Qanunvericilik › Meşə təsərrüfatı sahəsinə dair bəzi normativ hüquqi aktlar haqqında (Nazirlər Kabinetinin qərarı, 08.11.1999) › Tam mətn

Meşə təsərrüfatı sahəsinə dair bəzi normativ hüquqi aktlar haqqında (Nazirlər Kabinetinin qərarı, 08.11.1999)

Meşə təsərrüfatı sahəsinə dair bəzi normativ hüquqi aktlar haqqında (Nazirlər Kabinetinin qərarı, 08.11.1999) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Meşə təsərrüfatı sahəsinə dair bəzi normativ hüquqi aktlar haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Meşə Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 693 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar meşə istifadəçilərinə dəyən ziyanın ödənilməsi Qaydası” və “Köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatlarının məcburi sertifikatlaşdırılmasının təşkili və aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli 343 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəsizliyi təmin ediləcək məhsulların siyahısı”na “Köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatları” sözləri əlavə edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 8 noyabr 1999-cu il

1. Bu Qayda meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar mülkiyyət və təşkilatı hüquqi formasından asılı olmayaraq, meşə fondu sahələrindən istifadə hüququ verilən hüquqi və fiziki şəxslərə (bundan sonra – meşə istifadəçiləri) dəyən ziyanın ödənilməsini müəyyənləşdirir.

2. Meşə təsərrüfatının idarə edilməsi (meşə, habelə meşə ilə örtülü olmayan meşə fondu torpaqlarının səmərəli istifadəsi, mühafizəsi, qorunması və bərpası), meşə fondundan istifadə ilə əlaqədar olmayan məqsədlər üçün meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və meşə fondu torpaqlarının dövlət ehtiyacları ilə əlaqədar meşə istifadəçilərinə müqavilə, meşəqırma bileti, order və ya meşə bileti əsasında verilən meşə fondu torpaqları geri alına bilər.

Meşə fondu torpaqlarının dövlət ehtiyacları üçün alınması “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

3. Meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar meşə istifadəçilərinə dəyən ziyanın müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı əsasında 10 gün müddətində aşağıdakı tərkibdə komissiya yaradır:

yerli meşə təsərrüfatı müəssisəsinin rəhbəri;

Maliyyə Nazirliyinin yerli orqanının nümayəndəsi;

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi;

yerli icra hakimiyyəti orqanının nümayəndəsi.

Meşə fondu torpaqları qeyri-meşə torpaqlarına keçirildikdə (su qovşaqlarının, boru kəmərlərinin, yolların, elektrik xətlərin tikintisi zamanı və s.) bu torpaqları istifadə edəcək fiziki və hüquqi şəxslərin nümayəndəsi komissiyanın tərkibinə daxil edilir.

4. Komissiya müvafiq meşə istifadəçisinin iştirakı ilə və onun təqdim etdiyi sənədlər əsasında (müqavilə, meşəqırma bileti, order, meşə bileti, meşə əkinlərinə, plantasiyalara, tingliklərə, meyvə bağlarına və yeniyetmələrin yetişdirilməsinə sərf olunan xərclər barədə sənədlər, geri alınan meşə fondu torpaqlarında meşə istifadəsi ilə bağlı tikilən müxtəlif tipli müvəqqəti yaşayış və təsərrüfat tikililərinin qurulması barədə məlumatlar və s.) bir ay müddətində yerlərdə lazımi müşahidələr apararkən meşə istifadəçisinə dəyən ziyanı müəyyənləşdirir və bu barədə üç nüsxədən ibarət akt tərtib edir (nümunəsi əlavə olunur). Həmin sənəd imzalanarkən yerli icra hakimiyyəti orqanının möhürü ilə təsdiq edilir.

Aktın bir nüsxəsi komissiya tərəfindən yerli icra hakimiyyəti orqanına, bir nüsxəsi müvafiq meşə istifadəçisinə, bir nüsxəsi isə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir.

Komissiya üzvləri baxılmış məsələ ilə bağlı yekdil fikrə gəlmədikdə tərtib olunmuş akta fikir ayrılığına dair arayış əlavə olunur.

5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi komissiyanın aktı əsasında bir ay müddətində müvafiq qərar qəbul edir və meşə fondu torpaqlarının geri alınması məqsədindən asılı olaraq aşağıdakı mənbələrdən meşə istifadəçilərinə dəyən ziyanı ödəyir:

meşə fondu torpaqları meşə təsərrüfatının idarə edilməsi ilə əlaqədar geri alındıqda-meşələrin qorunub saxlanması və təkrar istehsalı fondunun vəsaitləri hesabına;

meşə fondu torpaqları meşə fondundan istifadə ilə əlaqədar olmayan məqsədlər üçün qeyri-meşə torpaqlarına keçirildikdə - bu torpaqları istifadə edəcək fiziki və hüquqi şəxslər tərəfindən müvafiq meşə təsərrüfatının həmin torpaqların kadastr qiyməti əsasında hesablanmış və ödənilmiş dəyəri hesabına;

Komissiyanın aktı ilə razılaşmadığı halda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həmin müddətdə meşə istifadəsinə və müvafiq yerli icra hakimiyyəti orqanına rəsmi məlumat verməlidir.

6. Meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar meşə istifadəçilərinə dəyən ziyanın ödənilməsinə dair tərtib olunmuş aktı və ya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu barədə qərarı ilə razılaşmadığı halda meşə istifadəçisi inzibati qaydada və ya aidiyyəti məhkəməyə şikayət edə bilər.

"____" _________________ 1999-cu il

_______________________________

Komissiyanın tərkibi:

yerli meşə təsərrüfatı müəssisənin rəhbəri;

Maliyyə Nazirliyinin yerli orqanının nümayəndəsi;

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi;

yerli icra hakimiyyəti orqanının nümayəndəsi.

Meşə fondu torpaqları qeyri-meşə torpaqlarına keçirildikdə, (su qovşaqlarının, boru kəmərlərinin, yolların, elektrik xətlərin tikintisi zamanı və s.) bu torpaqları istifadə edəcək fiziki və hüquqi şəxslərin nümayəndəsi.

__________________________________________________________ ünvanda yaşayan

iştirakı ilə geri alınan meşə fondu torpaqlarında müşahidələr aparılmışdır.

Geri alınan meşə fondu torpaqları (sahələri) haqqında məlumat:

1. Meşə fondu sahələrindən istifadə hüququnu müəyyən edən sənədlər (müqavilə, meşəqırma bileti, order, meşə bileti, qırıntı yerlərinin (sahələrinin) pul-qiymət cədvəli və müayinə aktı (əlavə olunur).

2. Meşə əkinlərinə, plantasiyaları, tingliklərə, meyvə bağlarına və yeniyetmələrin yetişdirilməsinə sərf olunan xərclər barədə sənədlər.

3. Meşə istifadəsi ilə bağlı tikilən müxtəlif tipli yaşayış və təsərrüfat tikililərinin qurulması və onların qiymətləndirilməsi barədə məlumat.

Geri alınacaq meşə fondu torpaqları (sahələri) _______________ hektar.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 8 noyabr tarixli 174 nömrəli qərarı ilə təsdiq edilmiş meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar meşə istifadəçilərinə dəyən ziyanın ödənilməsi Qaydasını rəhbər tutaraq komissiya ödəmə miqdarını

Komissiyanın üzvləri:

1. Bu Qayda köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatlarının məcburi sertifikatlaşdırılmasının təşkili və aparılmasını tənzimləyir.

2. Köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatları Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdimatı əsasında Azərbaycan Respublikasının akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən sertifikatlaşdırılır.

Azərbaycan Respublikasının akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar təqdim olunmuş sənədləri bir ay müddətində təhlil edərək müəyyən olunmuş qaydada dövlət sınağından keçmiş və qeydiyyata alınmış köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatlarının sertifikatlaşdırılmasına dair qərar qəbul edir.

Sertifikatlaşdırma Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli 343 nömrəli qərarı ilə təsdiq edilmiş "Milli Sertifikatlaşdırma Sistemi haqqında Əsasnamə"yə uyğun aparılır.

3. Köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatlarının məcburi sertifikatlaşdırılmasında əsas mənbə kimi onların bioloji xüsusiyyətləri, yüksək keyfiyyətli, fitosanitariya və ekoloji normativləri və digər parametrləri götürülür.

4. Azərbaycan Respublikasının akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən qəbul olunmuş qərar əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatlarına uyğunluq nişanı və nişanlama hüququ verən sertifikat verir.

5. Köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatlarının sertifikatı bu məhsulların satışı və istifadəsi üçün əsas sənəddir.

6. Köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatlarının sertifikat formaları müvafiq qaydada Milli Sertifikatlaşdırma Sistemində qəbul edilmiş formada tərtib olunur, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən təsdiq edilir.

1. 10 mart 2004-cü il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №3, maddə 193)

2. 7 yanvar 2005-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49)

3. 22 may 2006-cı il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 472)

4. 21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32)

5. 23 avqust 2010-cu il tarixli 156 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №08, maddə 765)

6. 4 noyabr 2015-ci il tarixli 354 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1418)

7. 30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817)

8. 5 avqust 2023-cü il tarixli 282 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 avqust 2023-cü il, “Xalq” qəzeti, 10 avqust 2023-cü il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, II kitab, maddə 1265)

9. 22 sentyabr 2025-ci il tarixli 279 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 30 sentyabr 2025-ci il, № 209, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 879)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver