Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılardır:
meliorasiya — torpaqların hidrotexniki, mədəni-texniki, kimyəvi, aqro-meşəmeliorasiya, aqrotexniki və digər tədbirlərin aparılması yolu ilə əsaslı yaxşılaşdırılmasıdır;
irriqasiya (suvarma) — təbii su çatışmazlığı olan torpaqlarda əkinlərə suyun mühəndis-texniki və digər tədbirlərin aparılması yolu ilə verilməsidir;
meliorasiya olunmuş (olunacaq) torpaqlar — meliorasiya tədbirlərinin aparılması nəticəsində münbitliyi artırılmış (artırılacaq) torpaqlardır;
suvarılan torpaqlar — suvarma məqsədi ilə irriqasiya sistemləri və qurğuları ilə təmin olunmuş torpaqlardır;
meliorasiya sistemləri — meliorasiya olunmuş torpaqlarda su, duz, hava, istilik və qida rejimini tənzimləmək üçün istifadə olunan qarşılıqlı əlaqəli hidrotexniki və digər qurğular və tikililər kompleksi (meliorasiya olunmuş torpaqlarda yerləşən kanallar, kollektorlar, boru kəmərləri, su anbarları, bəndlər, nasos stansiyaları, sugötürücülər və digər qurğular və tikililər), habelə qoruyucu meşə əkinləridir;
irriqasiya (suvarma) sistemləri — suların su obyektlərindən götürülməsini, nəql edilməsini, paylanmasını və bitkilərin suvarılmasını təmin edən hidrotexniki və digər qurğular və tikililər kompleksi, habelə qoruyucu meşə əkinləridir;
ayrılıqda yerləşən hidrotexniki qurğular — meliorasiya və irriqasiya sistemlərinə daxil olmayan, suların istehlakçılara çatdırılmasını, meliorasiya sistemlərinin köməyi ilə artıq suların kənara axıdılmasını, torpaqların su eroziyasından və sürüşmədən mühafizəsini təmin edən mühəndis qurğuları, tikililəri və qoruyucu meşə əkinləri;
meliorasiya və irriqasiya tədbirləri — meliorasiya sistemlərinin irriqasiya sistemlərinin və ayrılıqda yerləşən hidrotexniki qurğuların (bundan sonra — meliorasiya və irriqasiya sistemləri) layihələndirilməsi, tikintisi, yenidən qurulması və istismarı, otlaqların su təchizatı, qoruyucu meşə əkinlərinin salınması, mədəni-texniki işlərin, torpaqların fiziki və aqrokimyəvi xassələrinin yaxşılaşdırılması işlərinin aparılması, göstərilən işlərin elmi və istehsal-texniki təminatıdır;
Sudan İstifadəedənlər Birliyi (Birlik) - istifadəsinə verilən meliorasiya və irriqasiya sistemlərini idarə etmək və xidmət göstərdiyi ərazidə əkinləri suvarma suyu ilə təmin etmək məqsədi ilə kənd təsərrüfatı istehsalçıları tərəfindən bu Qanuna uyğun yaradılan və fəaliyyət göstərən qeyri-kommersiya qurumunun xüsusi formasıdır.