Qanunvericilik › Məhkəmə-Hüquq Şurası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. Məhkəmə-Hüquq Şurasının hüquqları

Məhkəmə-Hüquq Şurası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

12.0. Məhkəmə-Hüquq Şurası ona həvalə edilmiş vəzifələrin həyata keçirilməsi ilə əlaqədar aşağıdakı hüquqlara malikdir:

12.0.1. vakant hakim vəzifələrinə namizədlərin seçilməsi qaydalarını müəyyən etmək;

12.0.1-1. məhkəmələrdə kargüzarlığın aparılması, o cümlədən işlərin təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürülməsi və elektron qaydada yayılan məhkəmə qərarlarının anonimləşdirilməsi qaydalarını müəyyən etmək;

12.0.2. Məhkəmə-Hüquq Şurasının Aparatını formalaşdırmaq;

12.0.2-1. Hakimlərin Qiymətləndirilməsi Komitəsi haqqında Əsasnaməni təsdiq etmək və Hakimlərin Qiymətləndirilməsi Komitəsini formalaşdırmaq;

12.0.3. Hakimlərin Seçki Komitəsi haqqında Əsasnaməni təsdiq etmək və Hakimlərin Seçki Komitəsini formalaşdırmaq;

12.0.3-1. hakimlərin ümumi sayı çərçivəsində Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrdə hakimlərin sayını müəyyən etmək;

12.0.4. hakimlərin iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, səlahiyyət müddətinin uzadılması, Azərbaycan Respublikasının Ali Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədrləri istisna olmaqla təyin olunmuş hakimlər sırasından Azərbaycan Respublikası məhkəmələrinin sədrlərinin, sədr müavinlərinin və məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi, habelə bu şəxslərin vəzifədən azad edilməsi və ya digər vəzifəyə keçirilməsi barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təklif vermək;

12.0.4-1. hakimləri öz razılığı ilə 1 ilədək müddətə Məhkəmə-Hüquq Şurasının Aparatınaezam etmək, zərurət olduqda, ezam edilmiş hakimin razılığı ilə ezam edilmə müddətini yenidən 1 ilədək uzatmaq;

12.0.4-2. ezam edilmiş hakimin özünün və ya ezam edildiyi qurumun təşəbbüsü ilə əvvəl işlədiyi vəzifəyə qaytarılması məsələsini müzakirə etmək;

12.0.4-3. birinci instansiya məhkəməsinin hakimi öz vəzifələrini yerinə yetirə bilmədikdə və ya hakim vəzifəsi vakant olduqda, həmin məhkəməyə digər müvafiq məhkəmənin hakimini onun razılığı ilə 1 ilədək müddətə ezam etmək;

12.0.4-4. birinci instansiya məhkəmələrində sədr və sədr müavini öz vəzifələrini yerinə yetirə bilmədikdə və ya sədr və sədr müavini vəzifələri vakant olduqda onların vəzifələrinin icrasını müvəqqəti olaraq həmin məhkəmənin hakimlərindən birinə həvalə etmək;

12.0.5. hakimlərin təltif olunmasına dair Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təklif vermək;

12.0.6. hakimləri mükafatlandırmaq;

12.0.6-1. məhkəmə hakimiyyətinin inkişafı sahəsində göstərdikləri xidmətə və səmərəli əməkdaşlığa görə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, habelə beynəlxalq təşkilatların nümayəndələrini və ölkə vətəndaşlarını fəxri fərman və fəxri döş nişanı ilə təltif etmək.

12.0.7. hakimləri intizam məsuliyyətinə cəlb etmək;

12.0.8. hakimlərin səlahiyyətlərinə xitam verilməsi məsələsini müzakirə etmək və bu barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təklif vermək;

12.0.8-1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş halda hakimlərin səlahiyyətlərinə xitam verilməsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü maddəsinin ikinci hissəsinin 1-ci, 3–5-ci, 8-ci (hakimin Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi halında) və ya 9-cu bəndlərində nəzərdə tutulmuş əsaslar olduqda, hakimlərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinə dair məsələləri müzakirə etmək;

12.0.9. hakimlər barəsində cinayət təqibinin həyata keçirilməsinə razılıq vermək, onları səlahiyyətlərinin icrasına müvəqqəti buraxmamaq;

12.0.11. Məhkəmə-Hüquq Şurasında baxılan məsələlər üzrə məhkəmələrdən və dövlət orqanlarından, hüquqi və fiziki şəxslərdən məlumat və sənədlər almaq;

12.0.12. dövlət orqanlarının, elmi müəssisələrin, idarə və təşkilatların əməkdaşlarını, mütəxəssislərini və ekspertlərini öz fəaliyyətinə cəlb etmək;

12.0.13. Məhkəmə-Hüquq Şurasına həvalə edilmiş vəzifələrin həyata keçirilməsi və nizamlanması məqsədi ilə normativ xarakterli aktlar qəbul etmək;

12.0.14. Məhkəmə-Hüquq Şurasında baxılan məsələlər üzrə müvafiq qərarlar qəbul etmək;

12.0.15. qəbul etdiyi qərarların icrasına nəzarət etmək;

12.0.16. hakimlərin fəaliyyətini və məhkəmələrin təşkilati məsələlərini təhlil etmək;

12.0.16-1. Azərbaycan Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi və apellyasiya məhkəmələri istisna olmaqla, digər məhkəmə aparatlarının strukturunu və ştat cədvəlini müəyyən etmək;

12.0.17. Hakimlərin Seçki Komitəsi tərəfindən təklif olunan namizədlərlə söhbət aparmaq;

12.0.18. Hakimlərin Seçki Komitəsinin fəaliyyəti ilə bağlı Komitə sədrinin hesabatını dinləmək;

12.0.19. məhkəmələr və hakimlər haqqında qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflər vermək;

12.0.20. hakimlərin peşə səviyyəsinin yüksəldilməsi məqsədilə təhsil müəssisəsində ixtisasartırma kursları, seminar və məşğələlər keçirmək, hakimlərin peşə hazırlığının artırılması, məhkəmə aparatı işçilərinin peşə hazırlığına və ixtisasının artırılmasına cəlb edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanına müraciət etmək;

12.0.21. ilk dəfə 3 il müddətinə təyin olunan hakimlərin müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində təlimə cəlb edilməsi qaydalarını müəyyən etmək;

12.0.22. birinci instansiya məhkəmələrinin sədrlərinə hakimlər arasında işləri bölüşdürərkən konkret hakimin ixtisaslaşmasının nəzərə almasını təklif etmək;

12.0.23. öz fəaliyyəti ilə bağlı beynəlxalq əlaqələr yaratmaq, məhkəmə fəaliyyəti sahəsində təcrübə mübadiləsini həyata keçirmək;

12.0.24. Məhkəmə-Hüquq Şurasına həvalə edilmiş vəzifələrin həyata keçirilməsi üçün yerli və xarici təşkilatların vəsaitlərini cəlb etmək, qrantlar almaq;

12.0.25. məhkəmə fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə qeyri-hökumət təşkilatları və media subyektləri ilə əməkdaşlıq etmək;

12.0.26. hakimlərin və məhkəmə aparatı işçilərinin əmək şəraitinin və maddi təminatının yaxşılaşdırılması üzrə təkliflər vermək;

12.0.26-1. birinci instansiya və apellyasiya məhkəmələrinin maliyyə təminatı üçün nəzərdə tutulan xərclər barədə təkliflərə onlar müvafiq icra hakimiyyəti orqanına təqdim edilməzdən əvvəl rəy vermək;

12.0.26-2. məhkəmə hakimiyyəti orqanlarının və Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə baxılması üçün Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasını yaratmaq;

12.0.27. qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver