Qanunvericilik › Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. mədəniyyət – ədəbiyyat və incəsənət daxil olmaqla, cəmiyyətin və ya sosial qrupların maddi, mənəvi, intellektual və emosional xüsusiyyətlərini müəyyənləşdirən, insanların həyat tərzini, birgə yaşayış qaydalarını, mənəvi dəyərlər sistemini əhatə edən xüsusiyyətlərin məcmusu;

1.0.2. mədəniyyət fəaliyyəti (mədəniyyət sahəsində fəaliyyət) – mədəni sərvətlərinin yaradılması, yayılması, qorunması, bərpası, mənimsənilməsi və təşviqi, həmçinin mədəniyyət xidmətlərinin göstərilməsi və təşkili sahəsində fəaliyyət;

1.0.3. mədəniyyət sahəsində dövlət siyasəti – mədəni irsin və mədəni sərvətlərin yaradılması, müəyyən edilməsi, qorunması, inkişafı və təbliği sahəsində həyata keçirilən tədbirlərdə dövlətin rəhbər tutduğu məqsədlər, prinsiplər, normalar, konsepsiya, strategiya və dövlət proqramlarının məcmusu;

1.0.4. mədəniyyət məhsulları – kommersiya dəyərindən asılı olmayaraq, səciyyəvi xüsusiyyətləri, istifadə növləri və ya məqsədləri baxımından mədəni özünüifadə formalarını ehtiva edən insan fəaliyyətinin nəticələri;

1.0.5. mədəniyyət xidmətləri – şəxslərin mədəni-mənəvi-estetik ehtiyaclarının ödənilməsi məqsədilə göstərilən xidmətlər və yaradılan şərait;

1.0.6. mədəniyyət məkanı – mədəni sərvətlərin və ənənələrin yaranma və yayılma dairəsi;

1.0.7. mədəni məzmun – mədəni özünəməxsusluqdan yaranan və ifadə olunan ənənələr və mədəni dəyərlər;

1.0.8. mədəni və yaradıcı sənaye – mədəniyyətə və yaradıcılığa əsaslanan iqtisadi fəaliyyət növlərinin məcmusundan ibarət iqtisadi münasibətlər sistemi, habelə mədəniyyət məhsullarının və xidmətlərinin istehsalını və realizə edilməsini təmin edən fəaliyyət sahəsi;

1.0.9. bədii dəyər – bədii yaradıcılıq fəaliyyətinin nəticəsi olan mədəniyyət, ədəbiyyat və incəsənət əsərlərinin estetik əhəmiyyətini formalaşdıran xüsusiyyətlər;

1.0.10. milli mədəni irs – Azərbaycan xalqına məxsus, ümumazərbaycan əhəmiyyəti kəsb edən, universal dəyərlərə malik mədəniyyət nümunələrinin məcmusu;

1.0.11. qeyri-maddi mədəni irs – şəxslərin, qrupların və cəmiyyətin özünün mədəni irs nümunələri kimi qəbul etdikləri ənənələr, təsvir və ifadə formaları, bilik və bacarıqlar, onların yaradılmasında istifadə olunan alətlər, əşyalar, artefaktlar və mədəniyyət məkanları;

1.0.12. maddi mədəni irs – daşınmaz və daşınar mədəni irs;

1.0.13. daşınmaz mədəni irs – daşınmaz arxeoloji, memarlıq, bağ-park, monumental, xatirə abidələri, dekorativ-tətbiqi sənət nümunələri, o cümlədən mədəniyyət, memarlıq, bədii, etnoqrafiya, təbiət abidələri və tarixi qoruqlar, mədəniyyət məkanları, məqbərələr, arxeoloji komplekslər, memarlıq ansamblları, dini ocaqlar və etnoparklar;

1.0.14. daşınar mədəni irs – tarixi, təbii, arxeoloji, sənədli, etnoqrafik, kulinar, bədii, elmi-tədqiqat, rəsm, incəsənət, kinematoqrafiya, numizmat, filatelist, heraldik, biblioqrafiya, epiqrafiya, estetik, etnoloji və antropoloji daşınar sərvətlərin məcmusu;

1.0.15. mədəni irs nümunələri – özündə bir xalqın, milli azlığın maddi və qeyri-maddi mədəni irs nümunələrini əks etdirən mədəni sərvətlərin məcmusu. Bura yeraltı, yerüstü və sualtı mədəni irs nümunələri aiddir;

