Məhkəmələrin fəaliyyətinin hüquqi, təşkilati, informasiya, maddi-texniki, maliyyə və təsərrüfat təminatını həyata keçirmək məqsədilə Ali Məhkəmə, apellyasiya məhkəmələri və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində və digər məhkəmələrdə məhkəmə aparatları fəaliyyət göstərir.
Məhkəmələrin aparatları təşkil edilərkən hər hakim üçün məhkəmə katibi və köməkçi nəzərdə tutulmalı, məhkəmələrdə dəftərxana, kitabxana, arxiv, təsərrüfat xidməti fəaliyyət göstərməli, şəxslərin qəbulu, qanunvericiliyin sistemləşdirilməsi və kodifikasiyası, məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının aparılması ilə məşğul olan məsləhətçilər olmalı, kargüzarlığın, məhkəmə tərəfindən çıxarılmış qərarların və onlarla bağlı yuxarı instansiya məhkəmələrinin qərarlarının uçotunun aparılması təmin edilməlidir.
Məhkəmə aparatları məhkəmələrdə şəxslərin qəbulunu həyata keçirirlər. Məhkəmə icraatının təşkilati məsələləri ilə bağlı qəbul müvafiq hakimin məhkəmə katibi tərəfindən həyata keçirilir.
Ali Məhkəmə, apellyasiya məhkəmələri və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi aparatlarının strukturunu, ştat cədvəlini, xərc smetasını müvafiq olaraq Ali Məhkəmənin, apellyasiya məhkəmələrinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədrləri, digər məhkəmə aparatlarının strukturunu, ştat cədvəlini Məhkəmə-Hüquq Şurası, xərc smetasını isə müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Məhkəmə aparatının işçiləri mütəmadi olaraq müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində peşə hazırlığına və ixtisasının artırılmasına cəlb edilirlər. Məhkəmə aparatı işçilərinin peşə hazırlığına və ixtisasının artırılmasına cəlb edilməsi Məhkəmə-Hüquq Şurasının müraciəti əsasında həyata keçirilir.
(Çıxarılıb)