Məhkəmə eksperti ixtisasının verilməsi işinin daha şəffaf prosedurlar əsasında həyata keçirilməsi, məhkəmə ekspertizalarının təsnifatının beynəlxalq təcrübəyə uyğunlaşdırılması və digər məsələlərlə əlaqədar, habelə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanına uyğun olaraq “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndinə əsasən Kollegiya
1. “Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisasının verilməsi haqqında Əsasnamə” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).
2. Məhkəmə ekspertizası növlərinin və ekspert ixtisaslarının yeni siyahısı barədə məhkəmələrin və istintaq orqanlarının məlumatlandırılması təmin edilsin (F.Cavadov).
3. “Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisasının verilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” nazirlik üzrə 14.06.2000-ci il tarixli 93 ş/h nömrəli əmr (19.06.2000-ci il tarixli 1712 saylı Şəhadətnamə) ləğv edilsin.
4. Bu Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).
5. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.
Azərbaycan Respublikasının
I dərəcəli dövlət ədliyyə müşaviri
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 29 noyabr tarixli 24-N nömrəli Qərarı ilə təsdiq edilmişdir
1.1. Məhkəmə ekspertizası mərkəzində (bundan sonra – Mərkəz) məhkəmə ekspertizaları Azərbaycan Respublikasının “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanununa, cinayət, mülki və inzibati prosessual qanunvericiliyə, Mərkəzdə məhkəmə ekspertizalarının keçirilməsinə dair normativ-hüquqi aktlara uyğun olaraq yalnız məhkəmə eksperti ixtisasına (bundan sonra – ekspert ixtisası) malik olan əməkdaşlar tərəfindən həyata keçirilir.
1.2. Ekspert ixtisasının verilməsinin məqsədi Azərbaycan Respublikasının prosessual qanunvericiliyi, elm və texnikanın müasir nailiyyətləri əsasında məhkəmə ekspertizalarının icrasının təmin edilməsidir.
1.3. Ekspert ixtisası Mərkəzin Ekspert-ixtisas komissiyasının (bundan sonra – komissiya) qərarı əsasında məhkəmə ekspertizasının növləri və ekspert ixtisasları (1 nömrəli əlavə) üzrə bu Əsasnamə ilə müəyyən edilmiş qaydada məhkəmə ekspertizalarının icrası üçün xüsusi biliyə malik olan ali təhsilli, məhkəmə ekspertizası sahəsində müvafiq hazırlıq (təcrübə) keçmiş şəxslərə verilir.
1.4. Ekspert ixtisasına malik olan əməkdaşa məhkəmə ekspertizasının başqa sahəsi üzrə ekspert ixtisası bu Əsasnamənin tələblərinə əməl edilməklə verilir.
1.5. Mərkəzə digər ekspertiza idarələrindən işə qəbul edilmiş mütəxəssislərə məhkəmə eksperti ixtisası bu Əsasnamənin tələblərinə uyğun olaraq verilir.
1.6. Ekspert-ixtisas komissiyasının yaradılması və onun işinin təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 2 may tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və onlara ixtisas dərəcəsinin verilməsi Qaydası” ilə tənzimlənir.
2.1. Təcrübə müddəti Mərkəzin rəisi tərəfindən təsdiq olunmuş fərdi iş planı əsasında onun təyin etdiyi təcrübəli əməkdaşın rəhbərliyi ilə 6 ay müddətinə planlaşdırılır.
2.2. Məhkəmə ekspertizasının başqa sahəsi üzrə ekspert ixtisası almaq istəyən məhkəmə ekspertinin təcrübə müddəti təcrübə rəhbərinin vəsatəti əsasında komissiyanın qərarı ilə 4 ay müəyyənləşdirilir.
2.3. Fərdi iş planı təcrübə keçən şəxsin təhsili və iş təcrübəsi nəzərə alınmaqla ümumi ekspert ixtisas proqramları əsasında konkret ekspert ixtisası üzrə hazırlanır.
2.4. Təcrübə zamanı verilən tapşırıqlar, onların öyrənilmə ardıcıllığı, icra müddəti namizəd tərəfindən xüsusi tərtib edilmiş gündəlikdə əks olunur. Təcrübə rəhbəri ayda bir dəfədən az olmayaraq, tapşırıqların yerinə yetirilməsini yoxlayır. Hazırlığın ümumi gedişi rübdə bir dəfədən az olmayaraq struktur bölmənin yığıncağında müzakirə olunur.
3.1. Ekspert ixtisasının verilməsi məsələsinə Mərkəzin müvafiq struktur bölməsi rəhbərinin təqdimatı əsasında baxılır.
Mərkəzin struktur bölməsinin rəhbərinə ekspert ixtisasının verilməsi Mərkəz rəisinin aidiyyəti müavininin təqdimatı əsasında ümumi qaydada həll edilir. Ekspert ixtisasının verilməsi haqqında təqdimatda irəli sürülən təklif əsaslandırılmalıdır.
3.2. Ekspert ixtisasının verilməsi üçün komissiyaya aşağıdakı sənədlər təqdim edilməlidir:
3.2.1. ekspert ixtisasına namizədin fərdi iş planı;
3.2.2. struktur bölmə rəhbərinin təqdimatı;
3.2.3. struktur bölmədə məsələnin müzakirəsinə dair protokoldan çıxarış;
3.2.4. ekspert ixtisasına namizədin xasiyyətnaməsi;
3.2.5. ekspert ixtisasına namizədin yerinə yetirdiyi işlərə dair hesabatı;
3.2.6. ekspert ixtisasına namizədin iştirak etdiyi bir neçə məhkəmə ekspertizası
icraatı üzrə verilmiş ekspert rəylərinin surətləri.
3.3. Komissiya namizədin şəxsi işini tələb etmək hüququna malikdir.
3.4. Komissiya ekspert ixtisasının verilməsi haqqında təqdimata 30 gün müddətində baxmalı və müvafiq qərar qəbul etməlidir. Komissiyanın iclas gününü komissiyanın sədri müəyyən edir.
3.5. Komissiyanın iclası komissiya üzvlərinin azı 2/3 hissəsi iştirak etdikdə səlahiyyətlidir. Komissiyanın iclaslarında baxılan məsələlər üzrə qərarlar komissiya üzvlərinin açıq səsverməsi yolu ilə sadə səs çoxluğu əsasında qəbul edilir. Sədr sonuncu səs verir və səslər bərabər olduqda, onun səsi həlledici olur.
3.6. Məhkəmə eksperti ixtisası almaq üçün namizəd komissiyanın iclasına dəvət edilir.
3.7. Namizədin bilik səviyyəsinin yoxlanılması fərdi qaydada və 35 dəqiqəyədək aparılır.
3.8. Hər bir namizədə iddiasında olduğu ekspert ixtisası üzrə hazırlıq dərəcəsini müəyyən etmək məqsədi ilə 7 sual verilir.
3.9. İclasın gedişində təqdim edilmiş materiallar və verilən suallar vasitəsilə namizədin aşağıdakı xüsusiyyətləri qiymətləndirilir:
3.9.1. vəzifə borclarının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin aktlarını, habelə digər normativ-hüquqi aktları tətbiq etmək sahəsində biliyi və bacarığı, o cümlədən elmi-məntiqi təhlil və analiz aparmaq, məsələləri ən səmərəli metodlar seçməklə həll etmək qabiliyyəti, texniki avadanlıqlardan istifadə etmək, tədqiqatlar aparmaq bacarığı və digər peşə keyfiyyətləri;
3.9.2. məhkəmə ekspertizasının nəzəri və praktiki problemləri sahəsində əldə etdiyi biliyi, ekspert tədqiqat metodikalarını mənimsəmə qabiliyyəti, müvafiq ekspertizaları aparmaq bacarığı;
3.9.3. fikrini və rəyini ifadə etmək qabiliyyəti;
3.9.4. analitik düşünmək qabiliyyəti, hadisələri hərtərəfli təhlil etmək və obyektiv qiymətləndirmək, problemin həlli ilə bağlı qərar çıxarmaq bacarığı;
3.9.5. komissiya namizədin məhkəmə eksperti modelinin tələblərinə uyğunluğunu yoxlayır (2 nömrəli əlavə).
3.10. İmtahan zamanı namizədin verdiyi hər bir cavab komissiyanın üzvləri tərəfindən ən çox 5 balla qiymətləndirilir və sonra komissiya üzvlərinin verdiyi qiymətlər toplanılaraq imtahanda iştirak edən komissiya üzvlərinin sayına bölünür. İmtahanın nəticəsi üzrə ən çox 35 bal toplamaq mümkündür.
3.11. İmtahanın nəticələri üzrə namizəd mümkün balın 60%-ni və daha çox bal topladıqda imtahandan müvəffəqiyyətlə keçmiş hesab olunur.
3.12. Komissiya namizədə məhkəmə eksperti ixtisasının verilməsini mümkün hesab etmədikdə, komissiyanın qərarında imtina etmənin səbəbləri göstərilməlidir. Bu halda həmin namizədə məhkəmə eksperti ixtisasının verilməsi məsələsinə təcrübə müddəti 1 aydan az olmamaq şərti ilə uzadıldıqdan sonra yenidən ümumi qaydada baxılır.
3.13. Ekspert 3 il müddətində məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olmadıqda, ekspertiza aparmaq hüququnu itirir. Onun biliyi bu Əsasnamənin tələblərinə uyğun olaraq komissiya tərəfindən təkrar yoxlanıldıqdan sonra müvafiq məhkəmə eksperti ixtisası verilə bilər.
3.14. Komissiyada bu məsələyə baxılarkən, ekspert üzrlü səbəblər olmadan komissiyanın iclasına gəlmədikdə və ya gəlməkdən imtina etdikdə, ona verilmiş məhkəmə eksperti ixtisasının ləğv edilməsi məsələsinə onun iştirakı olmadan baxıla bilər.
4.1. Komissiyanın iclasının gedişi barədə protokol tərtib edilir, yoxlama zamanı verilən sualların və cavabların qısa məzmunu, komissiya üzvlərinin qiymətləri və komissiyanın qərarı protokolda əks etdirilir. Protokol sədr, katib və komissiyanın iclasında iştirak etmiş digər üzvlər tərəfindən imzalanır (3 nömrəli əlavə).
4.2. Komissiyanın qərarı onun əsasında tərtib edilmiş təqdimatla birlikdə Azərbaycan Respublikasının ədliyyə nazirinə təqdim edilir. Ekspert ixtisasının verilməsi və ya ekspert ixtisasından məhrum etmə haqqında komissiyanın qərarına əsasən Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən əmr verilir.
4.3. Azərbaycan Respublikasının ədliyyə nazirinin əmrinə uyğun olaraq ekspertə məhkəmə ekspert ixtisası verilməsi barədə şəhadətnamə təqdim edilir (4 nömrəli əlavə).
Şəhadətnamə Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən imzalanır, nazirliyin gerbli möhürü ilə təsdiq edilir. Ədliyyə Nazirliyinin İnsan resursları idarəsi məhkəmə eksperti ixtisası verilməsi barədə şəhadətnamələrin qeydiyyatını aparır.
4.4. Ekspertə yeni ixtisas verilməsi ilə əlaqədar ona yeni şəhadətnamə verilir.
4.5. Aşağıdakı hallarda məhkəmə eksperti ixtisasının verilməsi barədə şəhadətnamə etibarsız hesab edilir:
4.5.1. ekspertin attestasiyanın nəticələrinə əsasən tutduğu vəzifəyə uyğun olmadığına görə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verildikdə;
4.5.2. ekspert ədliyyə orqanlarından xaric edildikdə;
4.5.3. barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verildiyinə, habelə barəsində məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qərarı qanuni qüvvəyə mindiyinə görə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verildikdə;
4.5.4. adı ədliyyə orqanları işçilərinin siyahısından çıxarıldıqda.
4.6. Komissiyanın qərarı (komissiyanın iclas protokolundan çıxarış) və ona əlavə edilmiş sənədlər ayrıca qovluqda yığılır, nömrələnir və Mərkəzdə saxlanılır.
4.7. Barəsində komissiyanın qərarı çıxarılan və ekspert ixtisası verilən hər bir ekspert üçün komissiyanın katibi tərəfindən məhkəmə ekspertinin vərəqəsi (5 nömrəli əlavə)doldurulur və komissiyanın kartotekasında saxlanılır.
4.8. Başqa ekspertiza idarələrinin əməkdaşlarına məhkəmə eksperti ixtisası verilməsi haqqında komissiyanın qərarının surəti həmin təşkilatın ünvanına göndərilir.
4.9. Komissiyanın qərarından Azərbaycan Respublikasının ədliyyə nazirinə şikayət verilə bilər. Şikayətə baxılmasının nəticəsi barədə namizədə yazılı cavab verilir. Şikayətə baxılmanın nəticələrindən razı olmayan namizəd məhkəməyə müraciət edə bilər.
“Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisasının verilməsi haqqında Əsasnamə”yə 1 nömrəli əlavə
Məhkəmə-xətşünaslıq ekspertizası
Xətt və imzaların tədqiqi
Məhkəmə-müəllifşünaslıq ekspertizası
Yazılı nitqin tədqiqi
Sənədlərin məhkəmə-texniki ekspertizası
Sənədlərin rekvizitlərinin tədqiqi
Sənədlərin materiallarının tədqiqi
Pul nişanları və qiymətli kağızların tədqiqi
Audio və videoyazıların məhkəmə ekspertizası
Səsin və şifahi nitqin tədqiqi
Audio və videoyazıların şərait, vasitə, material və izlərinin tədqiqi
Məhkəmə-linqvistik ekspertizası
Nitq fəaliyyəti məhsullarının tədqiqi
Məhkəmə-trasoloji ekspertizası
İnsan izlərinin tədqiqi
Alət və vasitə izlərinin, tamın hissələr üzrə eyniləşdirilməsinin tədqiqi
Məhkəmə-ballistik ekspertizası
Odlu silah və döyüş sursatlarının, qaz, pnevmatik və soyuq silahların tədqiqi
Atəş izlərinin tədqiqi
Məhkəmə partlayış-texniki ekspertizası
Partlayıcı qurğu və maddələrin, partlayış izlərinin tədqiqi
Məhkəmə-portret ekspertizası
Fotoşəkilə görə insanın xarici görünüşünün eyniləşdirilməsinin tədqiqi
Məhkəmə-fototexniki ekspertizası
Fototəsvirlərin, onların hazırlanmasında istifadə olunan texniki vasitə və materialların tədqiqi
Materialların məhkəmə ekspertizası
Lifli materialların tədqiqi
Metal və daşların tədqiqi
Şüşə, keramik və silikat materialların tədqiqi
Yanacaq və sürtgü materiallarının tədqiqi
Lak və boya materiallarının tədqiqi
Polimer materialların tədqiqi
Spirttərkibli maddələrin tədqiqi
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi
Məhkəmə-bioloji ekspertizası
Bitki mənşəli maddələrin tədqiqi
Heyvan mənşəli maddələrin tədqiqi
Torpaq mənşəli maddələrin tədqiqi
Məhkəmə-iqtisad ekspertizası
Mühasibat uçotu qeydlərinin, təsərrüfat subyektlərinin maliyyə vəziyyətinin və maliyyə-iqtisad göstəricilərinin tədqiqi
Ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi
Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası
Yol-nəqliyyat hadisələri hallarının tədqiqi
Nəqliyyat vasitələrinin texniki vəziyyətinin tədqiqi
Nəqliyyat vasitələri üzərində və yol-nəqliyyat hadisəsi yerində olan izlərin tədqiqi
Məhkəmə mühəndis-texniki ekspertizası
Tikinti-texniki obyektlərin tədqiqi
Əmək təhlükəsizliyinin tədqiqi
Yanğın və texnoloji partlayışların tədqiqi
Dəmiryol-texniki hadisələrin tədqiqi
Məhkəmə kompüter-texniki ekspertizası
Kompüter-texniki obyektlərin tədqiqi
Məhkəmə-sənətşünaslıq ekspertizası
Pornoqrafik materialların tədqiqi
Zorakılıq və qəddarlıq təbliğ edən əsərlərin tədqiqi
Məhkəmə-psixoloji ekspertizası
İnsanın psixologiyasının və psixofiziologiyasının tədqiqi
Əqli mülkiyyət obyektlərinin məhkəmə ekspertizası
Əqli mülkiyyət obyektlərinin tədqiqi
Kontrafakt məhsulların məhkəmə ekspertizası
Məhsulların kontrafaktlığının müəyyən edilməsinin tədqiqi
Məhkəmə yerquruluşu ekspertizası
Məhkəmə yerquruluşu obyektlərinin tədqiqi
"Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisasının verilməsi haqqında Əsasnamə"yə 2 nömrəli əlavə
1. Ekspert fəaliyyəti ilə məşğul olma:
- işə yüksək ictimai əsasların olması və ali vətəndaşlıq məsuliyyətinin dərk edilməsi;
- əməyə olan ehtiyac və bu ehtiyacın ekspert fəaliyyəti ilə təmin edilməsi;
- ədalət mühakiməsi vəzifələrinin həyata keçirilməsinə kömək göstərmək arzusu.
2. Ekspertin hüquq düşüncəsi:
- hüququn prinsiplərinin dərk edilməsi və onların ədalətliliyinə inam;
- məhkəmə ekspertizası fəaliyyəti ilə bağlı qanunvericiliyin normalarına qəti surətdə əməl olunması vərdişinin yaranması;
- hər hansı hüquq pozuntusuna qarşı dözülməz münasibət;
- ədalətlilik, qanunçuluq hissi.
3. Ekspertin əxlaqi keyfiyyətləri:
- özünə və başqalarına qarşı yüksək tələbkarlıq;
- öz fəaliyyətinə və verdiyi hər bir rəyə görə məsuliyyət hissi;
- nöqsanlara qarşı barışmazlıq;
- obyektivlik və qərəzsizlik;
- ekspert tədqiqatına dair mühakimələrdə prinsipial səbatlılıq və müstəqillik;
- özünün prosessual və xidməti vəzifələrini yerinə yetirərkən davranışında nəzakətlilik.
1. Elmlilik, erudisiya, mənəvi maraqların genişliyi.
2. Hüquqi biliklər kompleksi.
3. Xarici ölkələrdə kriminalistik biliklərin inkişaf etdirilməsi və ondan istifadə olunmasının əsas meylləri.
4. Məhkəmə ekspertizasının ümumi nəzəriyyəsinin və kriminalistikanın nəzəri müddəaları, əsas problem və mübahisəli məsələləri, onların inkişaf etdirilməsinin perspektivləri.
5. Məhkəmə ekspertizasının konkret xüsusi nəzəriyyələri, müvafiq cins və növ ekspertizaların keçirilməsinin metodikaları.
6. Kompleks ekspertizaların keçirilməsi üçün zəruri olan inteqrasiya olunmuş elmlər haqqında bilgi.
7. Ekspertin profilaktik fəaliyyətinin forma və metodları, hüquq pozuntularının törədilməsinə şərait yaratmış səbəb və şəraitlərin ekspert tərəfindən öyrənilməsi metodikasının ümumi müddəaları.
1. Ekspertizanın təyin olunması barədə müstəntiqə ixtisaslaşdırılmış məsləhətlər vermək üçün cinayət işinin materiallarını təhlil etmək.
2. Sübutların aidiyyəti və kifayətliliyi barədə məsələni həll etmək.
3. Ekspert ehtimalları irəli sürmək, onlardan nəticə çıxarmaq, onların yoxlanması planını tərtib etmək.
4. Maddi sübutların tədqiqi üzrə yol verilən proseduru həyata keçirmək.
5. Obyektlərin identifikasiyası, diaqnostikası və yaxud qrup mənsubiyyətinin müəyyən edilməsi üçün əhəmiyyət daşıyan əlamətləri seçib ayırmaq və təsbit etmək.
6. Ekspert qarşısında qoyulmuş sualların həllinə düzgün yanaşmaq.
7. Tədqiqatın nəticələrini düzgün qiymətləndirməyi, öz yekun nəticələrini və rəyini tənqidi təhlil etmək, səhvləri tapmaq və onları aradan qaldırmaq.
8. Öz işini planlaşdırmaq, yerinə yetirilmiş əməliyyatların optimal ardıcıllığını seçmək, səmərəsiz vaxt, güc və vasitələrin itkisini azaltmaq.
9. Lazımi informasiya mənbələrini tapmaq, öz xarakterinə görə müxtəlif olan informasiyalardan məqsədəuyğun surətdə istifadə etmək.
10. Sübutlarla işin yeni vasitə və üsullarından istifadə etmək və qiymətləndirmək, öz iş təcrübəsini zənginləşdirmək.
11. Maddi sübutların bütün metod və vəsaitlərindən istifadə etmək.
12. Müqayisəli tədqiqatlar üçün nümunələr götürmək, tədqiqatın vəzifələrindən asılı olaraq onların alındığı şəraiti, miqdar və keyfiyyətini, tədqiq olunan obyektlərin xarakter və xüsusiyyətlərini müəyyənləşdirmək.
13. Özünün fiziki və əqli gücünü işdə cəmləşdirməklə, ekspertə mənfi təsir edən ətraf amillərin (kənar maneələr, münasib olmayan hava şəraiti, meyitin vəziyyəti və s.) təsirindən təcrid olunmaqla qeyri-adi şəraitdə işləmək.
14. Xidməti və istintaq sirrini qorumaq.
15. Fikirlərini şifahi və yazılı şəkildə dəqiq ifadə etmək.
1. Yaxşı inkişaf etmiş sensor (hissedici) və motor (hərəkətverici) vərdişlər.
2. Məhkəmə ekspertinin istifadəsində olan bütün texniki vasitələrdən istifadə etmək.
3. Ekspertizanın obyektlərinin əsas tədqiqat üsullarını mənimsəmək.
1. Yaxşı inkişaf etmiş müşahidə qabiliyyəti – obyektlərin detallarının relyeflərinin formalarının, ölçülərinin və qarşılıqlı yerləşmələrinin sürəti dəqiq seçməklə qavranılması.
2. Ekspert təfəkkürü (inkişaf etmiş evristik, əyani-canlı və məntiqi təfəkkür).
3. Diqqətin bölünməsi, yayındırılması və cəmləşdirilməsi qabiliyyəti.
4. Yaddaşın iri həcmi və dəqiqliyi:
- inkişaf etmiş uzunmüddətli verbal və canlı yaddaş (informasiyanın sürətli qavranması, uzunmüddətli yadda saxlanması və dəqiq əks etdirilməsi);
- uzunmüddətli və qısamüddətli yaddaşın uzlaşdırılması.
1. Uzunmüddətli iş qabiliyyəti (uzunmüddətli gərginliyə davam gətirmək qabiliyyəti).
2. Özünü bir yerə toplama qabiliyyəti (kənar qıcıqlandırıcıların təsiri altında işləmək qabiliyyəti).
3. Çətin şəraitdə soyuqqanlılığı saxlamaq və düzgün qərar qəbul etmək qabiliyyəti.
4. Yeni fəaliyyət növünə keçmənin asanlılığı.
5. Sürətli oriyentasiya.
6. Yüksək sensor hissiyyatı, xüsusən görmə analizatorunun yüksək fərqləndirici qabiliyyəti.
7. Biliyin, bacarığın və vərdişlərin mənimsənilməsi qabiliyyəti.
"Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisasının verilməsi haqqında Əsasnamə"yə 3 nömrəli əlavə
İclasda iştirak etdilər:
___________________________________________________________________________________
___________________________________________________________________________________
___________________________________________________________________________________
___________________________________________________________________________________
Ekspert-ixtisas komissiyası aşağıdakıları nəzərdən keçirdi:
____________________________________________________________________________________
____________________________________________________________________________________
məhkəmə eksperti ixtisasının verilməsi ilə əlaqədar sənədləri, o cümlədən:
____________________________________________________________________________________
____________________________________________________________________________________
Namizədə iddiasında olduğu ekspert ixtisası üzrə hazırlıq dərəcəsini müəyyən etmək məqsədi ilə aşağıdakı suallar verildi:
Komissiya üzvü________________________ verdiyi sual__________________________________
____________________________________________________________________________________
Namizədin cavabı____________________________________________________________________
____________________________________________________________________________________
Yekun qiymətləndirmə balı ____________________________________________________________________________________
Ekspert-ixtisas komissiyası qərara alır:
____________________________________________________________________________________
____________________________________________________________________________________
Ekspert-ixtisas komissiyasının sədri____________________________________________________
Ekspert-ixtisas komissiyasının üzvləri__________________________________________________
Ekspert-ixtisas komissiyasının katibi___________________________________________________
"Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisasının verilməsi haqqında Əsasnamə"yə 4 nömrəli əlavə
_____________________________________________________________________________________
Məhkəmə ekspertizası mərkəzinin ekspert-ixtisas komissiyasının “__” 20_____il tarixli “__” №-li qərarı əsasında Azərbaycan Respublikası ədliyyə nazirinin “__”_______20__il tarixli “__” №-li əmri ilə “__”______20___ il tarixdən
____________________________________________________________________________________
ekspertizası _________________________________________________________________________
________________________________________________________________________________məhkəmə eksperti ixtisası üzrə ekspertiza keçirmək hüququ verilmişdir.
Azərbaycan Respublikasının
ədliyyə naziri _______________ _____________________________
(imza) (adı və soyadı)
Bakı şəhəri, “__” ______ 20__ il
Şəhadətnamə xidməti vəsiqə təqdim edildikdə etibarlıdır.
Qeyd: Şəhadətnamənin ölçüsü 297x210 mm olmaqla mətbəə üsulu ilə qırmızı rəngli cilddə hazırlanır. Cildin üz qabığında Azərbaycan Respublikasının dövlət gerbi əks etdirilir.
"Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisasının verilməsi haqqında Əsasnamə"yə 5 nömrəli əlavə
A.A.S.____________________________________
Doğulduğu il _____________________________
Təhsili ___________________________________
Elmi dərəcəsi ________________________
Vəzifəsi__________________________________
Ekspertiza idarəsində iş stajı_________________
Məhkəmə ekspertizası mərkəzinin ekspert-ixtisas
komissiyasının “__”_____20__il tarixli qərarı əsasında Azərbaycan Respublikası ədliyyə nazirinin “___” ______20__il tarixli “___” №-li əmri ilə _______________________________________________
ixtisası üzrə məhkəmə eksperti ixtisası verilmişdir.
Məhkəmə ekspertizası mərkəzinin ekspert-ixtisas
komissiyasının “__”_____20__il tarixli qərarı əsasında Azərbaycan Respublikası ədliyyə nazirinin “___” ______20__il tarixli “___” №-li əmri ilə ________________________________________________
ixtisası üzrə məhkəmə eksperti ixtisası verilmişdir.
Məhkəmə ekspertizası mərkəzinin ekspert-ixtisas
komissiyasının “__”_____20__il tarixli qərarı əsasında Azərbaycan Respublikası ədliyyə nazirinin “___” ______20__il tarixli “___” №-li əmri ilə ________________________________________________
ixtisası üzrə məhkəmə eksperti ixtisası verilmişdir.
Məhkəmə ekspertizası mərkəzinin ekspert-ixtisas
komissiyasının “__”_________20__il tarixli qərarı əsasında Azərbaycan Respublikasının ədliyyə nazirinin “__” ______20__il tarixli “___” №-li əmri ilə məhkəmə eksperti ixtisasından məhrum edilmişdir.
1. 12 dekabr 2017-ci il tarixli 24-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201712120024, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 dekabr 2012-ci il)
2. 13 aprel 2023-cü il tarixli 1-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202304130001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 aprel 2023-cü il)
3. 2 aprel 2025-ci il tarixli 4-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202504020004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 aprel 2025-ci il)
4. 4 iyun 2026-cı il tarixli 3-16/1-KQ/8/2026 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202606040008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 iyun 2026-cı il)