1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. məişət zorakılığı - qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu Qanunun 4-cü maddəsində göstərilən şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması;
1.0.2. məişət zorakılığından zərər çəkmiş şəxs (bundan sonra - zərər çəkmiş şəxs) - bu Qanunun 4-cü maddəsində göstərilən şəxslərin birinin digərinə qarşı qəsdən törətdiyi bu Qanunun 1.0.3-1.0.6-cı maddələrində nəzərdə tutulmuş hərəkətlər nəticəsində fiziki və ya mənəvi zərər çəkmiş şəxs;
1.0.3. məişət zəminində fiziki zorakılıq - bu Qanunun 4-cü maddəsində göstərilən şəxslərin birinin digərinə qəsdən fiziki təzyiq göstərməsi, yəni zor tətbiq etməklə təhlükəsizliyini pozması, döyməsi, sağlamlığına zərər vurması, işgəncə verməsi, azadlıq hüququnu məhdudlaşdırması;
1.0.4. məişət zəminində psixi zorakılıq - bu Qanunun 4-cü maddəsində göstərilən şəxslərin birinin digərinə qəsdən psixi təzyiq göstərməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətləri;
1.0.5. məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi - bu Qanunun 4-cü maddəsində göstərilən şəxslərin birinin digərini onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum etməsinə, iqtisadi asılılıq yaratmasına, belə asılılığı saxlamasına və ya ondan sui-istifadə etməsinə yönəlmiş hərəkətləri;
1.0.6. məişət zəminində cinsi zorakılıq - bu Qanunun 4-cü maddəsində göstərilən şəxslərin birinin digərini onun iradəsi əleyhinə seksual xarakterli hərəkətlərə məcbur etməsi;
1.0.7. məişət zorakılığının qarşısının alınması - məişət zorakılığı təhlükəsinin aradan qaldırılması məqsədi ilə həyata keçirilən hüquqi, sosial və qabaqlayıcı tədbirlər;
1.0.8. yardım mərkəzləri - zərər çəkmiş şəxslərin müvəqqəti sığınacaqla təmin edilməsi, habelə onlara hüquqi, tibbi, psixoloji, sosial və digər yardımın göstərilməsi məqsədi ilə yaradılan dövlət və qeyri-dövlət qurumları;
1.0.9. mühafizə orderi – məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında akt.