Qanunvericilik › Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə qaydaları haqqında (Nazirlər Kabinetinin qərarı, 30.10.1998) › Tam mətn

Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə qaydaları haqqında (Nazirlər Kabinetinin qərarı, 30.10.1998)

Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə qaydaları haqqında (Nazirlər Kabinetinin qərarı, 30.10.1998) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə qaydaları haqqında

Azərbaycan Respublİkası Nazİrlər KabİnetİnİN Qərarı

“Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Meşə Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 693 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə qaydaları təsdiq edilsin (əlavə olunur).

2. “Dövlət meşə fondunun ərazisində turizm düşərgələrinin və istirahət bazalarının yerləşdirilməsinə icazələrin verilməsi qaydası barədə” Azərbaycan SSR Nazirlər Sovetinin 1985-ci il 7 may tarixli 151 nömrəli qərarı öz qüvvəsini itirmiş hesab edilsin.

3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

Bakı şəhəri, 30 oktyabr 1998-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 30 oktyabr tarixli 219 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR

1. Bu Qaydalar meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadəni tənzimləyir.

2. Mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər (bundan sonra meşə istifadəçisi adlandırılır) meşə fondu sahələrindən Azərbaycan Respublikası Meşə Məcəlləsinə uyğun elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə müraciət etməlidirlər.

Təqdim olunmuş ərizə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, baxılır və imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq bir ay müddətindən gec olmamaqla meşə istifadəçisi ilə müqavilə bağlanılır.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərizəyə baxarkən məsələyə dair yerli meşə təsərrüfatı orqanlarının rəyini və şərtlərini əsas tutmalıdır.

Müqavilə bağlanılmadığı halda meşə istifadəçisinə onun səbəbləri göstərilməklə rəsmi izahat verilir.

Ovçuluq təsərrüfatlarının aparılması məqsədilə meşə fondu sahələrinin ov yerləri azı 10 il müddətində hüquqi və fiziki şəxslərin istifadəsinə verilə bilər.

3. Müqavilə, kütləvi meşə servitutu istisna olmaqla, meşə fondundan istifadənin növü, yeri, miqdarı, vaxtı, şərtləri və qiyməti göstərilməklə meşə istifadəçisinə əsaslı tikinti aparılmadan meşə fondu müvafiq sahələrindən müvəqqəti istifadə hüququ verir.

4. Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə zamanı meşə istifadəçisi aşağıdakılara əməl etməyə borcludur:

meşə fondu sahələrindən mövcud qanunvericiliyə uyğun istifadə etmək;

müqavilənin şərtlərinə əməl etmək, meşə fondundan istifadə üçün haqları vaxtında ödəmək;

istifadə olunan sahənin və onun ətrafının zibillənməsinə yol verməmək, digər sanitariya qaydalarına əməl etmək;

sahəyə mal-qaranın buraxılmasına yol verməmək;

istifadə olunan sahəyə bitişik meşənin qanunsuz qırılmasına yol verməmək;

istifadəyə verilmiş meşə fondu sahələrindən meşə yanğını təhlükəsizliyi qaydalarına riayət etmək və ərizədə yanğın baş verdikdə onun söndürülməsini təmin etmək;

meşə təsərrüfatına vurulmuş zərər və itkini müəyyən qaydada bərpa etmək və ya dəymiş ziyanı ödəmək.

5. Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə hüquqi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərarı ilə aşağıdakı hallarda məhdudlaşdırıla və ya dayandırıla bilər:

meşə fondu sahələrindən istifadə zamanı Azərbaycan Respublikasının meşə qanunvericiliyinə əməl edilmədikdə;

müqavilənin şərtləri pozulduqda;

meşə fondu sahələrinin səmərəli istifadəsini, mühafizəsini, qorunmasını və bərpasını, ölkənin müdafiəsini və dövlətin təhlükəsizliyini təmin etmək, əhalinin sağlamlığını, ətraf mühiti, tarixi-mədəni və təbii irsi, fiziki şəxslərin hüquqlarını və qanuni mənafelərini qorumaq zəruriliyi yarandığı hallarda.

Meşə fondu sahələrindən istifadə hüququnun məhdudlaşdırılmasına və dayandırılmasına səbəb olan şərait və şərtlər aradan qaldırıldıqda bu hüquq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tam həcmdə bərpa olunur.

Meşə istifadəçisi onun meşə fondu sahəsindən istifadə hüququnun məhdudlaşdırılması və ya dayandırılması barədə qərarla razılaşmadıqda məhkəməyə şikayət edə bilər.

6. Meşə istifadəçisi rəsmi ərizə əsasında meşə fondu sahələrindən istifadə hüququndan imtina etdikdə, müqavilənin müddəti başa çatdıqda, fəaliyyəti dayandıqda, Azərbaycan Respublikasının Meşə Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda onun meşə fondu sahələrindən istifadə hüququna Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xitam verilir.

7. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə fondu sahələrindən istifadə hüququna yalnız aşağıdakı hallarda məcburi xitam verə bilər:

meşə istifadəçisi tərəfindən Azərbaycan Respublikasının meşə qanunvericiliyi pozulduqda;

fövqəladə vəziyyət törədən qəza, təbii fəlakət və bu kimi başqa hadisələr baş verdikdə;

meşə istifadəçisi tərəfindən meşə fondu sahələrinin istifadə haqqının müəyyən olunmuş müddətdə ödənilmədikdə;

meşə istifadəçisi tərəfindən müqavilədə nəzərdə tutulmuş şərtlər pozulduqda;

meşə istifadəçisi tərəfindən yanğın təhlükəsizliyi qaydalarına əməl edilmədikdə;

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsi barədə meşə istifadəçisinə rəsmi xəbər verməlidir.

8. Meşə istifadəçisi Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və şərtlərlə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı ilə meşə fondu sahəsindən istifadə hüququnu özünün hüquqi varisi olmayan şəxsə müqavilə əsasında verə bilər.

9. Meşə istifadəçisi olan şəxs vəfat etdikdə ona məxsus istifadə hüququ qanunvericilikdə müəyyən olunmuş qaydada başqa şəxslərə keçə bilər.

Meşə istifadəçisi hüquqi şəxs kimi yenidən təşkil edildikdə ona məxsus istifadə hüququ Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada yeni yaranan hüquqi şəxsə keçir.

Meşə fondu sahələrindən istifadə hüququnun başqasına keçməsi müqavilədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəyişikliklər etmək yolu ilə rəsmiləşdirilir.

10. Meşə fondu sahələrindən elmi tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə müqaviləsinin forması Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanır və təsdiq edilir.

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 oktyabr 1999-cu il tarixli 161 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 10, maddə 595)

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 2004-cü il tarixli 123 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 9, maddə 741)

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2004-cü il tarixli 129 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 9, maddə 745)

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver