Hakim vəzifəsinə hakimlər ilk dəfə üç il müddətinə təyin olunurlar. Təyin olunduqdan dərhal sonra onlar peşə hazırlığı məqsədilə müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən edilmiş qaydada təlimə cəlb edilirlər. 3 illik müddətin sonunda hakimlərin fəaliyyəti qiymətləndirilir. Qiymətləndirmə nəticəsində hakimin fəaliyyətində peşəkar çatışmazlıq aşkar edilməzsə Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyətləri son yaş həddinədək uzadılır.
Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrinin hakimləri üçün 66 yaşdır.
Qiymətləndirmə nəticəsində hakimin fəaliyyətində peşəkar çatışmazlıq aşkar edilərsə onun səlahiyyətləri uzadılmır.
Hakimin fəaliyyətinin qiymətləndirilməsi “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə müvafiq həyata keçirilir.
İşə baxılan zaman hakimlərin səlahiyyət müddəti başa çatarsa, onların səlahiyyəti həmin işə baxılıb qurtaranadək davam edir.