Qanunvericilik › “Mədəni sərvətlərdən aztəminatlı əhali, əlilliyi olan şəxslər, müharibə iştirakçıları tərəfindən güzəştli istifadə Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 20.08.2015) › Tam mətn

“Mədəni sərvətlərdən aztəminatlı əhali, əlilliyi olan şəxslər, müharibə iştirakçıları tərəfindən güzəştli istifadə Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 20.08.2015)

“Mədəni sərvətlərdən aztəminatlı əhali, əlilliyi olan şəxslər, müharibə iştirakçıları tərəfindən güzəştli istifadə Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 20.08.2015) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Mədəni sərvətlərdən aztəminatlı əhali, əlilliyi olan şəxslər, müharibə iştirakçıları tərəfindən güzəştli istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 20 avqust 2015-ci il

1.1. Bu Qayda “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 14.2.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında aztəminatlı əhali, əlilliyi olan şəxslər, müharibə iştirakçıları tərəfindən mədəni sərvətlərdən güzəştli istifadə edilməsi ilə bağlı məsələləri tənzimləyir.

1.2. Mədəni sərvətlərdən güzəştli istifadə dövlət və bələdiyyə mülkiyyətində, həmçinin qarşılıqlı razılaşma əsasında xüsusi mülkiyyətdə olan mədəniyyət müəssisələrində qorunan və ya nümayiş etdirilən mədəni sərvətlərdən bu Qaydanın 1.3-cü bəndində göstərilən şəxslərin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin,, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı tələb olunmadan qeyri-kommersiya məqsədləri üçün ödənişsiz faydalanmasını nəzərdə tutur və bu Qaydaya uyğun həyata keçirilir.

1.3. Bu Qayda aşağıdakı şəxslərə şamil olunur:

1.3.1. Azərbaycan Respublikasında yaşayan aztəminatlı ailələrin üzvlərinə;

1.3.2. əlilliyi olan şəxslərə;

1.3.4. müharibə veteranlarına.

2.1. Bu Qaydanın 1.3-cü bəndində göstərilən şəxslər mədəni sərvətlərdən güzəştli istifadə üçün mədəni sərvətlərin qorunmasını və ya nümayişini həyata keçirən dövlət və bələdiyyə mülkiyyətində olan mədəniyyət müəssisəsinin rəhbərinə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin tələblərinə uyğun olaraq ərizə ilə müraciət edirlər.

2.2. Xüsusi mülkiyyətdə olan mədəniyyət müəssisələrində qorunan və nümayiş etdirilən mədəni sərvətlərdən güzəştli istifadə üçün mülkiyyətçinin razılığı əsasında həmin müəssisənin rəhbərinə müraciət edilir.

2.3. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

2.3.1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunda yaradılmış komissiya tərəfindən ünvanlı dövlət sosial yardımının təyin edilməsi barədə qərarın surəti - bu Qaydanın 1.3.1-ci yarımbəndində göstərilən şəxslər tərəfindən;

2.3.2. tibbi-sosial ekspert komissiyası tərəfindən verilmiş arayışın surəti - bu Qaydanın 1.3.2-ci və 1.3.3-cü yarımbəndlərində göstərilən şəxslər tərəfindən;

2.3.3. hərbi bilet və ya müharibə veteranı vəsiqəsinin surəti – bu Qaydanın 1.3.4-cü yarımbəndində göstərilən şəxslər tərəfindən;

2.3.4. şəxsiyyət vəsiqəsinin surəti.

2.3-1. Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

2.4. Müvafiq qərarın qəbul edilməsi ilə bağlı icraat “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında həyata keçirilir.

3.1. Mədəni sərvətlərin qorunmasını və ya nümayişini həyata keçirən dövlət və bələdiyyə mülkiyyətində olan mədəniyyət müəssisəsi tərəfindən güzəştli istifadə şamil olunan şəxslərin və müvafiq sənədlərin siyahısı hər kəs üçün aydın görünən lövhələrdə yerləşdirilməlidir.

3.2. Dövlət və bələdiyyə mülkiyyətində olan mədəniyyət müəssisələrindəki mədəni sərvətlərin istifadəsi öz tarixi və bədii təyinatına uyğun həyata keçirilməlidir.

3.3. Mədəni sərvətlərin tarixi və bədii təyinatı ilə bir araya sığmayan tərzdə istifadə edilməsinə və “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməklə, mülkiyyətçisinin və ya istifadəçisinin razılığı olmadan mədəni sərvətlərin surətinin çıxarılması (hazırlanması), habelə onlardan turizm, ekskursiya və reklam məqsədi ilə istifadə edilməsinə yol verilmir.

1. 28 noyabr 2016-cı il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №11, maddə 1976)

2. 6 dekabr 2017-ci il tarixli 529 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 dekabr 2017-ci il, № 271, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2477)

3. 26 oktyabr 2020-ci il tarixli 425 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №10, maddə 1313)

4. 24 noyabr 2020-ci il tarixli 459 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2020-ci il, № 249, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1402)

5. 5 mart 2021-ci il tarixli 62 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2021-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 281)

6. 21 sentyabr 2022-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 27 sentyabr 2022-ci il, № 209, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1100)

7. 5 noyabr 2022-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 noyabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1347)

8. 22 may 2024-cü il tarixli 275 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 612)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver