Qanunvericilik › “Məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsi haqqında Təlimat” barədə (Ədliyyə Nazirliyi, 31.10.2014) › Tam mətn

“Məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsi haqqında Təlimat” barədə (Ədliyyə Nazirliyi, 31.10.2014)

“Məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsi haqqında Təlimat” barədə (Ədliyyə Nazirliyi, 31.10.2014) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndinə əsasən kollegiya

1. “Məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsi haqqında Təlimat” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

2. Bu qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun və aidiyyəti ədliyyə orqanları, respublikanın bütün məhkəmələri bu barədə məlumatlandırılsın (A.Əliyev).

3. “Məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə nazirlik üzrə 09.02.2004-cü il tarixli, 7-T nömrəli əmr (02.03.2004-cü il tarixli, 3038 nömrəli şəhadətnamə); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 04.05.2007-ci il tarixli 20-T nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi üzrə əmrlərlə təsdiq olunmuş bəzi normativ aktlara əlavə və dəyişikliklər edilməsinə dair Siyahı”nın 14-cü bəndi (19.06.2007-ci il tarixli, 3314 nömrəli şəhadətnamə) və “İcra xidmətinin fəaliyyəti ilə bağlı bəzi məsələlər barədə” nazirlik üzrə 20.12.2010-cu il tarixli, 21-T nömrəli əmrə 1 saylı əlavənin 5-ci bəndi (21.01.2011-ci il tarixli, 4105 nömrəli şəhadətnamə) ləğv edilsin.

Azərbaycan Respublikasının

I dərəcəli dövlət ədliyyə müşaviri

Bu Təlimat “Dövlət icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi istisna olmaqla, Azərbaycan Respublikasının məhkəmələrinin müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsində dövlət icra məmurlarının (bundan sonra – icra məmuru) xidməti vəzifələrinin icrası qaydalarını tənzimləyir.

2.1. İcra məmurları aidiyyəti məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsini “Dövlət icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununa, Cinayət-Prosessual Məcəlləsinə, Mülki-Prosessual Məcəlləsinə, bu Təlimata və icra qurumunun rəhbərinin (bundan sonra – qurum rəhbəri) göstərişlərinə və müəyyən etdiyi növbətçilik cədvəlinə əsasən həyata keçirirlər.

2.2. Məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsi tədbirləri aşağıdakılardan ibarətdir:

2.2.1. məhkəmədə hakimlərin, məhkəmə prosesinin digər iştirakçılarının və şahidlərin (bundan sonra - mühafizə olunmalı şəxslər) təhlükəsizliyinin təmin edilməsi;

2.2.2. məhkəmənin fəaliyyəti ilə əlaqədar hakimlərin sərəncamlarının icra edilməsi;

2.2.3. məhkəmə və hakimin qərarı ilə təqsirləndirilən şəxs və digər şəxslər barəsində qanunla nəzərdə tutulmuş prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi;

2.2.4. iş vaxtı məhkəmə binalarının, müşavirə otaqlarının və məhkəmə iclas zalının mühafizəsinin təmin edilməsi;

2.2.5. məhkəmə iclas zalının iclasa hazırlığının yoxlanması, hakimin tapşırığı ilə cinayət işinin və maddi sübutların məhkəmə iclas zalına gətirilməsi və mühafizəsinin təmin edilməsi;

2.2.6. həbsdə saxlanılan təqsirləndirilən şəxslərin və ya məhkumların müşayiət edilməsində, onların mühafizəsi və təhlükəsizliyi məsələlərində hərbiləşdirilmiş qurumlarla qarşılıqlı fəaliyyət göstərilməsi;

2.2.7. məhkəmənin ərazisində ictimai qaydaların təmin edilməsi, qanun pozuntularının qarşısının alınması, onların aradan qaldırılması, nizam-intizamı pozan şəxslərin aşkar edilərək qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi;

2.2.8. kömək üçün polis və təhlükəsizlik orqanlarının əməkdaşlarının, daxili qoşunların hərbi qulluqçularının dəvət olunması üçün qurum rəhbərinə müraciət edilməsi;

2.2.9. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hallarda fiziki güc, xüsusi vasitə və xidməti silah tətbiq edilməsi;

2.2.10. qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlərin görülməsi.

2.3. İcra məmurları xidməti vəzifələrini yerinə yetirməyə başlayarkən qurum rəhbərinə gəlməsi barədə məruzə edir və ondan müvafiq tapşırıqlar alırlar.

2.4. İcra məmurları qurum rəhbərinə tabedirlər və onun, habelə məhkəmə iclasına sədrlik edən hakimin göstərişlərini yerinə yetirirlər.

2.5. Böyük icra məmurları qurum rəhbəri tərəfindən müəyyən edilmiş sayda icra məmurlarının xidməti vəzifələrinin yerinə yetirilməsinə nəzarəti həyata keçirirlər və qurum rəhbərinin göstəriş və tapşırıqlarının icrasında icra məmurları ilə birlikdə bilavasitə iştirak edirlər.

2.6. İcra məmurları vəzifələrinin icrasını xüsusi xidməti geyim formasında aparırlar. Xüsusi hazırlıq keçdikdən sonra onlara qanunvericilikdə müəyyən olunmuş qaydada xüsusi vasitələr və xidməti silah gəzdirmək, saxlamaq və istifadə hüququ verilir.

3.1 Qurum rəhbərinin vəzifələri aşağıdakılardır:

3.1.1 məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasını təmin etmək məqsədi ilə məhkəmənin iş yükü, təyin olunmuş işlərin sayı və mürəkkəbliyi nəzərə alınmaqla aylıq növbətçilik cədvəlini hər ayın 25-dən gec olmayaraq növbəti ay üçün müəyyən etmək, bu barədə müvafiq məhkəməyə məlumat vermək və həmin cədvəli icra məmurlarına imza etdirməklə tanış etmək və onun icra olunmasına nəzarət etmək;

3.1.2. konkret şəraiti nəzərə almaqla məhkəmə binalarının, müşavirə otaqlarının və məhkəmə iclas zalının mühafizəsini təşkil etmək;

3.1.3. xidməti vəzifələrini yerinə yetirməyə başlamazdan əvvəl icra məmurlarını təlimatlandırmaq, mövcud vəziyyətdən asılı olaraq hər birinə konkret izah vermək və ehtiyac olduqda əlavə tapşırıqlar verib onlar üzərində nəzarəti həyata keçirmək;

3.1.4. icra məmurlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, hüquqi biliklərinin artırılması, peşə vərdişlərinə yiyələnməsi və xüsusi hazırlıq keçməsi məqsədilə onların müvafiq kurs və treninqlərə cəlb edilməsi ilə bağlı təkliflər vermək;

3.1.5. icra məmurlarına xidməti vəzifələrini yerinə yetirmək üçün lazımi şərait yaratmaq;

3.1.6. məhkəmə iclasları məhkəmə binasından kənarda keçirilərkən tələb olunan sayda icra məmurlarının məhkəmə iclasının keçiriləcəyi yerə göndərilməsini təşkil etmək;

3.1.7. ehtiyac olduqda məhkəmələrin müəyyən edilmiş fəaliyyət qaydasının təmin olunmasında əlavə sayda icra məmurlarının iştirakını təmin etmək;

3.1.8. məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsinə dair keçirilən tədbirlərə nəzarət etmək;

3.1.9. icra məmurlarının xidməti vəzifələrini müvafiq qaydalara uyğun yerinə yetirmələrini mütəmadi olaraq yoxlamaq və aşkar edilmiş nöqsanları aradan qaldırmaq;

3.1.10. rəhbərlik etdiyi qurumun əməkdaşları arasında vəzifə və iş bölgüsü aparmaq, onlar tərəfindən icra və əmək intizamına, ədliyyə orqanları işçilərinin etik davranış qaydalarına əməl olunmasına nəzarət etmək;

3.1.11. xüsusi vasitələrin qeydiyyatını aparmaq, onların mühafizə olunduğu otaqdan alınıb təhvil verilməsi işinə nəzarət etmək;

3.1.12. xüsusi məlumatların verilməsi qayda və şərtlərini tənzimləyən normativ hüquqi aktlarda nəzərdə tutulmuş tələblərdən irəli gələn vəzifələri yerinə yetirmək;

3.1.13. rəhbərlik etdiyi qurumun fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə Ədliyyə Nazirliyinin rəhbərliyinə təkliflər vermək;

3.1.14. “Yerli icra qurumlarının Nümunəvi Əsasnaməsi”ndə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

3.2. Qurum rəhbəri quruma həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

4.1. Qurum rəhbərinin aşağıdakı hüquqları vardır:

4.1.1. rəhbərlik etdiyi qurumu məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsi ilə bağlı məsələlərə dair idarə, müəssisə, təşkilat və vəzifəli şəxslərlə işgüzar münasibətlərdə təmsil etmək;

4.1.2. rəhbərlik etdiyi qurumun əməkdaşlarının həvəsləndirilməsi, onlara xüsusi rütbə və ixtisas dərəcələrinin verilməsi, intizam tənbeh tədbirlərinin tətbiq edilməsi və vəzifədən kənarlaşdırılması barədə təkliflər vermək;

4.1.3. məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsi ilə əlaqədar zərurət yarandıqda kömək üçün polis və təhlükəsizlik orqanlarının əməkdaşlarının, daxili qoşunların hərbi qulluqçularının dəvət olunmasını təmin etmək;

4.1.4. məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının təmin olunmasına dair icra məmurlarının növbətçilik cədvəlində bir icra məmurunu digəri ilə əvəz etmək;

4.1.5. məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının təmin olunmasına dair növbətçilik cədvəlini tərtib edərkən icra məmurlarının peşəkarlığını, şəxsi keyfiyyətlərini, xidməti vəzifələrinə münasibətlərini və onların iş yükünü nəzərə almaq;

4.1.6. “Yerli icra qurumlarının Nümunəvi Əsasnaməsi”ndə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

5.1. Mühafizə olunmalı şəxslər barəsində təhlükəsizlik tədbirlərinin tətbiqinə əsas onların bilavasitə hakimlərə, qurum rəhbərinə və ya icra məmuruna müraciəti, eləcə də mühafizə olunmalı şəxslərin təhlükəsizliyinə qarşı edilə biləcək qəsd hərəkətləri ilə əlaqədar daxil olan məlumatlar ola bilər.

5.2. Məhkəmə binasında, məhkəmə iclas zalında, müşavirə otaqlarında mühafizə olunmalı şəxslərin təhlükəsizliyi icra məmurları tərəfindən iş vaxtı təmin edilir.

5.3. İcra məmurları mühafizə olunmalı şəxslərin həyat və sağlamlığına real təhlükənin qarşısını almaq barədə hakimlərin və qurum rəhbərinin göstərişlərini, baş verə biləcək təhlükəni vaxtında və düzgün qiymətləndirməklə, dərhal yerinə yetirir və bu barədə qurum rəhbərinə məlumat verirlər.

5.4. Mühafizə olunmalı şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi ilə aşağıdakı tədbirlər həyata keçirilir:

5.4.1. məhkəmə binasında, məhkəmə iclas zalında, iş üzrə qərar çıxarılan müşavirə otaqlarının girişində məhkəmənin fəaliyyət qaydasını təmin etmək məqsədi ilə icra məmurlarına müəyyən edilmiş yer ayrılır;

5.4.2. məhkəmədə rabitə vasitələrinin işə yararlılığı yoxlanılır;

5.4.3. mühafizə olunmalı şəxslərin təhlükəsizliyini təmin etmək məqsədilə məhkəmə iclası başlamazdan əvvəl məhkəmə binasında, məhkəmə iclas zalında, müşavirə otaqlarında və məhkəmənin ərazisində sahibsiz əşyalar, partlayıcı, zəhərləyici və sair təhlükəli predmetlər və şübhəli şəxslərin ola bilmə ehtimalı nəzərə alınaraq, bu yerlərə baxış keçirilir;

5.4.4. 5.4.3-cü yarımbənddə göstərilən predmetlər aşkar olunduqda, vətəndaşlar icra məmurları tərəfindən həmin yerdən çıxarılır, yaxud uzaqlaşdırılırlar. Qurum rəhbəri təhlükəli predmetlərin zərərsizləşdirilməsi üçün dərhal ərazi aidiyyəti üzrə polis orqanlarına məlumat verir. Polis əməkdaşları təhlükəli predmetləri zərərsizləşdirdikdən sonra hadisə yerində tərtib olunmuş protokolun surəti qurumda saxlanılır və bu barədə qurumun qeydiyyat jurnalında müvafiq qeyd edilir(1 №-li əlavə);

5.4.5. keçirilən baxış zamanı şübhəli şəxslər aşkar edildikdə, bu şəxslərin qanun pozuntusu törədib-törətmədikləri müəyyənləşdirilir. Qanun pozuntusuna yol vermiş şəxslər qurumun otağında saxlanılır, bu barədə akt tərtib edilir və qurumun qeydiyyat jurnalında müvafiq qeyd aparılır. Qurum rəhbəri bu barədə dərhal ərazi aidiyyəti üzrə polis orqanlarına məlumat verir. Həmin şəxslər tərtib olunmuş aktla birlikdə polis əməkdaşlarına təhvil verilir və təhvil alan polis əməkdaşına qurumun qeydiyyat jurnalında adı, soyadı, atasının adı, vəzifəsi və tarix göstərilməklə imza etdirilir;

5.4.6. məhkəmə iclasının keçirilməsinə maneçilik törədən şəxslər məhkəmənin qərarına əsasən icra məmurları tərəfindən məhkəmə zalından çıxarılır.

5.5. İcra məmurları məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasını təmin edərkən məhkəmə ərazisində cinayətlərin və digər qanun pozuntularının qarşısının alınması, onların aradan qaldırılması, qanun pozuntusuna yol verənin aşkar edilməsi zamanı qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada fiziki güc, xüsusi vasitə tətbiq edə bilərlər. Görülən tədbirlər nəticəsində cinayət və digər qanun pozuntularının qarşısını almaq mümkün olmadıqda və ya əvvəlcədən bunu ehtimal etməyə əsas verən hallar olduqda, icra məmurları kömək üçün polis və ya təhlükəsizlik orqanlarının əməkdaşlarının, daxili qoşunların hərbi qulluqçularının dəvət olunması üçün qurum rəhbərinə müraciət edirlər. Qanun pozuntusuna yol verən şəxslər həmin əməllər barədə tərtib olunmuş aktla birlikdə polis orqanlarına təhvil verilir və qurumun qeydiyyat jurnalında müvafiq qeyd edilir.

5.6. İcra məmurları konkret vəziyyətdən asılı olaraq “Dövlət icra məmurları haqqında” Azərbaycan Respublikası Qanununda və “Yerli icra qurumlarının Nümunəvi Əsasnaməsi”ndə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində digər təhlükəsizlik tədbirləri də görə bilərlər.

6.1. İcra məmurları məhkəmə binasının mühafizəsini qurum rəhbərinin göstərişi ilə əvvəlcədən müəyyən edilmiş yerdə iş vaxtı həyata keçirirlər.

6.2. Məhkəmə iclas zalının mühafizəsi barədə qurum rəhbərindən göstəriş alan icra məmurları aşağıdakıları yerinə yetirməyə borcludurlar:

6.2.1. məhkəmə iclası keçiriləcək yerin qapılarında olan kilid mexanizmlərinin etibarlılığını yoxlamaq;

6.2.2. rabitə, ümumi mühafizə və yanğından mühafizə xətlərinin işə yararlılığını və etibarlılığını yoxlamaq, aşkar edilmiş nöqsanlar barədə qurumun qeydiyyat jurnalında qeyd edilməklə qurum rəhbərinə məruzə etmək;

6.2.3. məhkəmə iclasının keçiriləcəyi yerə baxış keçirmək;

6.2.4. məhkəmə iclasının keçirilməsi zamanı təhlükəsizliyin təmin edilməsi məqsədi ilə məhkəmə iclasında sədrlik edənin göstərişi əsasında iclas zalına buraxılan şəxslərin şəxsiyyətini təsdiq edən sənədləri və əl yüklərini (çanta, bağlama və s.) sahiblərinin bilavasitə iştirakı ilə yoxlamaq;

6.2.5. məhkəmə iclasında sədrlik edənin göstərişi əsasında iclas zalına buraxılan şəxslərin üstünü yoxlamaq və bu zaman hər bir şəxsin onunla eyni cinsdən olan şəxs tərəfindən yoxlanılmasını təmin etmək;

6.2.6. açıq məhkəmə iclasında iştirak etmək arzusunda olan şəxsləri məhkəmə iclas zalına iclasdan əvvəl və ya iclaslararası tənəffüsdə boş yerlərin olduğu halda buraxmaq;

6.2.7. 16 yaşından aşağı olan şəxsləri tərəf və ya şahid olmadıqda məhkəmə iclas zalına buraxmamaq.

6.3. İcra məmurları qapıların kilid mexanizmlərinin qırılması və içəri daxil olma faktını aşkar edərsə, dərhal bu barədə qurum rəhbərinə məlumat verməlidir.

6.4. İcra məmuru mütəmadi olaraq məhkəmə binasının zirzəmi, dəhliz, pilləkən sahələrinə, ictimai otaqlara və binanın damına baxış keçirməli, binanın damı və zirzəmisinə sərbəst daxil olma ehtimalının qarşısını almalıdır.

6.5. İcra məmurları məhkəmə binasında alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə nəticəsində sərxoş vəziyyətə düşmüş şəxsləri aşkar etdikdə, əvvəlcə bu şəxslərə məhkəmə binasını tərk etməyi təklif edir, rədd cavabı aldıqda, onları məcburi qaydada məhkəmə binasından çıxarır və bu barədə yazdığı raportla qurum rəhbərinə məruzə edirlər. Göstərilən şəxslərin məhkəmə prosesinin iştirakçısı və şahid olduğu müəyyən edildikdə, həmin şəxslər icra məmurları tərəfindən qurumun otağına aparılır və bu barədə dərhal məhkəmə iclasına sədrlik edənə məlumat verilir.

6.6. Qurum rəhbəri icra məmurlarından məhkəmə iclasının məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasına uyğun keçirilməsinin təmin edilməsi ilə bağlı görülmüş tədbirlər barədə məlumat tələb edir.

6.7. İcra məmurları məhkəmə ərazisindən kənarda məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsinə dair konkret xidməti vəzifələri yalnız qurum rəhbərinin göstərişi və ya tapşırığına əsasən yerinə yetirirlər.

6.8. İcra məmurları məhkəmə iclası başlamazdan əvvəl iclasa sədrlik edənə (hakimə) məhkəmə iclas zalında təhlükəsizlik tədbirlərinin görülməsini, cinayət işlərində tutulmuş, həbs olunmuş və məhkum olunmuş şəxslərin məhkəmə iclas zalının onlar üçün ayrılmış xüsusi hissəsinə yerləşdirilmələri barədə, məhkəmə iclas zalında məhkəmə iclasına hazır olmaları barədə məruzə edir və iş vaxtının sonunadək mühafizə olunmalı şəxslərin təhlükəsizliyinin təmin olunması, müşavirə otağı, məhkəmə iclas zalının mühafizəsinin təşkil edilməsi tədbirlərini həyata keçirir və məhkəmənin fəaliyyəti ilə əlaqədar hakimlərin digər sərəncamlarını icra edirlər.

6.9. İcra məmurları məhkəmə iclası zamanı daim məhkəmə iclas zalında olmalı, iclas zalını yalnız məhkəmə iclasına sədrlik edənin göstərişi ilə tərk etməlidirlər. Bir icra məmurunun digəri ilə əvəz edilməsinə qurum rəhbərinin göstərişinə əsasən yol verilir.

6.10. İcra məmurları məhkəmə iclası başa çatdıqdan sonra qurum rəhbərinə iclas zamanı məhkəmə iclasına sədrlik edən və ya hakimlər, proses iştirakçıları tərəfindən edilən müraciətlər və məhkəmələrin müəyyən edilmiş fəaliyyət qaydasının təmin edilməsi məqsədi ilə görülmüş tədbirlər barədə şifahi, baş vermiş hadisələr barədə isə yazılı məlumat verirlər. Eyni məhkəmə zalında və ya bir hakim (və ya məhkəmə kollegiyası) tərəfindən bir neçə məhkəmə iclasının keçirildiyi hallarda bu məlumat qurum rəhbərinə axırıncı məhkəmə iclası qurtardıqdan sonra verilir.

6.11. İş gününün axırında icra məmurları gün ərzində iştirak etdikləri məhkəmə iclaslarının tarixi, vaxtı, işə baxmış hakimlər və baş vermiş hadisələr barədə hər bir icra məmuru tərəfindən fərdi qaydada tərtib edilən məhkəmənin müəyyən olunmuş fəaliyyət qaydasının təmin olunmasına dair hesabat kitabında qısa qeyd edirlər (2 №-li əlavə).

6.12. İcra məmurlarının təqvim ilinin altı aylıq və ya illik hesabat dövrləri ərzində məhkəmənin müəyyən olunmuş fəaliyyət qaydasının təmin olunması ilə əlaqədar fəaliyyətlərini özündə əks etdirən statistik hesabat vərəqəsi qurum rəhbəri tərəfindən imzalanaraq müvafiq olaraq hər ilin yanvar və iyul ayının 10-na kimi Ədliyyə Nazirliyinin İcra xidmətinə təqdim edilir (3 №-li əlavə).

7.1. Məhkəmə iclas zalında proses iştirakçılarından biri və ya bir neçəsi məhkəmənin qərarı əsasında həbs edilərsə, icra məmurları aşağıdakı tədbirləri həyata keçirirlər:

7.1.1. məhkəmənin barələrində inzibati həbs qərarı çıxardığı şəxslər icra məmurları tərəfindən məhkəmənin müvəqqəti saxlama yerində yerləşdirilirlər. Qurum rəhbəri dərhal bu barədə həmin ərazinin polis orqanlarına, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər barədə isə həmin şəxslərin xidmət keçdikləri orqana məlumat verir. Həbs olunmuş şəxslər məhkəmənin inzibati həbs haqqında qərarı ilə birlikdə polis orqanlarına, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə xidmət keçdikləri orqana təhvil verilirlər. Bu barədə tərtib olunmuş akt icra qurumunda saxlanılır. Həbs olunmuş şəxsləri təhvil alan polis əməkdaşına və ya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslərin xidmət keçdikləri orqanın əməkdaşına qurumun qeydiyyat kitabında adı, soyadı, ata adı, vəzifəsi və tarix göstərilməklə imza etdirilir;

7.1.2. cinayət işi üzrə icraatda qətimkan tədbirinin dəyişdirilməsi və ya şəxsin Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirləndirilməsi ilə əlaqədar məhkəmənin qərarına əsasən məhkəmə iclas zalında həbs olunmuş şəxslər icra məmurları tərəfindən məhkəmənin müvəqqəti saxlama yerində yerləşdirilir və məhkəmənin qərarı ilə birlikdə konvoy taborunun əməkdaşlarına təhvil verilirlər. Bu barədə qurumun qeydiyyat kitabında qeyd edilir.

8.1. İcra məmurları hakimlərin tapşırığı və qurum rəhbərinin göstərişi ilə cinayət işlərinin və maddi sübutların (silah və narkotik vasitələr istisna olmaqla) məhkəmə iclas katibi tərəfindən onların saxlanıldığı yerdən məhkəmə iclasının keçirildiyi yerə, yaxud hakimin iş otağına gətirilməsini müşayiət edir və mühafizəsini təmin edirlər.

8.2. Məhkəmə iclas zalında cinayət işinin və maddi sübutların mühafizəsini təmin edən icra məmurları cinayət işi və maddi sübutlar gətirilməzdən əvvəl aşağıdakı ehtiyat tədbirlərini görməlidirlər:

8.2.1. məhkəmə iclası keçirilən yeri yoxlamalı;

8.2.2. mühafizə ehtiyacı tələb etdikdə qurum rəhbərinin vasitəsilə mühafizə üçün əlavə güc və vasitə cəlb etməli;

8.2.3. kənar şəxslərin məhkəmə iclasının keçiriləcəyi yerə daxil olmasının qarşısını almaq üçün yoxlama keçirməli;

8.2.4. qapı və pəncərələrin etibarlı olmasını yoxlamalı;

8.2.5. cinayət işinin və maddi sübutların ələ keçirilməsinə cəhd hallarının qarşısının alınması üçün təsirli tədbirlər görməli;

8.2.6. aşkar edilmiş pozuntular barədə hakimə və qurum rəhbərinə məruzə etməlidirlər.

8.3. Məhkəmə araşdırmaları başa çatdıqdan sonra icra məmurları məhkəmə iclas katibi ilə birlikdə cinayət işini və maddi sübutları müəyyən edilmiş qaydada təhvil vermək üçün məhkəmənin dəftərxanasına gətirirlər.

8.4 Məhkəmə ərazisi hüdudlarından kənarda bir yerdən cinayət işinin və maddi sübutların məhkəmə iclasının keçiriləcəyi yerə gətirilməsinin təmin edilməsi zamanı icra məmurları qurum tərəfindən nəqliyyat vasitəsilə təmin olunurlar.

Başlandı: “___” ________________ 20___ il

Qurtardı: “___” ________________ 20___ il

Başlandı: “___” ________________ 20___ il

Qurtardı: “___” ________________ 20___ il

İnzibati xətalara dair işlər üzrə

Kommersiya mübahisələrinə dair işlər üzrə

İnzibati mübahisələrə dair işlər üzrə

1, 2, 3, 4 və 5-ci sətirlərin cəmi

1. 31 oktyabr 2019-cu il tarixli 23-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201910310023, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 31 oktyabr 2019-cu il)

2. 5 oktyabr 2020-ci il tarixli 15-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010050015, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2020-ci il)

3. 2 aprel 2025-ci il tarixli 4-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202504020004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 aprel 2025-ci il)

4. 22 iyul 2026-cı il tarixli 3-16/1-KQ/12/2026 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202607220012, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 iyul 2026-cı il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver