"Dövlət büdcəsi vəsaitinin istifadəsinə nəzarətin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 fevral tarixli 196 nömrəli Fərmanının 2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Mərkəzi icra hakimiyyəti orqanı yanında yaradılan və fəaliyyət göstərən dövlət agentlikləri, dövlət xidmətləri və onlara bərabər tutuları digər dövlət qurumlarına onların fəaliyyəti üzrə ayrılmış məqsədli büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməsi üzərində müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən nəzarətin həyata keçirilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 30 mart 2005-ci il
Bu Qaydalar "Dövlət büdcəsi vəsaitinin istifadəsinə nəzarətin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 fevral tarixli 196 nömrəli Fərmanına uyğun olaraq, müvafiq mərkəzi icra hakimiyyəti orqanı yanında yaradılan və fəaliyyət göstərən dövlət agentlikləri, dövlət xidmətləri və onlara bərabər tutulan digər dövlət qurumlarına (bundan sonra - dövlət qurumları) onların fəaliyyəti üzrə ayrılmış məqsədli büdcə və büdcədənkənar əməliyyatlardan əldə edilmiş vəsaitlərin (bundan sonra – büdcə vəsaitləri) təyinatı üzrə istifadə edilməsi üzərində müvafiq sahədə dövlət siyasətini həyata keçirən müvafiq mərkəzi icra hakimiyyəti orqanı (bundan sonra - müvafiq mərkəzi icra hakimiyyəti orqanı) tərəfindən nəzarətin həyata keçirilməsini tənzimləyir.
1. Dövlət qurumları üçün dövlət büdcəsində məqsədli büdcə vəsaitləri ayrıca sətirlə nəzərdə tutulur, onlar müvafiq büdcə vəsaitlərinin sərəncamçısıdırlar və həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsini həyata keçirirlər.
2. Ayrılmış məqsədli büdcə vəsaitləri dövlət qurumları tərəfindən tərtib edilmiş və həmin sahədə dövlət siyasətini həyata keçirən müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş proqramlar və icmal xərclər smetaları əsasında istifadə olunur.
3. Mövcud qanunvericiliyə uyğun olaraq dövlət qurumları və onların tabeliyində olan idarə və təşkilatlar üçün aidiyyəti üzrə xəzinədarlıqda müstəqil xəzinə hesabları açılır və bütün maliyyə əməliyyatları həmin hesablar vasitəsilə həyata keçirilir.
4. Təsdiq olunmuş icmal xərclər smetasının göstəriciləri əsasında dövlət quruları tabeliklərində olan idarə və təşkilatların xərclər smetasını təsdiq edirlər.
5. Dövlət qurumlarına ayrılmış büdcə vəsaitlərinin istifadəsi üzərində cari nəzarəti qanunvericiliklə müəyyən edilmiş digər dövlət orqanları ilə yanaşı, bu sahədə dövlət siyasətini həyata keçirən müvafiq mərkəzi icra hakimiyyəti orqanı da həyata keçirir.
6. Müvafiq mərkəzi icra hakimiyyəti orqanı dövlət qurumlarının fəaliyyəti ilə əlaqədar məqsədli büdcə vəsaitlərinin istifadəsinə dair lazım olan bütün məlumatları tələb etmək hüququna malikdir.
7. Mövcud qanunvericiliklə nəzərdə tutulmuş hallarla yanaşı, büdcə vəsaitinin dövlət qurumları tərəfindən istifadəsi üzərində nəzarət dövlət qurumlarının dövri maliyyə hesabatlarının və maliyyə-təsərrüfat fəaliyyətlərinin təhlili yolu ilə müvafiq mərkəzi icra hakimiyyəti orqanının rəhbərinin əmri və ya sərəncamı ilə həvalə edilmiş struktur bölməsi tərəfindən aparılır.
8. Müvafiq mərkəzi icra hakimiyyəti orqanının müvafiq struktur bölməsi dövlət qurumlarına ayrılmış büdcə vəsaitlərinin təyinatı üzrə səmərəli və düzgün istifadə edilməsinə nəzarəti təmin etmək məqsədilə müəyyən edilmiş qaydada dövlət qurumlarının onlara təqdim etdikləri rüblük maliyyə hesabatlarına əsasən rübdə bir dəfədən çox olmamaqla təhlillər aparır, zərurət yaranarsa, dövlət qurumlarının tabeli təşkilatları üzrə müvafiq məlumatları tələb edir.
9. Müvafiq mərkəzi icra hakimiyyəti orqanının müvafiq struktur bölməsi dövlət qurumlarının təqdim etdikləri dövri maliyyə hesabatlarında və maliyyə-təsərrüfat fəaliyyətlərində təhlillə aşkar edilmiş uyğunsuzluğun və ya qanun pozuntusunun, həmçinin məqsədli büdcə vəsaitlərinin təyinatdan kənar məqsədlərə və ya nəzərdə tutulduğundan artıq xərclənməsi hallarının və səbəblərinin aradan qaldırılması üçün tədbirlər görməlidirlər.
10. Müvafiq qanunvericiliklə nəzərdə tutulmuş hallarla yanaşı, dövlət qurumlarında və ya onun tabeli təşkilatlarında təhlil və təftişlərin aparılması üçün müvafiq mərkəzi icra hakimiyyəti orqanının rəhbəri digər səlahiyyətli mərkəzi icra hakimiyyəti və dövlət orqanlarına rəsmi müraciət edə bilər.
11. Müvafiq mərkəzi icra hakimiyyəti orqanı dövlət qurumlarının fəaliyyəti üzrə ayrılmış məqsədli büdcə vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsini müəyyən etdikdə, habelə əvvəllər ayrılmış vəsaitlərin xərclənməsinə dair hesabatlar təqdim edilmədikdə, həmin vəsaitlər üzrə maliyyələşmənin məhdudlaşdırılması barədə səlahiyyətli mərkəzi icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldıra, dövlət qurumlarının rəhbərlərinə xəbərdarlıq edə və ya qanunvericiliklə müəyyən edilmiş digər tədbirləri görə bilər.
12. Ayrılmış məqsədli büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsinə görə dövlət qurumlarının rəhbərləri məsuliyyət daşıyır, mövcud qanunvericiliklə nəzərdə tutulmuş hallarla yanaşı, tabeliyində olduğu müvafiq mərkəzi icra hakimiyyəti orqanına rübdə bir dəfədən az olmayaraq büdcə vəsaitlərinin istifadəsi barədə mühasibat hesabatı və bu orqanın tələbi ilə digər zəruri olan məlumatı və sənədləri təqdim etməyə borcludurlar.
13. Müvafiq mərkəzi icra hakimiyyəti orqanı fəaliyyət göstərdiyi sahə üzrə dövlət siyasətinin həyata keçirilməsi, iqtisadiyyatın səmərəliliyinin artırılması və bu sahənin gələcək inkişafının təmin edilməsi məqsədilə dövlət qurumlarından müəyyən olunmuş tarixlərdə növbəti ilin büdcə proqnozu göstəriciləri üzrə əsaslandırılmış layihələrin, investisiya proqramları barədə təkliflərin müvafiq qaydada səlahiyyətli mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edilməsinə nəzarəti həyata keçirir.
14. Müvafiq mərkəzi icra hakimiyyəti orqanı dövlət qurumlarının fəaliyyəti üzrə ayrılmış məqsədli vəsaitlərin prioritet sahələrin inkişafına yönəldilməsinə, qəbul olunmuş məqsədli dövlət proqramlarının həyata keçirilməsinə nəzarət edir.
22 sentyabr 2018-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 sentyabr 2018-ci il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1938)