Qanunvericilik › Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan proses;

1.0.2. tərəflər – hüquqi və fiziki şəxslər (o cümlədən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər), habelə mediasiya prosesinin tətbiqinə razılıq vermiş inzibati orqanlar;

1.0.3. mediator – peşəkar əsasda mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflərin cəlb etdiyi və ya mediasiya təşkilatı tərəfindən təyin olunmuş, bu Qanunun tələblərinə cavab verən fiziki şəxs;

1.0.4. mediasiya təşkilatı – bu Qanunun 11.1-ci maddəsində müəyyən edilmiş hüquqi şəxs;

1.0.5. mediasiya iştirakçıları – mediator və tərəflər;

1.0.6. mediasiyada iştirak edən digər şəxslər – mediasiya prosesində iştirak edən vəkillər, nümayəndələr, tərcüməçilər, ekspert və mütəxəssislər, mediasiya təşkilatının əməkdaşları, habelə tərəflərin razılığı ilə mediasiya prosesində iştirak edən digər şəxslər;

1.0.7. barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşma;

1.0.8. mediasiya prosesinin tətbiqi barədə müqavilə – mövcud mübahisənin mediasiya prosesi vasitəsilə həlli üçün tərəflər arasında bağlanan yazılı razılaşma;

1.0.9. mediasiyaya dair qeyd-şərt – tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə və ya arbitraj məhkəməsinə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə olan şərt;

1.0.10. mediasiya xidmətlərinin göstərilməsinə dair müqavilə – mediator və ya mediasiya təşkilatı ilə tərəflər arasında mediasiya xidmətlərinin göstərilməsi üçün imzalanan yazılı müqavilə;

1.0.11. mübahisə – tərəflər arasında yaranmış (və ya yarana biləcək) bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mübahisə.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver