Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti məhkəmənin sədrindən, onun müavinindən və kollegiya sədrlərindən ibarət tərkibdə fəaliyyət göstərir.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Rəyasət Heyətinin tərkibinə daxil olan şəxslərin öz səlahiyyətləri daxilində bərabər hüquqları vardır.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Rəyasət Heyəti:
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri sırasından məhkəmə kollegiyalarını və müvafiq məhkəmə tərkiblərini təşkil edir;
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi sədrinin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi yanında Elmi-məsləhət şurasının Əsasnaməsini və tərkibini təsdiq edir;
qanunla müəyyən edilmiş qaydada qanunvericilik və digər normativ aktların Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunsuzluğu barədə Konstitusiya Məhkəməsinə sorğu verilməsi üçün Ali Məhkəməyə müraciət edir;
Azərbaycan Respublikası qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələləri üzrə və Naxçıvan Muxtar Respublikasında ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin, onun müavininin, kollegiya sədrlərinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinin sədrlərinin məlumatlarını dinləyir;
məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili barədə materiallara baxır;
qanunvericilik aktlarının düzgün tətbiq edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinə metodik kömək göstərir;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.