Qanunvericilik › Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 43

Maddə 43. Mədəniyyət sahəsində qadağalar

Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

43.0. Mədəniyyət sahəsində aşağıdakı hərəkətlərə yol verilmir:

43.0.1. Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və milli maraqlarına zərər vura biləcək təbliğatın aparılmasına;

43.0.2. müharibənin, sosial, irqi, milli, dini, təbəqə, nəsil üstünlüyünün təbliğinə və təşviqinə yönəlmiş çağırışların səsləndirilməsini nəzərdə tutan mədəniyyət tədbirlərinin keçirilməsinə;

43.0.3. zorakılığın, pornoqrafiyanın, narkomaniyanın təbliğinə və təşviqinə yönəlmiş çağırışların səsləndirilməsini nəzərdə tutan mədəniyyət tədbirlərinin keçirilməsinə;

43.0.4. milli mədəni irs nümunələrinin Azərbaycan Respublikasının ərazisindən qanunsuz aparılmasına;

43.0.5. irqindən, milliyyətindən, dinindən, dilindən, sosial mənşəyindən, qulluq mövqeyindən, əqidəsindən, ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq mədəniyyət sahəsində əsas insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılmasına;

43.0.6. mədəni və təbii irsin tarixi və bədii təyinatı ilə bir araya sığmayan tərzdə istifadə edilməsinə;

43.0.7. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməklə, mülkiyyətçisinin və ya istifadəçisinin razılığı olmadan mədəni sərvətlərin nüsxələndirilməsi, habelə onlardan turizm, ekskursiya və reklam məqsədilə istifadə edilməsinə;

43.0.8. bu Qanunun 39.2-ci maddəsi nəzərə alınmaqla, dövlət tərəfindən qorunan mədəni sərvətlərin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılmasına.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver