7.1. İstehsalçının bu Qanunun 6.1-ci maddəsi ilə müəyyən edilən məlumat toplusunun məzmununun tam və ya əhəmiyyətli hissəsinin götürülməsinə qarşı çıxmaq hüququna həmin toplunun məzmununun digər şəxslər tərəfindən tam, yaxud əhəmiyyətli hissəsinin istənilən üsulla və formada başqa daşıyıcıya daimi və ya müvəqqəti köçürülməsinə icazə vermək, yaxud qadağa qoymaq hüququ daxildir.
7.2. İstehsalçının bu Qanunun 6.1-ci maddəsi ilə müəyyən edilən məlumat toplusunun məzmununun tam və ya əhəmiyyətli hissəsinin təkrar istifadəsinə qarşı çıxmaq hüququna həmin toplunun məzmununun tam və ya əhəmiyyətli hissəsinin digər şəxslər tərəfindən hər hansı üsulla kütləyə çatdırılmasına, o cümlədən nüsxələrin yayılmasına, kirayəyə verilməsinə, çap qurğusu ilə bilavasitə əlaqədə ötürülməsinə icazə vermək və ya qadağa qoymaq hüququ daxildir.
7.3. İstehsalçı istənilən formada qeyri-müəyyən şəxslər dairəsinə təqdim olunmuş məlumat toplusunun məzmununun (kəmiyyət və keyfiyyətcə) əhəmiyyətli olmayan hissələrinin hansı məqsədlə həyata keçirilməsindən asılı olmayaraq götürülməsinə və (və ya) təkrar istifadəsinə bu toplunun qanuni istifadəçisinə qadağa qoya bilməz. Qanuni istifadəçinin məlumat toplusunun yalnız bir hissəsinin götürülməsinə və (və ya) təkrar istifadəsinə icazə aldığı halda bu bənd ancaq həmin hissəyə aid edilir.
7.4. Məlumat toplusunun nüsxəsinin hüquq sahibi tərəfindən və ya onun razılığı ilə ilk satışı təkrar alqı-satqıya nəzarət hüququnun xitamına səbəb olur.
7.5. Məlumat toplusunun ictimai məqsədlər üçün istifadəyə buraxılması onun məzmununun tam və ya əhəmiyyətli hissəsinin götürülməsi və ya təkrar istifadəsi sayılmır.