75.1. Media Reyestrinə daxil edilmiş media subyektləri aşağıdakı hallarda Media Reyestrindən çıxarılır:
75.1.1. media subyektinin ərizəsi olduqda;
75.1.2. hüquqi şəxs olan media subyekti ləğv edildikdə;
75.1.3. məhkəmənin qərarı ilə media subyektinin fəaliyyətinə xitam verildikdə;
75.1.4. fiziki şəxs olan media subyekti öldükdə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ölmüş və ya itkin düşmüş elan edildikdə;
75.1.5. bu Qanunun 26.1–26.5-ci (bu Qanunun 69.2-ci maddəsi nəzərə alınmaqla və Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri istisna olmaqla) və 74.1.5-ci maddələrinin tələblərinə cavab vermədiyi aşkar edildikdə;
75.1.6. çap mediası subyekti tərəfindən bu Qanunun 59.7-ci maddəsinin, onlayn media subyekti (redaksiyaları) tərəfindən isə bu Qanunun 60.5-ci maddəsinin tələblərinin pozulmasına görə Şura tərəfindən il ərzində 2 (iki) dəfə xəbərdarlıq edildikdən sonra həmin pozuntular təkrar törədildikdə;
75.1.6-1. media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən bu Qanunun 13.1-ci, 13.2-ci və 14.1-ci maddələrinin tələblərinin pozulmasına görə Şura tərəfindən il ərzində 2 (iki) dəfə xəbərdarlıq edildikdən sonra həmin pozuntular təkrar törədildikdə;
75.1.6-2. media subyektinin (audiovizual media subyektləri istisna olmaqla) fəaliyyətinin onun təsisçisi (iştirakçısı) olmayan xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, onların filial və nümayəndəlikləri, həmin şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri hüquqi şəxslər, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsi (bu Qanunun 69.2-ci maddəsi nəzərə alınmaqla) aşkar edildikdə;
75.1.6-3. onlayn media subyektlərinin özlərinin veb-saytlarında bu Qanunun 60.2-ci maddəsindəki məlumatları göstərmədiyi və ya yanlış göstərdiyi, çap mediası subyektlərinin isə bu Qanunun 63.2-ci maddəsindəki pozuntuları törətdiyi aşkarlandıqda;
75.1.6-4. media subyektinin (audiovizual media subyektləri istisna olmaqla) təsisçisi (iştirakçısı) və ya idarəetmə orqanının rəhbəri ağır və xüsusilə ağır cinayətlərə görə məsuliyyətə cəlb edildikdə;
75.1.6-5. bu Qanunun 15.1.5-ci maddəsinin tələblərinin pozulmasına görə Şura tərəfindən il ərzində 3 (üç) dəfə xəbərdarlıq edildikdən sonra həmin pozuntuları təkrar törətdikdə;
75.1.6-6. informasiya agentliklərinə bu Qanunun 61.2-ci maddəsinin tələblərinin pozulmasına görə Şura tərəfindən il ərzində 2 (iki) dəfə xəbərdarlıq edildikdən sonra həmin pozuntular təkrar törədildikdə;
75.1.6-7. Azərbaycan Respublikasında filial və ya nümayəndəlik yaratmış xarici media subyekti tərəfindən bu Qanunun 14.1-ci maddəsinin tələbləri pozulduqda;
75.1.7. Media Reyestrinə daxil edilmiş media subyektinin (audiovizual media subyektləri istisna olmaqla) reyestr məlumatlarında dəyişiklik edildikdə, dəyişiklik baş verdiyi tarixdən 14 (on dörd) iş günü ərzində bu məlumatlar müvafiq təsdiqedici sənədlərlə birlikdə Şuraya təqdim edilmədikdə və bu barədə Şura tərəfindən xəbərdarlıq edildikdən sonra həmin pozuntu 1 (bir) ay ərzində aradan qaldırılmadıqda;
75.1.8. audiovizual media subyektinin lisenziyası ləğv edildikdə.
75.2. Media subyekti Media Reyestrindən çıxarıldıqda Şuranın veb-saytında bu barədə məlumat yerləşdirilir.
75.2-1. Media subyekti Media Reyestrindən çıxarıldıqda Şura tərəfindən bu barədə 3 (üç) iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilir. Şuranın müraciəti əsasında həmin media subyektinə məxsus onlayn redaksiyaya (veb-sayta) müraciət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən dərhal məhdudlaşdırılır.
75.3. Media Reyestrinə daxil edilmiş jurnalistlər aşağıdakı hallarda Media Reyestrindən çıxarılır:
75.3.1. jurnalistin ərizəsi olduqda;
75.3.2. bu Qanunun 74.2-ci maddəsinin tələblərinə cavab vermədiyi aşkar edildikdə;
75.3.3. ağır və xüsusilə ağır cinayətlərə görə məsuliyyətə cəlb edildikdə;
75.3.4. öldükdə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ölmüş və ya itkin düşmüş elan edildikdə;
75.3.5. yayımladığı informasiyanın bu Qanunun 14-cü maddəsinin tələblərinə cavab verməməsi halları il ərzində 3 (üç) dəfə aşkar edildikdə;
75.3.6. işlədiyi media subyekti, yaxud fərdi olaraq müəllif hüquqları əsasında işlədiyi yeganə media subyekti Media Reyestrindən çıxarıldıqda;
75.3.7. fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalist vergi uçotundan çıxarıldıqda və ya sahibkarlıq fəaliyyəti dayandırıldıqda.
75.4. Jurnalist Media Reyestrindən çıxarıldıqda onun jurnalist vəsiqəsi Şura tərəfindən ləğv edilir və bu barədə onun veb-saytında məlumat yerləşdirilir.
75.5. Şura tərəfindən lisenziyanın ləğvi barədə qərar qəbul edildiyi gündən 3 (üç) iş günü müddətində həmin qərar əsasında audiovizual media subyekti Media Reyestrindən çıxarılır.