8.1. Minatəmizləmə fəaliyyətinin keyfiyyətinə nəzarət çərçivəsində tələblərdə və standart əməliyyat prosedurlarında nəzərdə tutulmuş qaydada həmin fəaliyyətin monitorinqi və təhlükəli ərazilərin təmizləmə keyfiyyətinin qiymətləndirilməsi həyata keçirilir.
8.2. Keyfiyyətə nəzarət zamanı icraçı tərəfindən tələblərin və standart əməliyyat prosedurlarının pozulması halı aşkar edildikdə səlahiyyətli qurum icraçıdan pozuntunun aradan qaldırılmasını tələb edir.
8.3. İcraçı 15 (on beş) gün müddətində bu Qanunun 8.2-ci maddəsində nəzərdə tutulmuş pozuntunun aradan qaldırılmasını təmin etməli və bununla bağlı görülmüş işlərə dair səlahiyyətli quruma rəsmi qaydada məlumat verməlidir.
8.4. Səlahiyyətli qurumun pozuntunun aradan qaldırılmasına dair tələbi icra edilmədikdə və ya bu Qanunun 8.3-cü maddəsinə uyğun olaraq məlumat verilmədikdə, icraçının təhlükəli ərazidəki fəaliyyəti həmin pozuntular aradan qaldırılanadək səlahiyyətli qurum tərəfindən dayandırılır.
8.5. Minatəmizləmə fəaliyyəti tamamlanmış ərazilər səlahiyyətli qurum tərəfindən təmizləmə keyfiyyətinin qiymətləndirilməsi aparıldıqdan sonra tələblərə uyğun olaraq rəsmiləşdirilir.