Ümumi yığıncaq Birliyin ali idarəetmə orqanıdır. Növbəti ümumi yığıncaq ildə bir dəfədən az olmayaraq idarə heyəti tərəfindən çağırılır. Növbədənkənar ümumi yığıncaq isə idarə heyəti tərəfindən onun öz təşəbbüsü ilə və ya Birlik üzvlərinin azı 20 faizinin tələbi ilə çağırılır.
Aşağıdakı məsələlər ümumi yığıncağın müstəsna səlahiyyətinə aiddir:
nizamnamədə dəyişikliklərin edilməsi;
idarə heyətinin və digər orqanların üzvlərinin seçilməsi;
Birliyin illik büdcəsinin, hesabatının (büdcənin icrası haqqında daxil olmaqla), iş planlarının və suyun paylanması cədvəlinin təsdiq edilməsi;
su haqlarının və cərimələrin miqdarının təsdiq edilməsi;
Birliyin ləğv edilməsi.
Birliyin nizamnaməsində ümumi yığıncağın digər səlahiyyətləri də nəzərdə tutula bilər.
Birliyin xidmət göstərdiyi ərazi kənd, kanal və ya torpaq sahələri üzrə nümayəndəlik zonalarına bölünür və hər zonadan nümayəndə seçilir.
Ümumi yığıncaqda üzvlərin nümayəndələri, Birliyin üzvlərinin sayı çox deyildirsə, onların özləri iştirak edirlər.
Ümumi yığıncaqda qərarın qəbul edilməsi üçün yetərsay üzvlərin və ya onların nümayəndələrinin yarısından çoxunun iştirakıdır. Ümumi yığıncaqda üzvlərin nümayəndəsi iştirak edirsə, həmin üzvlər səsvermə hüququ olmadan iştirak edə bilərlər. Ümumi yığıncaqda nizamnamədə dəyişikliklərin edilməsinə və Birliyin ləğv edilməsinə dair qərarlar səslərin üçdə iki, digər qərarlar isə sadə səs çoxluğu ilə qəbul olunur.