Qanunvericilik › Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 30

Maddə 30. Mədəni sərvətlər

Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

30.1. Mədəni sərvət dedikdə aşağıdakılar başa düşülür:

30.1.1. hər bir xalqın mədəni irsi üçün əhəmiyyəti olan daşınar və ya daşınmaz sərvətlər (memarlıq, incəsənət və ya tarixi, dini və ya dünyəvi abidələr; arxeoloji qazıntı yerləri; tarixi və ya bədii əhəmiyyət kəsb edən memarlıq ansamblları; incəsənət əsərləri; bədii, tarixi və ya arxeoloji əhəmiyyəti olan əlyazmalar, kitablar və digər əşyalar; elmi kolleksiyalar; kitab və arxiv materiallarının, yaxud yuxarıda göstərilən sərvətlərin reproduksiyalarının mühüm kolleksiyaları);

30.1.2. Bu Qanunun 30.1.1-ci maddəsində göstərilmiş, əsas məqsədi daşınar mədəni sərvətlərin saxlanması və ya sərgilənməsi olan binalar (muzeylər, kitabxanalar, arxivlər, habelə daşınar mədəni sərvətləri silahlı münaqişə zamanı saxlamaq üçün istifadə olunan sığınacaqlar);

30.1.3. Bu Qanunun 30.1.1-ci və 30.1.2-ci maddələrdə qeyd olunmuş mədəni sərvətlərin cəmləşdiyi mərkəzlər.

30.2. Mədəni sərvətlərə aşağıdakılar aiddir:

30.2.1. təsviri sənət əsərləri, o cümlədən lövhələr, şəkillər, rəsmlər, qravürlər, estamplar, litoqrafiyalar, naxışlar, heykəltəraşlıq əsərləri, orijinal bədii toplular və montajlar;

30.2.2. kino, xüsusi əhəmiyyətli televiziya, radio, video materialları, fotoəsərlər və fotomateriallar, dizayn işləmələri və memarlıq layihələri;

30.2.3. əlyazmalar, xüsusi əhəmiyyətə malik kitablar və kitabçalar, dövri mətbuat materialları, avtoqraflar, markalar, açıqcalar, mədəniyyət və tarix profilli arxivlər və arxiv sənədləri, not yazıları, məktublar, elmi-tarixi yadigarlar, nadir nəşrlər;

30.2.4. tətbiqi-sənət əsərləri - xalılar və xalça məmulatları, qızıl, platin, gümüş, qiymətli daşlar, mis və gildən hazırlanmış əşyalar, keramika məmulatı;

30.2.5. səhnə və ekran əlbisələri, dekorları, butaforiya və rekvizitləri;

30.2.6. qədim nadir kolleksiyalar və 1960-cı ildən əvvəlki dövrə aid olan muzey əhəmiyyətli əşyalar (o cümlədən mebel, musiqi alətləri və s.);

30.2.7. şifahi xalq yaradıcılığı nümunələri;

30.2.8. arxeoloji komplekslər, arxeoloji və numizmatik xarakterli əşyalar;

30.2.9. memarlıq abidələri, tikili nümunələri, xatirə yerləri və məqbərələr;

30.2.10. park və təbii landşaft obyektləri;

30.2.11. flora və fauna, mineralogiya, anatomiya nümunələri və paleontologiya baxımından maraqlı muzey əşyaları.

30.2-1. Kütləvi və seriyalı istehsal olunan və ya 1960-cı ildən etibarən yaradılan, yaxud yaradılma tarixindən asılı olmayaraq, bu Qanunun 30.4-cü maddəsində nəzərdə tutulan ekspertizanın nəticəsinə əsasən mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilməyən mədəniyyət məhsulları (suvenirlər daxil olmaqla) mədəni sərvətlərə aid edilmir.

30.3. Mədəni sərvətlər dövlətin, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin, qeyri-hökumət təşkilatlarının, o cümlədən ictimai və yaradıcılıq birliklərinin mülkiyyətində ola bilər.

30.4. Mədəniyyət nümunələrinin Azərbaycan Respublikasında milli mədəni sərvətlərə aid edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən ekspertiza yolu ilə müəyyən edilir. Milli mədəni sərvətin mülkiyyətçisi onun lazımi saxlanılmasını və mühafizəsini təmin etməyə borcludur.

30.5. Azərbaycan Respublikasında yaşayan milli azlıqların mədəniyyət nümunələri Azərbaycan Respublikasının milli mədəni sərvətlərinin tərkib hissəsidir.

30.6. Azərbaycan Respublikasında yaşayan milli azlıqların mədəni sərvətləri dövlət tərəfindən qorunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver