburi köçkünlük və ya qaçqın və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusu haqqında vəsiqəni və ya müvafiq xəstəliklər haqqında arayışı və s.) təqdim etməlidirlər.
4. Bu Qaydada göstərilən şəxslərə ixtisaslaşdırılmış tibb müəssisələrində pulsuz tibbi və ya defektoloji yardımlar yalnız ərazi dövlət tibb müəssisələrinin göndərişi əsasında edilir.
1. 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130)
2. 20 avqust 2010-cu il tarixli 154 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 08, maddə 763)
3. 20 oktyabr 2020-ci il tarixli 402 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 oktyabr 2020-ci il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1290)
4. 30 aprel 2021-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 may 2021-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 425)
5. 23 dekabr 2021-ci il tarixli 403 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 dekabr 2021-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1527)