Şəxsiyyət haqqında məlumat qanunla müəyyən edilmiş qaydada toplanır, işlənir və mühafizə olunur. Məlumatın aldatma, hədə-qorxu və başqa qanunsuz vasitələrlə toplanması qadağandır.
Qanunla müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyəti zamanı əldə edilən məlumatlar, habelə cinayət işinin istintaqı ilə əlaqədar toplanılan məlumatlar istisna olmaqla, şəxsiyyətin onun haqqında məlumatın toplanması ilə əlaqədar aşağıdakı hüquqları vardır:
onun haqqında toplanan məlumatla tanış olmaq;
məlumat toplanması vaxtı onun haqqında toplanan məlumatın hansı məqsədlə və necə, həmin məlumatın kim tərəfindən istifadə olunmasını bilmək;
məlumatda dəqiqləşdirmələr aparılmasını tələb etmək.
Şəxsiyyətin onun haqqında məlumatların toplanılması ilə bağlı “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq digər hüquqları da vardır.
Qanunvericiliyə müvafiq surətdə dövlət orqanlarının topladığı məlumatların kənar şəxslər tərəfindən əldə etməsinə yol verilmir.
Şəxslər haqqında məlumatın saxlanılması qanuni məqsədlər üçün qanunvericiliklə müəyyən edilmiş zəruri olan müddətdən çox ola bilməz.
Qanunvericilikdə nəzərdə tutulmamış hallarda gizli şəkildə məlumatın alınması üçün nəzərdə tutulan texniki vasitələrdən istifadə etmək, poçt və teleqraf göndərişlərini yoxlamaq, telefon danışıqlarına qulaq asmaq qadağandır.
Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq media subyektlərinin nümayəndələri və başqa şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.