Qanunvericilik › Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.1.1. aktiv məşğulluq tədbirləri – işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, işaxtarışına və özünüməşğulluğuna kömək göstərilməsi, peşəyönümünün, peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin formalaşdırılması məqsədi ilə onlar üçün xüsusi proqramların tətbiqinə yönəldilən tədbirlər;

1.1.2. əmək bazarı – işçi qüvvəsinə olan tələb və təklifin məcmusu;

1.1.3. fərdi məşğulluq proqramı – işsiz, habelə bu Qanuna əsasən aktiv məşğulluq tədbirlərinə cəlb edilən işaxtaran şəxsin işə düzəlməsinə və əmək bazarına qaytarılmasına kömək məqsədilə məşğulluq imkanlarının qiymətləndirilməsi əsasında hazırlanan, aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü, ardıcıllığını və icra müddətini, habelə işsizlikdən sığorta ödənişinin verilməsini və iş axtarışını müəyyən edən elektron sənəd;

1.1.4. fərdi məşğulluq vərəqi – işaxtaran və işsiz şəxsə dair fərdi məlumatlardan, o cümlədən təhsili və peşəsi (ixtisası) barədə məlumatlardan, məşğulluq tarixçəsi, habelə təklif olunan münasib iş və aktiv məşğulluq tədbirləri, onların icra vəziyyətinə dair məlumatlardan ibarət elektron sənəd;

1.1.5. haqqı ödənilən ictimai işlər – müvəqqəti məşğulluğun təmin edilməsi məqsədi ilə bu Qanuna uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləri;

1.1.6. işsiz şəxs – işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs;

1.1.7. işaxtaran – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) münasib iş üçün və bu Qanunda nəzərdə tutulmuş hallarda aktiv məşğulluq tədbirləri ilə bağlı müraciət edən və işaxtaran kimi qeydiyyata alınan şəxs;

1.1.8. kvota – sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin işlə təmin edilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən işəgötürənlər üçün müəyyən edilmiş iş yerlərinin (işçilərin) minimum sayı;

1.1.9. qeyri-formal məşğulluq – Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq əmək müqaviləsi (kontrakt) və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki hüquqi müqavilə bağlanılmadan müəyyən fəaliyyətin yerinə yetirilməsi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq sahibkarlıq fəaliyyətinin və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadənin rəsmiləşdirilmədən həyata keçirilməsi, eləcə də “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli özünüidarəetmə orqanlarında uçota durmadan ailə kəndli təsərrüfatının təşkili nəticəsində qazanc (gəlir) əldə edilməsi;

1.1.10. məşğulluq – Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra - şəxslər) Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və qazanc (gəlir) gətirən hər hansı fəaliyyəti;

1.1.11. məşğul şəxslərin reyestri – bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan məşğul şəxslər barəsində fərdi məlumatlardan, onların təhsili, iş yeri, vəzifəsi (peşəsi) və ya yerinə yetirdiyi iş (xidmət) barədə məlumatların məcmusu;

1.1.12. qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən orqanlar – qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması sahəsində nəzarət tədbirlərini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar (qurumlar);

1.1.13. nəzarət tədbirləri – “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində nəzərdə tutulan tədbirlər;

1.1.14. müvəqqəti məşğulluq – şəxsin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq mövsümi işlərə, bu Qanunla müəyyən edilmiş qaydada haqqı ödənilən ictimai işlərə cəlb edilməsi və ya əmək birjaları vasitəsilə müəyyən müddət ərzində ictimai faydalı fəaliyyəti;

1.1.15. özünüməşğulluq – şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi;

1.1.16. peşə standartları – konkret peşə sahəsi üzrə işçinin yerinə yetirməli olduğu işin məzmununa və əmək şəraitinə qoyulan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum tələblərin məcmusu;

1.1.17. peşə hazırlığı – işaxtaran və işsiz şəxslərin əmək bazarının tələbatına uyğun olaraq təhsil müəssisələrində ixtisasa (peşəyə) və (və ya) yeni ixtisasa (peşəyə) yiyələnmək üçün bu Qanunun tələbləri nəzərə alınmaqla, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq peşə təhsili alması;

1.1.18. sığorta ödənişi – “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş sığorta hadisəsi baş verdikdə, sığortaolunana sığortaçı tərəfindən ödənilən aylıq pul vəsaiti;

1.1.19. sərbəstləşdirilən işçilər – dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil olunması, fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar əmək münasibətlərinə xitam verilmiş şəxslər;

1.1.20. sosial müəssisə – sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün yaradılan ixtisaslaşdırılmış hüquqi şəxs;

1.1.21. sosial iş yeri – işaxtaranlar və işsiz şəxslərin məşğulluğunu təmin etmək və işəgötürənləri həvəsləndirmək məqsədi ilə işəgötürənin vakansiya bankına təqdim olunmuş boş iş yeri üzrə işçinin əməkhaqqının bir hissəsinin bu Qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən maliyyələşdirilən iş yeri;

1.1.22. sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər – əlilliyi olan şəxslər, şəhid ailəsinin üzvləri, 20 yaşadək gənclər, 1 və ya daha çox uşağını təkbaşına böyüdən, 5 və daha artıq uşağı olan, habelə əlilliyi olan uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, məcburi köçkünlər;

1.1.23. ştat vahidlərinə dair cədvəl – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi (bundan sonra - elektron informasiya sistemi) tərəfindən işəgötürənlərin bu Qanunun 7.2-ci maddəsinə uyğun olaraq daxil etdikləri məlumatlar əsasında yaradılan cədvəl;

1.1.24. vakansiya – işəgötürənin boş olan və işçi tələb edilən iş yeri;

1.1.25. vakansiya bankı – işəgötürənin boş olan və işçi tələb edilən iş yerlərinin, habelə yeni yaradılan iş yerlərinin elektron informasiya ehtiyatı;

1.1.26. yeni iş yeri – işəgötürən tərəfindən mövcud ştat vahidlərinə əlavə olaraq yaradılmış iş yeri;

1.1.27. məqsədli proqramlar – sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması məqsədilə iş yerlərinin yaradılmasının bu Qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilməsini nəzərdə tutan aktiv məşğulluq tədbiri.

1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu və başqa normativ hüquqi aktlar ilə müəyyən edilmiş mənaları verir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver