QanunvericilikAzərbaycan Respublikasının Mənzil Məcəlləsi › Maddə 110

Maddə 110. Mənzil-tikinti kooperativlərinə üzvlük

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

110.1. Mənzil-tikinti kooperativinin üzvlərinin sayı beşdən az, lakin kooperativin inşa etdiyi çoxmənzilli binada yaşayış və inşası nəzərdə tutulduğu hallarda qeyri-yaşayış sahələrinin sayından çox ola bilməz.

110.2. Bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyadan olan vətəndaşların Azərbaycan Respublikasının dövlət orqanları və ya bələdiyyələrin dəstəyi ilə təşkil edilən mənzil-tikinti kooperativlərinə üzv olmaqda üstünlük hüququ vardır.

110.3. Qalan üzvlərin sayının beşdən az olmaması şərti ilə pay haqqını tam ödəmiş və ona ayrılmış yaşayış (qeyri-yaşayış) sahəsinə mülkiyyət hüququnu əldə etmiş mənzil-tikinti kooperativi üzvünün müvafiq sahəyə mülkiyyət hüququnu özündə saxlamaqla mənzil-tikinti kooperativindən çıxmaq hüququ vardır.

110.4. Mənzil-tikinti kooperativinin binasında mülkiyyət hüququ ilə yaşayış (qeyri-yaşayış) sahəsi əldə etmiş şəxsin binanın idarə edilməsində iştirak etməsi məqsədi ilə həmin mənzil-tikinti kooperativinə üzv olmaq hüququ vardır.

110.5. Mənzil-tikinti kooperativinə üzvlüklə bağlı digər məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin kooperativlər haqqında müvafiq müddəaları ilə tənzimlənir.

110.6. Mənzil-tikinti kooperativinin üzvünün payının özgəninkiləşdirilməsi ilə əlaqədar əqdlər notariat qaydasında təsdiqlənməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver