Qanunvericilik › Milli təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 17

Maddə 17. Azərbaycan Respublikasının iqtisadi sahədə milli təhlükəsizliyin təmin olunması

Milli təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

17.1. Azərbaycan Respublikasının iqtisadi sahədə milli təhlükəsizliyinin təmin olunması Azərbaycan Respublikasının milli iqtisadiyyatının və iqtisadi münasibətlərinin inkişafına təhlükə yaradan daxili və xarici amillərdən qorunmasıdır.

17.2. Azərbaycan Respublikasının iqtisadi sahədə milli təhlükəsizliyinin təmin olunması üçün aşağıdakı tədbirlər görülür:

17.2.1. Azərbaycan Respublikasının iqtisadi potensialının artırılması və bazar münasibətlərinin inkişaf etdirilməsi yolu ilə iqtisadi müstəqilliyinin təmin olunması;

17.2.2. ölkə iqtisadiyyatının inkişafını təmin edən təbii ehtiyatların, energetika əsaslarının və tranzit imkanlarının qorunması və möhkəmləndirilməsi;

17.2.3. ölkədaxili və beynəlxalq maliyyə təsisatları arasında qarşılıqlı sərfəli əməkdaşlığın gücləndirilməsi, daxili və xarici maliyyə ehtiyatlarının ölkə iqtisadiyyatının inkişafına yönəldilməsi;

17.2.4. Azərbaycan Respublikasının iqtisadi potensialının qorunması məqsədi ilə büdcə vəsaitlərinin və dövlət ehtiyatlarının səmərəsiz istifadəsinə yol verilməməsi;

17.2.5. iqtisadiyyatın inkişafının təmin edilməsi məqsədi ilə bank sisteminin təkmilləşdirilməsi;

17.2.6. iqtisadiyyatda dövlət idarəetməsinin təkmilləşdirilməsi;

17.2.7. iqtisadiyyatda qeyri-mütənasib inkişafın qarşısının alınması;

17.2.8. iqtisadi sahədə həyata keçirilən sosial yönümlü islahatların hüquqi təminatının təkmilləşdirilməsi;

17.2.9. milli məhsulların rəqabət qabiliyyətinin artırılması məqsədi ilə yerli istehsalçıların hüquqlarının müdafiə olunması;

17.2.10. enerji ehtiyatlarının istehsalı, nəqli, nəqliyyat dəhlizinin istismarı ilə bağlı layihələrin həyata keçirilməsi vasitəsi ilə Azərbaycan Respublikasının dünya iqtisadiyyatına inteqrasiyası;

17.2.11. iqtisadi fəaliyyət sahəsində cinayətkarlığa qarşı mübarizə aparılması.

17.3. Azərbaycan Respublikasının sənaye potensialının saxlanılması və möhkəmləndirilməsi üçün dövlət xarici sərmayəçilərə verilmiş zəmanətlərə riayət etməklə, xarici hüquqi və fiziki şəxslərin iştirakı ilə yaradılmış müəssisələrin istifadəsinə, yaxud mülkiyyətindəki iqtisadi obyektlərin vəziyyətinə və istismarına nəzarəti həyata keçirir.

17.4. Azərbaycan Respublikasının strateji ehtiyatlarının istifadəsi üzrə müqavilələrin bağlanmasında və yerinə yetirilməsində milli təhlükəsizliyin təmin olunması tələbləri mütləq nəzərə alınır.

17.5. Azərbaycan Respublikasında daxili bazarın vahid və müstəqil maliyyə sisteminin, milli valyutanın qorunması, maddi və maliyyə vəsaitlərinin ölkə hüdudlarından qanunsuz çıxarılmasının qarşısının alınması, kommunikasiya və energetika sisteminin fasiləsiz və etibarlı fəaliyyətinin təmin olunması məqsədi ilə kompleks tədbirlər həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver