25.1. Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinə aid edilmiş məsələlərə şuranın iclaslarında baxılır. Məhkəmə-Hüquq Şurasının iclaslarını onun sədri aparır. Məhkəmə-Hüquq Şurası Aparatının əməkdaşı Şuranın iclaslarında katib funksiyasını yerinə yetirir. Məhkəmə-Hüquq şurasının iclasları bir qayda olaraq rübdə bir dəfədən az olmayaraq keçirilir.
25.2. Məhkəmə-Hüquq Şurasının iclasının tarixi, vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə şuranın üzvlərinə iclasa ən geci üç gün qalmış məlumat verilir. Məhkəmə-Hüquq Şurasının iclasına şuranın üzvlərindən başqa digər şəxslər də dəvət oluna bilərlər.
25.3. Məhkəmə-Hüquq Şurasının iclası bu qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla şuranın səkkiz üzvü iştirak etdikdə səlahiyyətli sayılır.
25.4. Məhkəmə-Hüquq Şurasının iclasları onun aparatı tərəfindən ən geci on gün müddətində protokollaşdırılır. Protokolda iclasda iştirak edən şura üzvləri və dəvət edilmiş şəxslər göstərilir, iclasın gündəliyi, müzakirələrin məzmunu, səsə qoyulmuş məsələlər, qəbul edilmiş qərarlar və səsvermənin nəticələri əks etdirilir. Protokol şuranın sədri və iclasın katibi tərəfindən imzalanır.