Hakimlərin səlahiyyətlərinə onların səlahiyyət müddəti (uzadılmış səlahiyyət müddəti) qurtardıqda Məhkəmə-Hüquq Şurası tərəfindən xitam verilir.
Hakimlərin səlahiyyətlərinə aşağıdakı əsaslara görə vaxtından əvvəl xitam verilə bilər:
1) öz arzusu ilə vəzifəsindən çıxmaq barədə yazılı ərizə verdikdə;
2) hakim vəzifəsindən kənarlaşdırıldıqda;
3) fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə;
4) vəfat etdikdə;
5) məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə;
6) bu Qanunla hakim vəzifəsinə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə;
7) tutduğu vəzifə ilə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda;
8) Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə;
9) əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar vəzifəsini yerinə yetirə bilmədikdə;
10) bu Qanunun 111-1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqvim ili ərzində iki dəfə intizam cəzası verildikdə
11) işlərə baxarkən qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduqda;
12) “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş təkrar qiymətləndirmə nəticəsində hakimin (ilk dəfə hakim təyin edilmiş şəxslər istisna olmaqla) fəaliyyətində yenidən peşəkar çatışmazlıqlar aşkar edildikdə.
Əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə hakimə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülür.