Birliyin xidmət göstərdiyi ərazidə yerləşən torpaqların üzərində mülkiyyət və ya ən azı üç il müddətində istifadə hüququ olan fiziki və hüquqi şəxslər Birliyin üzvü ola bilərlər.
Aşağıdakı halların aradan qaldırılmasınadək ərizə ilə müraciət edən şəxslərin Birliyə qəbul olunmasından imtina edilə bilər:
ərizə verildiyi günədək ötən iki il ərzində şəxs Birlikdən xaric edilmişdirsə;
şəxsin istifadə etdiyi torpağın sabiq sahibinin Birliyə borcu olduqda;
ərizə suvarma mövsümü ərəfəsində verildikdə.
Birliyin üzvü idarə heyətinin təklifinə əsasən ümumi yığıncağın qərarı ilə aşağıdakı hallarda üzvlükdən xaric edilə bilər:
nizamnaməni və ya ümumi yığıncağın qərarını mütəmadi olaraq pozduqda;
su haqqını ödəmədikdə;
meliorasiya və irriqasiya sistemlərinə, qurğu və avadanlığa vurduğu zərərin ödənilməsindən və ya onların bərpa edilməsindən əsassız olaraq imtina etdikdə;
dəfələrlə özbaşına su götürdükdə və ya suyun paylanması cədvəlini pozduqda.
Üzv Birlikdən xaric edilməsi haqqında ümumi yığıncağın qərarından məhkəməyə şikayət edə bilər.
Birlikdə üzvlüyə aşağıdakı hallarda xitam verilir:
suvarılan torpağın üzərində mülkiyyət və ya istifadə hüququna xitam verildikdə;
Birlikdən çıxması barədə ərizə verdikdə.
Birlikdən çıxan və ya xaric edilən üzv Birlik qarşısında olan borclarını ödəməli və öhdəliklərini yerinə yetirməlidir.