45.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) mədəniyyət müəssisələrinin bərpası, maddi-texniki bazasının gücləndirilməsi, kadr potensialının bilik və bacarıqlarının artırılması məqsədilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq layihələrin maliyyələşdirilməsini həyata keçirir.
45.2. Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
45.3. Mədəniyyət sahəsində ədəbiyyat, incəsənət, dizayn, arxitektura, musiqi, xoreoqrafiya, teatr və sirk, kino, muzey və kitabxana, rəssamlıq və heykəltəraşlıq, xalq yaradıcılığı, folklor istiqamətlərinin inkişafında və mədəniyyət sahəsində təhsil və elmi araşdırmalar üzrə layihələrin həyata keçirilməsində dövlət maliyyələşdirilməsi məqsədəuyğun xarakter daşıyır.
45.4. Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi mədəniyyət xidmətlərinin, habelə mədəni və yaradıcı sənaye sahələrinin inkişafına və keyfiyyətinin artırılmasına yönəldilmiş innovativ fəaliyyət və tədqiqatların stimullaşdırılması, mədəniyyət müəssisələrinin infrastrukturunun inkişaf etdirilməsi, eləcə də mədəniyyət sahəsində maarifləndirmə məqsədilə “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.