14.1. Azərbaycan Respublikasında mədəniyyət müəssisələrindən və mədəni sərvətlərdən istifadə etmək hüququ dövlət tərəfindən təmin edilir.
14.2. Bu Qanunun 14.1-ci maddəsinin icrasını təmin etmək məqsədilə dövlət tərəfindən:
14.2.1. milli mədəniyyətin dünya mədəniyyətinə inteqrasiyasını, mədəniyyətlərarası dialoqların inkişafını və vahid mədəniyyət məkanının qurulmasını təmin etmək məqsədilə milli mədəniyyət sahəsində müvafiq layihələr həyata keçirilir;
14.2.2. mədəni və yaradıcı sənayenin inkişafına yönəlmiş investisiya layihələri həyata keçirilir və ya investisiya mühitinin yaxşılaşdırılması məqsədilə həmin investisiyaların qoyuluşuna əlverişli mühit yaradılır;
14.2.3. əhalinin mədəniyyət müəssisələrindən və mədəniyyət məkanlarından istifadə imkanlarının sadələşdirilməsinə yönəlmiş layihələr həyata keçirilir;
14.2.4. aztəminatlı əhalinin, əlilliyi olan şəxslərin, müharibə iştirakçılarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada mədəni sərvətlərdən güzəştli istifadəsi təmin edilir;
14.2.5. iqtisadi, sosial, hüquqi, elmi-texniki, müasir texnologiya və digər tədbirlər vasitəsilə uşaq və gənclərin mədəniyyət fəaliyyətini və mədəni sərvətlərdən bəhrələnmələrini stimullaşdıran layihələr həyata keçirilir;
14.2.6. mədəniyyət sahəsində ümumi estetik tərbiyənin, təhsilin, o cümlədən əlavə təhsilin gücləndirilməsi məqsədilə müvafiq layihələr həyata keçirilir;
14.2.7. bu Qanuna uyğun olaraq mədəniyyət sahəsində dövlət reyestri və monitorinqi aparılır, dövlət nəzarəti həyata keçirilir;
14.2.8. mədəniyyət sahəsində səyyar fəaliyyətin inkişafına dair layihələr həyata keçirilir;
14.2.9. mədəniyyət sahəsində müasir informasiya və kommunikasiya texnologiyaları tətbiq edilir;
14.2.10. mədəniyyət fəaliyyətinə dair standartlar qəbul edilir və tətbiqinə nəzarət həyata keçirilir;
14.2.11. mədəniyyət sahəsində sahibkarlığın inkişafına dair tədbirlər görülür;
14.2.12. dövlət mədəniyyət siyasətinin həyata keçirilməsinə dövlət nəzarəti təmin edilir;
14.2.13. əhali mədəniyyət sahəsi barədə məlumatlandırılır.