18.1. İşəgötürənlər dövlət məşğulluq siyasətinin həyata keçirilməsinə aşağıdakı əsaslarla kömək göstərirlər:
18.1.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq əmək münasibətlərini tənzimləyən əmək müqavilələrinin (kontraktların), kollektiv müqavilələrin və ya sazişlərin şərtlərinə əməl edilməsi;
18.1.2. istehsalatın dayandırılması və ya işçilərin sərbəstləşdirilməsi təqdirində onların müdafiəsi üçün kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi;
18.1.3. əlavə təhsil üçün şəraitin yaradılması və əlavə təhsilin təşkili;
18.1.4. sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin bu Qanunla müəyyən olunmuş qaydada işə düzəldilməsi;
18.1.5. peşə standartlarının hazırlanması və tətbiqi, həmçinin peşə bacarıqlarının artırılması və qiymətləndirilməsi işinin həyata keçirilməsində iştirak edilməsi.
18.2. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürənlər işdən çıxarılacaq işçilərin peşəsini, ixtisasını və əməkhaqqının məbləğini göstərməklə, onların sərbəstləşdiriləcəyi barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilən xəbərdarlıq müddətindən az olmayaraq əvvəlcədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat verməlidirlər. Bu məlumat Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron informasiya sistemi vasitəsilə təqdim edilməlidir.
18.3. İşəgötürənlər yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 (beş) iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada elektron informasiya sisteminə daxil etməlidirlər.
18.6. İşəgötürənlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə gəlmiş şəxsləri onlara bilavasitə müraciət etmiş şəxslərlə bərabər əsaslarla işə qəbul edirlər.
18.7. İşəgötürən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi təqdim edildiyi gündən ən geci 5 (beş) iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarını qəbul edərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə daxil etməlidir.
18.8. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, xarici dövlətlərin hüquqi və fiziki şəxsləri, beynəlxalq təşkilatlar, eləcə də vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilən və Azərbaycan Respublikasının Mülki, Əmək, Miqrasiya və Vergi məcəllələrinə uyğun olaraq fəaliyyət göstərən işəgötürənlər özlərinin işçi qüvvəsinə olan tələbatını (rəhbər və mütəxəssis vəzifələri də daxil olmaqla), ilk növbədə, yerli kadrlardan istifadə etməklə və onların hazırlanması vasitəsilə ödəməlidirlər.
18.9. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə uyğun olaraq işəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi olan işçilərin işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar.