4.0. Mədəniyyət sahəsində dövlət siyasəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
4.0.1. tarazlılıq – mədəni və yaradıcı sənaye ilə mədəniyyət məhsullarının və xidmətlərinin bazarları arasında balansın yaradılması, mədəniyyət cəmiyyətlərinin fəaliyyətinin inkişafının təmin edilməsi;
4.0.2. bərabərlik – hər kəsin öz mədəniyyət və yaradıcılıq hüquqlarının və imkanlarının bərabər şərtlər əsasında həyata keçirilməsinin təmin olunması;
4.0.3. demоkratiklik – əhalinin azad düşüncə ruhunda tərbiyələndirilməsi, mədəniyyət sahəsinin dövlət-ictimai əsaslarla təşkilində və idarə edilməsində hüquq və azadlıqların genişləndirilməsi, estetik düşüncə azadlığının təmin edilməsi, yeni mədəniyyət təşkilatlarının yaradılmasının stimullaşdırılması;
4.0.4. humanistlik – dünyəvi dəyərlərin, şəxsiyyətin azad inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin prioritet kimi qəbul olunması;
4.0.5. inteqrasiya – dünya mədəniyyətindən təcrid olunmamaqla, dünya mədəniyyətinin universal dəyərlərini qəbul edərək, milli mədəniyyətin dünyada tanıdılması, zənginləşdirilməsi və inkişafının təmin edilməsi;
4.0.6. keyfiyyətlilik – mədəniyyət sahəsində məhsulların və xidmətlərin ən qabaqcıl standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğunun təmin olunması;
4.0.7. dünyəvilik – dünyəvi dəyərlərin yaradılması, qorunması və inkişafının təmin olunması;
4.0.8. səmərəlilik – mədəniyyət sahəsində yaradıcılığın daim inkişaf edən, faydalı və son nəticəyə istiqamətlənən müasir metodlarla təşkil edilməsi;
4.0.9. varislik – mədəni sərvətlərin, bu sahədə bilik və təcrübənin sonrakı nəsillərə ötürülməsi;
4.0.10. istedad amili – fitri istedada malik şəxslərin yaradıcılıq nailiyyətlərinin artmasına xüsusi qayğının göstərilməsi.