Meşə təsərrüfatı ilə bağlı bəzi normativ hüquqi aktlar haqqında
Azərbaycan Respublİkası Nazİrlər KabİnetİnİN Qərarı
“Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Meşə Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 693 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Meşə fondu sahələrinin bir ilə qədər qısamüddətli istifadəyə verilməsi qaydası”, “Meşələrin monitorinqinin həyata keçirilməsi qaydası”, “Meşə quruluşu işlərinin aparılması qaydası” və “Meşə fondu haqqında məlumatın fiziki və hüquqi şəxslərə verilməsi qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə
Bakı şəhəri, 7 dekabr 1998-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 7 dekabr tarixli 230 nömrəli qərarı ilə
1. Mülkiyyət və təşkilatı hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər (bundan sonra istifadəçi adlandırılır) bu Qayda əsasında meşə fondu sahələrini bir ilə qədər qısamüddətli istifadə edə bilərlər.
2. Meşə fondu sahələrinin bir ilə qədər qısamüddətli istifadəyə götürülməsi üçün istifadəçi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə müraciət etməlidir.
Ərizədə istifadəçinin soyadı, adı, atasının adı (hüquqi şəxslərin hüquqi adı), ünvanı, meşə fondu sahələrinin istənilən yeri və istifadə növləri göstərilir.
Təqdim olunan ərizə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq qaydada qeydə alınır və imtina üçün əsas olmadıqda bir ay müddətində meşə istifadəçisi ilə meşə fondu sahələrinin qısamüddətli istifadəyə verilməsinə dair müqavilə bağlanılır.
Müqavilə bağlanılmadığı halda istifadəçiyə onun səbəbləri göstərilməklə rəsmi izahat verilir.
3. Meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahələrinin bu məqsəd üçün müqavilə bağlanıldığı vaxtdan və orada göstərilən müddətə qədər əldə edilir.
4. Meşə fondu sahələrindən istifadə zamanı istifadəçinin hüquqları Azərbaycan Respublikasının Meşə Məcəlləsi ilə tənzimlənir.
5. Meşələrin, habelə meşə ilə örtülü olmayan meşə fondu torpaqlarının səmərəli istifadəsini, mühafizəsini, qorunmasını və bərpasını, ölkənin müdafiəsini və dövlətin təhlükəsizliyini təmin etmək, əhalinin sağlamlığını, ətraf mühiti, tarixi-mədəni və təbii irsi, fiziki şəxslərin hüquqları və qanuni mənafelərini qorumaq zəruriliyi yarandığı hallarda meşə fondu sahələrindən istifadə hüququ qanunvericilikdə müəyyən olunmuş qaydada məhdudlaşdırıla və ya dayandırıla bilər.
6. Meşə fondu sahələrinin bir ilə qədər qısamüddətli istifadəyə verilməsinə dair müqavilə forması Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanır və təsdiq edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 7 dekabr tarixli 230 nömrəli qərarı ilə
1. Meşələrin monitorinqi meşə fondundan istifadənin, onun mühafizəsinin, qorunmasının və meşələrin bərpasının, ekoloji və ehtiyat funksiyalarının artırılması məqsədilə aparılır.
2. Meşələrin monitorinqi meşə fondunun vəziyyətinin və dinamikasının qiymətləndirilməsi və proqnozlaşdırılması sistemindən ibarətdir.
3. Meşələrin monitorinqi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir.
4. Meşə monitorinqi aşağıdakı prinsiplər əsasında aparılır:
meşələrin ekoloji funksiyalarını tam öyrənmək məqsədilə müşahidə yerlərinin, təbiət və təbii amillər nəticəsində geosistemdə gedən dəyişikliklərin istiqamətinin və dinamikasının müəyyənləşdirilməsi;
meşələrin əhəmiyyətini, bioloji xüsusiyyətlərini, təbii və iqtisadi şəraitini nəzərə almaqla səmərəli istifadəsi meşə təsərrüfatının effektli aparılması;
müşahidələrin aparılmasında, məlumatların toplanmasında təhlilində, ümumiləşdirilməsində yeni texnologiyalardan, yerli və aerokosmik üsullardan, müxtəlif xəritə materiallarından istifadə edilməsi.
5. Monitorinq müşahidələrin nəticələri təhlil olunaraq meşələrin vəziyyəti, bitki örtüyünün deqradasiyasına səbəb olan əsas amillər öyrənilir, meşə fondunun kəmiyyət və keyfiyyət dəyişmələri qiymətləndirilir, proqnozlaşdırılır və məhsuldarlığının yüksəldilməsinə düzgün istiqamət veriləcək xəritə, sxemlər, texnologiya və tövsiyələr hazırlanır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 7 dekabr tarixli 230 nömrəli qərarı ilə
1. Meşə fondu ərazisində meşə quruluşu işləri bu Qayda əsasında vahid sistem üzrə aparılır.
2. Meşə quruluşu işləri meşə fondundan səmərəli istifadəsini, meşə təsərrüfatının effektli aparılmasını, bu sahədə vahid elmi-texniki siyasətin həyata keçirilməsini təmin etməyə yönəldilmiş tədbirlərdən ibarətdir.
3. Meşə quruluşu işləri meşə fondu ərazisində perspektiv dövr üçün meşə təsərrüfatının aparılmasının təşkili və onun inkişafı üçün tədbirlərin hazırlanması yollarını göstərmək, meşələrin bərpasını, qorunmasını, səmərəli istifadəsini təmin etmək və onların məhsuldarlığını və mühitqoruyucu rolunu artırmaq məqsədilə aparılır.
4. Meşə quruluşu işlərinin aparılması Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aşağıdakı əsas tələblərə riayət etməklə həyata keçirilir:
ötən dövrün meşə quruluşu materiallarının, meşələrin inventarlaşdırma sənədlərinin, meşə təsərrüfatı üzrə elm və istehsalat nailiyyətlərinin istifadə edilməsi;
meşə təsərrüfatının təşkili və inkişafı üzrə layihələrin hazırlanması;
meşə təsərrüfatının sərhədlərinin təyin olunması, ərazinin təsərrüfatdaxili təşkili, meşə ilə örtülü sahələrin araşdırılması;
meşəbərpa qırıntısını və meşədən istifadənin digər növlərini, qırma qaydalarını və qırıntının həcmini təyin etmək üçün meşə sərvətlərinin cins, yaş tərkibinin, vəziyyətinin habelə meşə ehtiyatlarının keyfiyyət və kəmiyyət göstəricilərinin təhlili;
relikt (qədim dövrdən dəyişməmiş) meşə bitkilərinin, xüsusi qoruyucu və xüsusi qorunan meşə sahələrinin aşkara çıxarılması;
meşələrin aralıq istifadə üçün qorunmasını, meşəsalma, meliorasiya, meşələrin mühafizəsi, qorunması, digər meşə təsərrüfatı tədbirlərinin görülməsini tələb edən meşə fondu sahələrinin aşkara çıxarılması və bu tədbirlərin aparılması üsullarının müəyyən edilməsi;
meşəbərpa, meşəsalma, meşələrin mühafizəsi və qorunması tədbirlərinin, həmçinin digər meşə təsərrüfatı işlərinin həcminin və bu tədbirlərin aparılması üçün müvafiq sahələrin müəyyənləşdirilməsi;
meşələrin bərpası və onların yetişdirilməsi məqsədilə meşə-bioloji və digər xüsusi müayinələrin aparılması və meşəbərpa yollarının təyin edilməsi;
meşələrin qoruyucu kateqoriyalara aid edilməsinin və bir qoruyucu kateqoriyadan digərinə keçirilməsinin əsaslandırılması;
topoqrafik-geodeziya işlərinin görülməsi, meşələrin xüsusi xəritələrinin hazırlanması, meşə xəstəliklərinin və ziyanvericilərinin öyrənilməsi;
qanunvericilikdə nəzərdə tutulmuş digər meşəquruluşu işlərinin həyata keçirilməsi.
5. Meşə quruluşu zamanı meşə fondunun meşə quruluşu layihələri tərtib edilir. Layihələrdə ötən dövr ərzində meşə təsərrüfatının aparılmasına və meşə fondunun istifadəsinə qiymət verilir, onun gələcək dövrdə təşkilinin və aparılmasının əsas müddəaları göstərilir.
Həmin layihələr Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq edilir və Azərbaycan Respublikasının Meşə Məcəlləsində nəzərdə tutulmuş hallarda, ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin hazırlanması, meşə təsərrüfatının aparılması, onun cari və perspektiv proqnozlaşdırılması, habelə meşə təsərrüfatı işlərinin maliyyələşdirilməsi üçün əsasdır.
6. Meşə quruluşu işləri aparılmadan meşə təsərrüfatı və meşədən istifadə işlərinin həyata keçirilməsi qadağandır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 7 dekabr tarixli 230 nömrəli qərarı ilə
1. Bu Qayda “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa və digər hüquqi normativ aktlara əsasən, informasiya məhdudlaşdırılmış məlumatlar istisna olmaqla, meşə fondu barədə bütün növ məlumatlara şamil edilir.
2. Meşə fondu haqqında məlumata meşələrin dövlət uçotu, dövlət meşə kadastrı, meşələrin monitorinqi, meşə quruluşu işlərinin göstəriciləri, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun tabeçiliyində olan təsərrüfatlar tərəfindən öz funksiyalarını yerinə yetirdikləri zaman əldə olunan sair məlumatlar daxildir.
3. Meşə fondu haqqında məlumat Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi sərəncamında olmaqla, bu Qaydaya uyğun olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən fiziki və hüquqi şəxslərə verilir.
4. Meşə fondu haqqında məlumat fiziki və hüquqi şəxslərə arayış, hesabat, cədvəl və sair materiallar şəklində təqdim oluna bilər. Tərkibindən, mahiyyətindən, təhlil dərəcəsindən, istifadəçilərin kateqoriyasından və sair amillərdən asılı olaraq, əvvəlcədən tirajını təyin etmə və başqa şəxslərə verilməmək şərti ilə, meşə fondu barədə məlumat ödənişsiz və ya ödənişli verilir.
5. Meşə fondu haqqında məlumat Azərbaycan Respublikasının dövlət idarəetmə orqanlarına ödənişsiz verilir.
Bu məlumat elmi-tədqiqat, tədris və qeyri-kommersiya məqsədləri üçün də ödənişsiz verilə bilər.
Digər hallarda meşə fondu haqqında məlumat fiziki və hüquqi şəxslərə ödənişli verilir.
6. Meşə fondu haqqında məlumatın ödəmə dərəcələri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə razılaşdırılaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq edilir. Ödənişli məlumatdan əldə olunan vəsait meşələrin qorunub saxlanması və təkrar istehsalı fonduna daxil edilir.
7. Fiziki və hüquqi şəxslər meşə fondu haqqında məlumatı almaq məqsədilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəsmi müraciət etməlidirlər və bu məlumatı tərəflər arasında bağlanmış müqavilələr əsasında (istifadə şərtləri göstərilməklə) istifadə edirlər.
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 oktyabr 1999-cu il tarixli 161 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 10, maddə 595)
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49)
3. 25 dekabr 2019-cu il tarixli 501 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2082)