Qanunvericilik › Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 24

Maddə 24. Özünüməşğulluğa kömək göstərilməsi

Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

24.1. İşsiz, habelə bu Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir və aşağıdakı mərhələlərdən ibarətdir:

24.1.1. özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi;

24.1.1-1. təcrübəsinin, peşəsinin (ixtisasının), məşğulluq tarixçəsinin, maddi rifahının, habelə şəraitinin özünüməşğulluğa cəlb edilməyə uyğunluğunun müəyyən edilməsi məqsədilə ilkin monitorinqin həyata keçirilməsi;

24.1.2. əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə kömək edilməsi;

24.1.3. özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasında yardım edilməsi, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi;

24.1.4. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra - əmlak) 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi;

24.1.5. özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində monitorinqi.

24.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin müqavilə müddəti ərzində monitorinqini (o cümlədən elektron monitorinqini) aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə daxil etməlidir.

24.3. Özünüməşğulluğa cəlb olunmuş şəxs ona bu Qanunun 24.1.4-cü maddəsinə uyğun olaraq müqavilə əsasında verilmiş əmlakdan 6 (altı) ay ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarır.

24.4. Özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə, özgəninkiləşdirdikdə, digər şəxsin istifadəsinə verdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir.

24.5. Bu Qanunun 24.3-cü maddəsində göstərilən bazar qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən özünüməşğulluğa cəlb olunmuş şəxsin iştirakı ilə əmlakın qaytarıldığı gündən çoxu 1 (bir) ay əvvəl eyni (analoji) əmlak üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir.

24.6. Bu Qanunun 24.3-cü maddəsinə uyğun olaraq özünüməşğulluğa cəlb olunmuş şəxsə verilmiş əmlak geri alındıqda və bu əmlakın digər özünüməşğulluğa cəlb olunmuş şəxsə verilməsi mümkün olmadıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həmin əmlak açıq hərracların keçirilməsi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən satılır.

24.7. Özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qanunun 24.3-cü və 24.4-cü maddələrinə uyğun olaraq ona verilmiş əmlakın dəyərini qaytarmaqdan və ya həmin əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən imtina etdikdə tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur.

24.9. Özünüməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlilliyi olan şəxslərə, şəhid ailəsinin üzvlərinə, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir.

24.10. İşsizlikdən sığorta ödənişini alan işsiz şəxslər özünüməşğulluğa cəlb edilmirlər.

24.11. Özünüməşğulluğunun təşkili qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

24.12. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu Qanunun 24.2-ci maddəsinə uyğun olaraq özünüməşğulluğa cəlb olunmuş şəxslərin fəaliyyətinin müqavilə müddətində monitorinqini (elektron monitorinq istisna olmaqla) aparan işçilərinə nəqliyyat xərcləri üçün “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19.0.2.5-ci maddəsində nəzərdə tutulmuş vəsait hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə kompensasiya ödənilir.

24.13. Bu Qanunun 24.1.3-cü maddəsində nəzərdə tutulmuş təlimlərin keçirilməsi ilə bağlı “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19.0.2.5-ci maddəsində nəzərdə tutulmuş vəsait hesabına ödənilən təlim xərclərinin, o cümlədən təlim materiallarının hazırlanması xərcləri və təlimçilərə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver