62.1. Çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından (qurumlarından) icazə tələb olunmur.
62.2. Çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün hüquqi və ya fiziki şəxs müvafiq olaraq çap mediası məhsulunun istehsalından və materialın yayımlanmasından 7 (yeddi) gün əvvəl Şuraya rəsmi müraciət etməlidir.
62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş müraciət bu Qanunun 73.5-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun edilir.
62.4. Dini məzmunlu çap mediası və onlayn media subyektinin təsis edilməsi ilə bağlı müraciətə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi əlavə olunur.
62.5. Çap mediası və onlayn media subyektlərinin adında Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının), beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının, yerli özünüidarəetmə orqanlarının adlarından (özlərinin təsis etdikləri media subyektləri istisna olmaqla), habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadəyə yol verilmir.
62.6. Media subyektlərinin (redaksiyalarının) adları digər media subyektlərinin (redaksiyalarının) adları ilə eyni və ya oxşar olmamalı, onların adlarında ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan, istifadəçiləri yanılda bilən ifadələrdən istifadə edilməməlidir.