73.1. Azərbaycan Respublikasında media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə Media Reyestri yaradılır.
73.2. Media Reyestri Şura tərəfindən aparılan informasiya ehtiyatıdır və saxlanması Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
73.3. Media Reyestri aşağıdakı bölmələrdən ibarətdir:
73.3.1. audiovizual media subyektləri;
73.3.2. çap mediası subyektləri;
73.3.3. onlayn media subyektləri;
73.3.4. informasiya agentlikləri;
73.3.4-1. Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri;
73.3.5. jurnalistlər.
73.5. Çap mediası və ya onlayn media subyektləri, informasiya agentlikləri, həmçinin jurnalistlər Media Reyestrinə daxil edilməsi üçün Şuraya müraciət edirlər.
73.6. Media Reyestrinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
73.7. Media Reyestrinə aşağıdakı məlumatlar daxil edilir:
73.7.1. media subyektinin və (və ya) onun redaksiyasının (redaksiyalarının) adı, loqotipi (emblemi), hüquqi və faktiki ünvanı;
73.7.2. fiziki şəxs olan media subyekti, hüquqi şəxs olan media subyektinin təsisçisi (iştirakçısı), habelə media subyektinin təsisçisi olan hüquqi şəxsin birbaşa və dolayısı ilə iştirakçısı olan şəxslər haqqında bu Qanunla nəzərdə tutulmuş məlumatlar;
73.7.3. media subyektinin VÖEN-i;
73.7.4. media subyektinin idarəetmə orqanının rəhbərinin adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, əlaqə məlumatları;
73.7.5. məsul redaktorun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, əlaqə məlumatları;
73.7.6. media subyektində işləyən jurnalistlərin siyahısı (adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, əlaqə məlumatları);
73.7.7. çap mediası subyektinin dövriliyi və birdəfəlik tirajı, məzmunu haqqında məlumat;
73.7.8. onlayn media subyektinin domen adının sahibi haqqında məlumat;
73.7.9. media subyektinin və (və ya) onun redaksiyasının (redaksiyalarının) ərazi kateqoriyası;
73.7.10. audiovizual media subyektlərinin və (və ya) onların redaksiyasının (redaksiyalarının) janrı, yayım üsulu və növü;
73.7.11. audiovizual media subyektlərinin lisenziyası haqqında məlumatlar;
73.7.12. informasiya agentliklərinin digər media subyektləri ilə informasiya verilməsi (əldə edilməsi) haqqında bağladığı müqavilələr barədə məlumatlar;
73.7.12-1. informasiya agentliklərinin xarici ölkələrdə akkreditasiya olunmuş jurnalistləri barədə məlumatlar;
73.7.13. jurnalistin adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, əlaqə məlumatları;
73.7.14. verilmiş (o cümlədən olduğu halda əvvəllər verilmiş) jurnalist vəsiqəsi haqqında məlumat;
73.7.15. jurnalistin əmək və ya mülki hüquq müqaviləsi, əmək fəaliyyəti haqqında ümumi məlumat;
73.7.16. fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalistin VÖEN-i;
73.7.17. media subyektinin idarəetmə orqanının rəhbərinin, jurnalistin ali təhsili haqqında məlumat;
73.7.18. təsisçi (iştirakçı) fiziki şəxs olduqda, onun (onların), media subyektinin idarəetmə orqanının rəhbərinin və jurnalistin məhkumluğunun olub-olmaması haqqında məlumat.
73.8. Media Reyestrinə daxil edilmiş media subyektinə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiqlənmiş Media Reyestri şəhadətnaməsi verilir.
73.9. Media subyektlərinin və jurnalistlərin Media Reyestrində olub-olmadığına dair məlumat istisna olmaqla, Media Reyestrinə daxil edilmiş digər məlumatlar ictimaiyyət üçün açıq deyildir.