1.0.16. sualtı mədəni irs – insan varlığının bütövlükdə və ya qismən, daimi və ya vaxtaşırı su altında qalan mədəni, tarixi və ya arxeoloji izləri;

1.0.17. təbii irs – universal dəyərə malik fiziki və bioloji birləşmələrdən ibarət təbiət abidələri, geoloji və fizioqrafik birləşmələr, heyvan və bitki arealı olan zonalar, təbii zonalar,

1.0.18. dekorativ-tətbiqi sənət – müxtəlif məmulatlar üzərində bədii əsərlərin yaradılmasına yönəlmiş maddi mədəni irs yaradıcılığı sahəsi;

1.0.19. mədəni özünüifadə müxtəlifliyi (mədəni müxtəliflik) – ayrı-ayrı qrupların və cəmiyyətlərin mədəniyyətlərinin öz ifadəsini tapdığı, qruplar və cəmiyyətlər arasında və onların daxilində ötürülən müxtəlif formalar. Mədəni müxtəliflik yalnız dünya mədəni irsinin ifadə olunduğu, artırıldığı və ötürüldüyü müxtəlif mədəni özünüifadə vasitələrinin tətbiqi ilə deyil, həmçinin hansı vəsaitlərdən və texnologiyalardan istifadə edilməsindən asılı olmayaraq, bədii yaradıcılığın müxtəlif növlərinin, mədəni özünüifadə məhsullarının istehsalının, yayılmasının və onlara yiyələnmənin köməyi ilə meydana gəlir;

1.0.20. mədəni özünüifadə – ayrı-ayrı şəxslərin, qrupların və ya cəmiyyətlərin yaradıcılığının nəticəsi olan və mədəni məzmun daşıyan ifadə forması;

1.0.21. mədəni sərvətlər – mənəvi və estetik ideallar, əxlaq normaları və nümunələri, dillər, dialektlər və ləhcələr, milli adət və ənənələr, tarixi toponimlər, folklor, bədii sənət və peşələr, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət əsərləri, nəşriyyat məhsulları, mədəniyyət sahəsində elmi tədqiqatların nəticələri və metodları, tarixi-mədəni əhəmiyyətə malik binalar, tikililər, əşyalar, tarixi-mədəni əhəmiyyətli unikal təbii ərazilər və obyektlər, məqbərələr, qoruqlar, arxeoloji komplekslər, arxeoloji və numizmatik xarakterli əşyalar;

1.0.22. milli kulinariya nümunələri – bir millətin mədəniyyətinə məxsus texnoloji, forma, naxış, əşya, avadanlıq və resept komplekslərini özündə birləşdirən qida məhsullarının hazırlanmasına yönəlmiş insan fəaliyyətinin nəticələri;

1.0.23. sosial əhəmiyyətli tədbirlər – mədəniyyət günləri, festivallar, baxış, müsabiqə, təqdimat, yubiley və xatirə tədbirləri, eləcə də mədəniyyət və incəsənət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə keçirilən mədəniyyət tədbirləri;

1.0.24. yaradıcılıq fəaliyyəti – mədəni sərvətlərin yaradılmasına yönəlmiş fəaliyyət;

1.0.25. yaradıcı şəxs – mədəni sərvətlərin yaradılması, o cümlədən mədəniyyət sahəsində pedaqoji və ya elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan fiziki şəxs;

1.0.26. mədəni sərvətləri korlama – mədəni sərvətlərin tarixi və mədəni dəyərinin qismən itirilməsinə, bədii-estetik görkəminin dəyişdirilməsinə, ilkin vəziyyətinin təhrif olunmasına, yeni quruluşa və ya qismən yararsız hala salınmasına səbəb olan qanunsuz müdaxilələrin və ya digər qanunsuz əməllərin törədilməsi;

1.0.27. mədəni sərvətləri məhv etmə – mədəni sərvətlərin dəyərinin həmişəlik itirilməsinə və ya ilkin vəziyyətinin bərpasının qeyri-mümkün olduğu tam yararsız hala salınmasına səbəb olan qanunsuz olaraq dağıdılması, parçalanması, yandırılması, partladılması və ya digər təsir üsullarının qanunsuz tətbiq edilməsi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver