Qanunvericilik › “Məhkəmə ekspertizasının metodik fondunun yaradılması və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.06.2020) › Tam mətn

“Məhkəmə ekspertizasının metodik fondunun yaradılması və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.06.2020)

“Məhkəmə ekspertizasının metodik fondunun yaradılması və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.06.2020) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1709-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 252 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 dekabr tarixli 883 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Məhkəmə ekspertizasının metodik fondunun yaradılması və istifadəsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 29 iyun 2020-ci il

1.1. Bu Qaydalar “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-5-ci maddəsinin ikinci hissəsinə əsasən hazırlanmışdır və məhkəmə ekspertizasının metodik fondunun yaradılması və istifadəsi qaydalarını müəyyən edir.

1.2. Məhkəmə ekspertizasının metodik fondu (bundan sonra – Fond) məhkəmə ekspertizalarının elmi-metodik materiallarından (bundan sonra – elmi-metodik material) ibarət məlumat bazasıdır.

1.3. Bu Qaydaların məqsədi məhkəmə ekspertləri və digər şəxslər tərəfindən Fonddan istifadə edilməsini təmin etməkdən ibarətdir.

2.1. Fondun yaradılması və elmi-metodik materialın həmin Fonda daxil edilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Ədliyyə Nazirliyi) tərəfindən həyata keçirilir.

2.2. Fond informasiya ehtiyatıdır. Fondun formalaşdırılması, idarə olunması, tamlığı və mühafizəsi Ədliyyə Nazirliyi tərəfindən təmin edilir.

2.3. Fondun informasiya təminatı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası idarələri, elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələri, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş sınaq laboratoriyaları, özəl hüquqi şəxslər (bundan sonra – məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən qurumlar), habelə özəl məhkəmə eksperti tərəfindən elmi-metodik materialın, o cümlədən standartların, texniki şərtlərin və digər normativ sənədlərin təqdim edilməsi yolu ilə həyata keçirilir.

2.4. Elmi-metodik material məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən qurumun rəhbəri və ya onun müavini, habelə özəl məhkəmə eksperti tərəfindən imzalanmış müşayiət məktubu ilə kağız daşıyıcıda onun əslinin həqiqi surəti formasında və eyni zamanda elektron daşıyıcıda mətn faylları formasında aşağıdakılar əlavə edilməklə Ədliyyə Nazirliyinə təqdim olunur:

2.4.1. elmi-metodik materialın qısa məzmunu;

2.4.2. elmi-metodik materiala dair bu Qaydaların 2.3-cü bəndində göstərilən qurumlar tərəfindən verilmiş ən azı 2 (iki) səhifədən ibarət rəy.

2.5. Bu Qaydaların 2.4-cü bəndində göstərilən sənədlər Ədliyyə Nazirliyinə daxil olduğu gündən 1 (bir) iş günü müddətində çatışmazlıqların olub-olmaması yoxlanılır və çatışmazlıqlar aşkar edilmədikdə, elmi-metodik material barədə məlumatlar 5 (beş) iş günü ərzində Fonda daxil edilir.

2.6. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar müəyyən edildikdə, o cümlədən məlumatların mətni üzərində hər hansı düzəliş olduqda və ya kağız daşıyıcı ilə elektron daşıyıcıda olan mətnlər arasında uyğunsuzluq aşkarlandıqda, bu barədə məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən qurumlara, habelə özəl məhkəmə ekspertinə müraciətin daxil olduğu gündən 3 (üç) iş günü müddətində yazılı bildiriş göndərilir. Çatışmazlıqlar məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən qurumlar, habelə özəl məhkəmə eksperti tərəfindən bildirişin alındığı tarixdən 5 (beş) iş günü müddətində aradan qaldırılmalıdır.

2.7. Çatışmazlıqlar məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən qurumlar, habelə özəl məhkəmə eksperti tərəfindən bu Qaydaların 2.6-cı bəndində göstərilən müddətdə aradan qaldırılmadıqda, elmi-metodik material müvafiq məktubla geri qaytarılır.

2.8. Elmi-metodik material barədə Fonda daxil edilən məlumatlar aşağıdakılardır:

2.8.1. elmi-metodik materialın adı;

2.8.2. elmi-metodik materialın aid olduğu məhkəmə ekspertizası sahəsi;

2.8.3. elmi-metodik materialın müəllifinin (müəlliflərinin) soyadı, adı və atasının adı və ya idarə, müəssisə və ya təşkilatın adı, hüquqi ünvanı;

2.8.4. elmi-metodik materialın nəşr ili və yeri;

2.8.5. elmi-metodik materialın mətni;

2.8.6. elmi-metodik materialın Fonda daxil edildiyi tarix və qeydiyyat nömrəsi.

2.9. Fonda daxil edilmiş məlumatlarda onların uyğunsuzluğuna səbəb olmuş texniki səhvlər (çap, qrammatik, arifmetik və digər səhvlər) aşkar edildikdə, həmin səhvlər məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən qurumların, habelə özəl məhkəmə ekspertinin müraciəti əsasında və ya Ədliyyə Nazirliyinin öz təşəbbüsü ilə 1 (bir) iş günü ərzində aradan qaldırılır.

3.1. Fond açıqdır, Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir və məlumatlar daim yenilənir.

3.2. Fondda yaradılmış xüsusi proqram təminatı vasitəsilə aşağıdakı meyarlar üzrə axtarış aparmaq imkanı yaradılır:

3.2.1. elmi-metodik materialın adı;

3.2.2. elmi-metodik materialın aid olduğu məhkəmə ekspertizası sahəsi;

3.2.3. elmi-metodik materialın müəllifinin (müəlliflərinin) soyadı, adı və atasının adı və ya idarə, müəssisə və ya təşkilatın adı;

3.2.4. elmi-metodik materialın nəşr ili.

3.3. Fonddan məlumatların kağız daşıyıcıda əldə edilməsi ilə bağlı informasiya sorğuları “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver