Qanunvericilik › Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 31

Maddə 31. Məhkəmə mediasiyası

Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

31.1. Məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü ilə, yaxud tərəflərdən birinin müraciəti əsasında onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Tərəflər arasında “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanarsa, məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılır.

31.2. Tərəflər qarşılıqlı razılıq əsasında mübahisəyə baxacaq mediasiya təşkilatı və ya mediator barədə razılığa gələ bilərlər. Belə razılıq olmadıqda, mübahisəyə həmin məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə Mediasiya Şurası tərəfindən həmin şəhər və ya rayon üzrə müəyyən edilən və (bu maddənin üçüncü cümləsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatında baxılır. Məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, tərəflərdən hər hansı birinin müraciəti əsasında Mediasiya Şurası mediasiyanın aparılması üçün mediator müəyyən edə bilər.

31.3. Mediasiya prosesində iştirak edən, lakin müsbət nəticə əldə etməyən tərəflər və ya onlardan biri mediasiya prosesinin nəticələri barədə protokolu təqdim etməklə növbəti dəfə məhkəməyə müraciət etdikdə dayandırılmış icraat təzələnir və işə məhkəmə tərəfindən baxılır.

31.4. Tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Məhkəmə təqdim edilmiş barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir.

31.5. Hakimin fəaliyyətinin qiymətləndirilməsi zamanı mediasiyaya yönəldilən (bu Qanunun 28.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) işlərin sayı nəzərə alınır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver